02.05.2015

İlya Zemtsov. Oğurlanmış respublika -7

İlya Zemtsov: “Partiya, yoxsa mafiya? Oğurlanmış respublika- Azərbaycan”

VII hissə: 1969-cu ildə vəzifələrin “satış” qiyməti necə idi?

Heydər Əliyev qapalı müşavirədə bu rəqəmləri elan etmişdi

Müəllif İlya Zemtsov 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində şöbə rəisi işləyib. Sonradan Azərbaycanda əldə etdiyi təəssüratlar və faktlar əsasında kitab yazıb

Susmağın əvəzi...

Ciddi bir qayda formalaşıb: birinci katibi tənqid edirlər, o özünə haqq qazandırmağa cəhd belə göstərmir, müqəvva kimi susur. Səbəbi aydındır: Kim günahkar deyil ki? Sabirabad rayon partiya komitəsinin katibi Bulayev öyrənir ki, onun yeri satılıb. Katiblər arasında “kişi sövdələşməsi”  bağlanmışdı: “diri” vəzifəyə heç kim pul vermirdi. “Vurulmuş” yer uğrunda mübarizə aparmaq olar, açıq alqı- satqıda iştirak etmək mümkündür. 
100-200 min rubla qədər... Kim çox verir. Bulayev yaxşı işləyirdi, vaxtında hamının haqqını verirdi, onun qonşusu olan rayonun katiblərindən biri daha varlı rayona tamah saldı. Deyirlər, təşkilat şöbəsinin müdiri Bağırova 300 min rubl rüşvət verdi. Bulayevə vəzifədən getmək təklif edildi. Ona qarşı ədalətsizlik edilmişdi. Bulayev şikayət etmədi, düşündü ki, bundan birinci katib Axundovun da xəbəri olmamış deyil. Yaxud çoxillik partiya təcrübəsi onu daha ağır nəticələrdən çəkindirdi. Bulayevin nəzakətliliyini MK-da qiymətləndirdilər. Onu Qəbələyə birinci katib göndərdilər. Özü də bunu Azərbaycanda görünməyən formada - təmənnasız  etdilər. Azərbaycan KP MK-nın birinci katibi şöhrət qazanmış adamdı və təvazökarlığı qiymətləndirə bilirdi.
Katiblərin işi həddindən çox sahəni əhatə edirdi, hər sahədə də narazılar, donquldananlar vardı.
***
Bu həyat heç də həmişə bal dadmır. Partiya məktəblərində verilən təhsil və ixtisaslaşma tam təkmil deyil. Qərar qəbul edərkən “sinfi həssaslığa” bel bağlamağa məcbur olurdular. SSRİ-də bir qayda yaranmışdı: şikayət ərizəsi tədbir görülmək üçün... günahkarın... üstünə göndərilirdi, demokratik mərkəzləşmə prinsipi belə idi.
Prinsip prinsipdir, insanlar da insan: Mərkəzi Komitədə  xəsis baxışlarla başqasının bədbəxtliyinə sevinən şöbə müdirləri az deyildi. Rayon partiya komitəsinin katiblərinə inanılmış və ağzı bütöv adamlar da lazımdı.
***
Aşağıların əməyi və cəsarəti sayəsində qazanılan pulun az məbləği aşağılarda - sexlərdə, mağazalarda qalırdı. Qalanı ikinci rüşvət dayanacağında vəzifə və səlahiyyətə görə bölüşdürülürdü. Partiya-sovet təsərrüfatı sahəsində işləyən kiçik məmurlara da haqq çatırdı. Azərbaycan KP MK-da, Ali Sovetdə, Nazirlər Sovetində çalışan adamların da payı verilirdi. Burada vəzifəyə görə bölgü aparılırdı.

Nazirlərin və rayon rəhbərlərinin qiyməti

1969-cu ildə Azərbaycan tamam bölüşdürülmüşdü. Bütün  partiya kadrlarının təyinatı MK-nın təşkilat şöbəsinə tapşırılmışdı: Bağırovun xəbəri və razılığı olmadan bir kadr belə təyin edilə bilməzdi. Onlar da taarif cədvəli hazırlamışdılar: birinci katibin təyinat qiyməti 200 min rubl, ikincininki isə 100 min rubl idi. Kənd (sovxoz və kolxozlar) katib Seyidovun toxunulmaz malikanəsi sayılırdı. Burda da dəqiq qiymətlər qoyulmuşdu. Kolxoz sədri 50 min rubl, sovxoz direktoru 80 min rubl verməli olurdu.
Sənaye Əmirovun təsərrüfatı hesab edilirdi. Zavod və fabrik direktorları 10 mində başlayır,- 100 min rublda qurtarırdı.
Mədəniyyət, incəsənət və elm sahəsi MK katibi Cəfərovun əlində cəmləşmişdi. Burda da hər şey satılır və alınırdı. Akademik olmaq 50 min rubl, elmi-tədqiqat institutu direktoru olmaq üçün 40 min rubl rüşvət vermək lazım gəlirdi. İnstitut və universitet rektorları 200 min rubl ödəyirdilər. Dram, Opera və Gənc Tamaşaçılar teatrlarının direktorları 10-30 min arası rüşvət verirdilər. 
İnzibati orqanlar formal olaraq ikinci katibə tabe idi. Respublikalarda ikinci katibin vəziyyəti qeyri-müəyyən və ziddiyyətli idi. Zahirən, o, respublikada Moskvanın Mərkəzi hakimiyyətini təmsil edirdi, fövqəladə səlahiyyət sahibi sayılırdı. Dövlət Təhlükəsizlik Komitəsi birbaşa ona tabeydi, birinci katibin işini də o qiymətləndirirdi. Amma milliyyətcə rus olması zəruri olaraq nəzərdə tutulan ikinci katibin səlahiyyətləri ilə statusu ziddiyyət təşkil edirdi. O, birinci katib ola bilməzdi, çünki bu, yerli millətin statusu olan vəzifə sayılırdı. Birinci katibin vəzifədən getməsi onu da pis vəziyyətdə qoyurdu, ya geriyə, Moskvaya çağırılırdı, ya da birinci ilə birlikdə o da işdən çıxarılırdı. O, respublikanı təftiş etməkdən daha çox qanunsuzluqları ört-basdır edirdi.
***
Bəs vəzifələr necə qiymətləndirilirdi? Tələb olan yerdə təklif, təklif  olan yerdə tələb vardı. Vəzifənin imkanları qiymətə çox təsir göstərirdi. Məsələn, ticarət naziri olmağın qiyməti Sosial Müdafiə naziri olmaqdan 2-3 dəfə baha başa gəlirdi. Meliorasiya Nazirliyi kənd təsərrüfatından 3-4 dəfə ucuzdu. Daxili İşlər naziri ilə Yüngül Sənaye naziri olmağın qiyməti eyni idi. Birincidə satılan cinayətlər çoxdu, ikincidə pul gətirən sexlər. Məsələn, Azərbaycanın Ticarət naziri olmaq Qafarova, onun yerinə gəlmiş Bəşirzadəyə 250 min rubla başa gəlmişdi. Kommunal Təsərrüfat naziri olmaq üçün Topçiyev 150 min rubl, Sosial Təminat Nazirliyinə Seyidməmmədov 120 min rubl ödəmişdi. Bu rəqəmləri Heydər Əliyev 1970-ci ilin martında keçirilən qapalı plenumda məruzəsində demişdi.
***
Bəs istehsalı olmayan nazirliklərdə bu pul necə qazanılırdı? Hər yerdə yüngül sənaye sexləri yaradılırdı. Məsələn, Sosial Təminat Nazirliyinin korlar və karlar cəmiyyətinin 92, Mədəniyyət Nazirliyinin teatrlar cəmiyyətinin 32, Mənzil Kommunal Təsərrüfatının 21 sexi vardı.

Katiblər üçün “kəsilən faizlər”

Partiyanın təlimatları və tapşırıqları çox qısa olurdu: kolxozçuya aydınlaşdırın ki, kolxoz nə qədər varlı olsa, o da yaxşı yaşayacaq. Amma heç kim demirdi ki, onu necə inandırım, tarla və traktor kolxozundur. Necə deyərlər, özgəninki həmişə ucuzdur, onu niyə kolxozçu qorumalıdır. Amma astronomik tapşırıqlar verilirdi: hava işıqlanandan gecə yarıya qədər işləmək lazım gəlirdi. Planı ödəməlisən, ikinci bir yol qalmırdı. MK gözləyir, tələb edir, həm də hədələyirdi. Burda rəqəmləri şişirtmədən, gözdən pərdə asmadan necə keçinmək olardı? Bütün bunları görməsinlər, cinayət üstündə tutmasınlar deyə kimlərisə “görmək” lazımdır. Bir az da öz qara günün üçün saxlamaq gərəkdir.
Haradan alacaqsan bu pulu? Bircə mənbə vardı: kişilər üçün,- daha doğrusu qadınların əmək haqqından raykom, kənd soveti, müfəttiş üçün “faizlər” kəsiləcəkdi. Kəndliyə əlinin qabarını sağaltmağa maz almağa çatan qəpik-quruş qalacaqdı.

HAŞİYƏ: Cəlilabaddan oğurlanmış pullar

(Akif Allahverdiyevin söhbətindən). Sovet vaxtı bizim rayonda bir nəfər raykom katibi işləyirdi. O əslən dağ rayonundan idi. Bir gün həmin katib mənim briqadir işləyən bir qohumumu çağırıb dedi: “Mənim anam xəstədir. Həkimlər ona dağ balı yeməyi məsləhət görüblər. Mənim bir dostum var, o dağda yaşayır və arıçılıqla məşğul olur. Mənə arı balı göndərib. İstəyirəm ki, həmin balı rayona, anam üçün göndərim. Odur ki xahiş edirəm həmin balı rayona aparasan və anama verəsən”.
Danışır ki, səhər tezdən katibin yaşadığı evə gəldim. Balı götürəndə gördüm ki, bal 20 kiloqramlıq süd qadı olan alüminium flyaqadadır. Flyaqanı qaldıranda hiss etdim ki, o çox ağırdır. Deməli qab balla doludur. Flyaqanı maşının bağajına qoyub mühərriki işə saldım və katibə müraciətlə “Mən gedə bilərəm?”- dedim. O cavabında: “Yaxşı yol, ehtiyatlı ol, maşını çox da sürətli sürmə və balı anama çatdır”- dedi.
Rayondan çıxanda maşını bir az kənara çıxarıb saxladım. Baqajı açıb bala baxdım. Qab ağzınacan dolu idi. Hava isti olduğundan bal xarlaşmışdı. Qabın ağzını bağlayıb yola düzəldim. Maşında tək idim, uzun yol bom-boş idi. Demək olardı ki yol boyu maşın gözə dəymirdi. Nədənsə katibin dediyi sözlər yadıma düşdü: “Anam xəstədir, həkimlər ona dağ balı yeməyi məsləhət görüblər. Dağda yaşayan bir dostum mənə dağ balı verib, onu anama göndərirəm”. Birdən ağlıma gəldi ki bizim katib də dağdandır. Onun anası da hal-hazırda dağ rayonunda yaşayır. Necə ola bilər ki onların rayonunda balçılıqla məşğul olan yoxdur? Yox, burada nə isə müəmmalı bir şey var. Nə isə, şübhə məni götürdü. Sonra fikirləşdim ki, qoca arvaddır, bəlkə tanış-bilişi yoxdur? Bal tapa bilmədiyi üçün oğluna müraciət etməli olub? Axı oğlu raykom katibi işləyir, o lazım olan balı çox asanlıqla tapa bilər.
Nə isə, bu cür fikirlərlə Kürdəmir rayonuna çatdım. Hava çox isti olduğundan yolda yerləşən çayxananın yanında, kölgəlikdə maşını saxladım. Çay içmək üçün maşından düşdüm. Maşının bağajını açıb orada olan oxlova bənzər taxta parçasını götürdüm və onu balın içərisinə batırdım. Ağaca parçası balın içərisində nə isə bərk bir şeyə toxundu. Həmin əşyanı ağacın ucuna ilişdirib yavaş-yavaş qaldırdım. Balın içində salofan kulokunun olduğunu görəndə təəccübdən gözlərim bərəldi. Həmin kuloku flyaqanın ağzına qədər qaldırmalı oldum. Kulokun ağzını açdım. Kulokun içində bir kulok da vardı. Nəhayət axırıncı kuloku açanda onun içərisində kütüm-kütüm pul gördüm. Pullar min manat-min manat səflənərək rezinlə bərkidilmişdi. Kuloku tamam kənara çıxarmaq olmazdı, bal hər tərəfə dağıla bilərdi. Maşının baqajını bulayardı, arılar və digər həşəratlar balın iyinə axışardı. Odur ki balı kənara çıxarmaq fikrindən daşındım. Həm də çayxananın ətrafı adamlarla dolu idi. Ona görə pulları saymaq mümkün olmadı. Nə isə, pullardan üç büküm götürüb cibimə dürtdüm. Kulokların ağzını bağlayıb onu flyaqanın dibinə batırdım. Flyaqanın ağzını bağlayıb hər şeyi yerli-yataqlı etdim. Çayxanada bir neçə stəkan çay içəndən sonra yolumu davam etdirdim. Balı aparıb anasına təhvil verdim və rayona qayıtdım. Katibə də bildirdim ki balı sahibinə çatdırdım. O da razılığını bildirdi.
Amma ürəyim səksəkədə idi. Bilirdim ki katib anası ilə əlaqə saxlayacaq, pulun miqdarını öyrənəcək. Elə mənim fikirləşdiyim kimi də oldu. Bu hadisədən bir neçə gün sonra katib briqadaya gəldi. Görüşəndən sonra dedi: “Balı təhvil verdin?” Dedim ki, “bəli, balı anana çatdırdım”. O da cavabında söylədi ki balın hamısını verməmisən. Mən də heç bir şey olmamış kimi dedim ki, yoldaş katib, yolda bərk susamışdım, Kürdəmirdə çay içərkən baldan üç qaşıq götürdüm. Halal elə.
Bu sözümdən sonra katib heç bir söz demədən çıxıb getdi. Amma üç ay keçəndən sonra məni raykoma çağırıb partiya məsələmi büroda müzakirəyə qoydular. İclasda raykom katibi bildirdi ki, bu briqadir partiyanın tapşırığını yerinə yetirməib. Cavabında dedim: “Yoldaş katib, mən tapşırığa əməl etmişəm. Amma balla dolu flyaqadan vur-tut üç qaşıq götürüb yemişəm. Qalanını isə olduğu kimi xəstəyə vermişəm. Bundan ötrü mənim məsələmi nə üçün müzakirə edirsiniz?”
Katib bildirdi ki, xəstənin tam sağalması üçün bir flyaqa bal lazım idi. Sən isə ondan üç qaşıq götürmüsən. Xəstə də tam sağalmayıb. Ona görə də xəstəyə yenə də bal göndərməli olacağam. Bu məqsədlə xəstəyə 30 qaşıq bal lazımdır, özü də dağ balı. Onu da sən aparmalısan. Dağ balını haradan tapırsan tap, xəstə həmin balı yeməlidir. Əgər həmin miqdarda dağ balını tapıb xəstəyə aparmasan, sənin partiyada qalıb-qalmamağını həll edəcəyik. Üstəlik də cinayət məsuliyyətinə cəlb olunacaqsan.
Canımın dərdindən xəstənin öləcəyindən qorxaraq özümü dağa-daşa vurub otuz qaşıq bal tapmalı oldum. Aparıb xəstəyə verdim. Bununla da üç qaşıq bal əvəzinə 30 qaşıq verərək, canımı raykom katibinin əlindən qurtardım.

(Ardı var)                 azadliq.info    Surxay Hüseynli

Комментариев нет:

Отправить комментарий