IX hissə: Ev, ox, yay, süngü və çadır əlifbası
«DƏDƏ QORQUD» DASTANI. «Dədə Qorqud» kitabı dünya ölçüsündə olan klassik bir əsərdir. Türk oğuz-Azərbaycan ədəbiyyatının şah əsəridir. Bu əsər on iki dastan və bir müqəddimədən ibarətdir.
«Dədə Qorqud» dastanı qəhrəmanlıq dastanıdır, türk ellərinin cəsarət, igidlik və savaşdakı qəhrəmanlıqlarını bəyan edir. Bundan başqa köçəri həyat sürən oğuz ellərinin adət, yaşam və düşüncələri dastanda əsas yer tutmaqdadır. Burada vətənpərvərlik, qonaqsevərlik, ana və övlad məhəbbəti, qadınlara hörmət, mübarizlik, düşmənlərə nifrət, mərdlik, qəhrəmanlıq və bu kimi gözəl xüsusiyyətlər öz əksini tapmışdır.
Bu dastanlar nəzm və nəsr qisimlərinə ayrılır. Şeir hissəsi iki min beytə qədərdir və kitabın otuz beş faizini təşkil edir. Şeirləri ozanlar (aşıqlar) qopuz (saz) çalıb, müəyyən hava ilə oxuyurmuşlar. Bu sahələr üzvi surətdə bir-birinə bağlıdır, biri digərini tamamlayır.
«Dədə Qorqud» dastanı XV əsrdə yazıya alınmış, lakin VI-VII əsrlərin yadigarı olub, sonradan islami rəng almış (Bartold, Cefri, Levis, Əli Bəyzadə və başqalarının fikrincə) və Azərbaycan ərazisində baş verən hadisələrlə inkişaf edərək son şəklinə varmışdır.
«Dədə Qorqud» dastanlarında işlədilən dil Azərbaycan və Şəqi Anadolu dilinə digər türk dil və ləhcələrindən daha yaxındır, XIII-XIV əsrlərdə bu məntəqədə yaşayan oğuzların danışıq dili ilə eynidir.
«Dədə Qorqud» dastanı sonrakı xalq dastanlarımıza da mühüm təsir buraxmışdır. Buna yaxşı misal «Koroğlu», «Əsli və Kərəm», «Aşıq Qərib», «Qaçaq Nəbi» dastanlarıdır. Bu kimi dastanlarımız XVI sonra yaranmışdır.
Azərbaycanın konspiroloq intellektualı Həmid Herisçi «Koroğlu» eposunun tapılması barədə «Gecə kanalı» kitabında belə yazır:
«1721-ci ilin payızı Həştərxanda əvvəlkilərindən daha soyuq idi deyə camaat girişib öz isti komalarına- şəhərin küçələrində ins-cins gözə dəymir…
Xəzan yelinin tökdüyü yarpaqlar öz gözəlliklərini vəsf edəcək bircə şair belə tapmayıb nakamcasına künc-bucaqlarda qalıb çürüyür. Təbrizdən Həştərxana təşrif gətirmiş erməni taciri İlyas Muşeqyan bu yarpaqlara baxıb öz acı taleyini onlara tay bilir, sandıqçasında gizlətdiyi dəftərçəsini açıb, vaxtilə Təbriz aşıqlarının dilindən qələmə aldığı «Koroğlu» qoşmalarını oxumağa girişir. Allah mərdimazara lənət eləsin! Kim deyərdi ki, onun kitaba olan məhəbbəti Həştərxan kimi əclaf yerdə şübhəli görünəcək- onu İran cəsusu adlandırıb zindana atacaqlar. Dəftərçəsini isə götürüb Moskvaya, Xarici İşlər Nazirliyinin dəftərxanasına göndərəcəklər ki, orda baxıb görsünlər, hansı dövlət sirləri erməni hərifləri ilə ora qeyd olunub.
Bax belə, mənim əzizlərim! Həştərxan işverənləri yazıq İlyas Muşeqyanı absurdcasına özləri də bilmədən «İran cəsusu» adlandırıb onun çantasındakıları müsadirə etməsəydilər, «Koroğlu» dastanının ilkin qoşmaları gəlib bizlərə çatmazdı! Absurdizm gördüyümüz kimi, həmişə ədəbiyyatımıza qulluq edib, daim söz sənətimizi zənginləşdirib…»
***
Dastan dövrü ədəbiyyatında şeir sazla söylənirdi. Hələ yazı olmayan bu dövrdə sazla söylənən şeir və dastanlar illərin şifahi ədəbiyyatını meydana gətirmişdir.
Türk ellərində şeir qoşmaq adəti çox qədimdir. Türklər şeirə qoşuq, ya qoşqu deyirdilər. İlk şairlər şaman və ya din adamları olmuş, əllərində sazları ilə rəqs edərək, şeir söyləmişlər. Bu saza «qopuz», onu çalaraq şeir oxuyanlara «ozan», «baksı», «şaman» və s. deyirdilər.
Ozanlar dini mərasimlərdə, hər il təkrar olunan ov mərasimlərində (sığır), habelə matəm (yuğ) məclislərində, savaşlarda, toylarda (dini olmayan qonaqlıqlarda) qoşduqları şeirləri oxuyar, sazları ilə şeirlərin təsirini qüvvətləndirərək, xalqı ekstaza gətirərdilər.
***
Əski türk şeiri barəsində ən qədim nümunə və məlumat Çin qaynaqlarında mövcuddur. Bu şeirin tərcüməsi bizə məlumdur və e.ə. 119-cu ildə Hun şairi tərəfindən söylənmişdir. Bu şeir dördlük şəklindədir və hunların savaşda məğlub edildiklərinə, torpaqlarının bir parçsını əldən verdiklərinə ağlayaraq yazılmışdır. Bugünkü türkcəmizlə həmin şeir belədir:
Yençişan dağlarını itirdik,
Qadınlarımızın gözəlliyini aldılar.
Sılanşan yaylasını itirdik,
Heyvanlar bəslənəcək yeri də aldılar.
İkinci türk şeiri və ya ilk türkcə şeir Orxon yazılı abidələrində verilmiş Yulluq Təkin tərəfindən qoşulan VIII əsrə aiddir:
Bunca bitik bitikmə mən Kültigin atısı
Yolluq Tigin bitidim Yigirmi kün olurup
Bu taşka bu tamğa kop Yolluq Tigin bitidim.
Bugünkü türkcəmizdə:
Bu qədər yazılar yazan mən Gültəkinin atabəyi
(və ya yegəni- qardaşı, ya bacı oğlu)
Mən Yulluq Təkin yazdım.
Bu daşa damğa qoyub,
İyirmi gün oturub,
Mən Yulluq Təkin yazdım.
Bu şeirlər «Divani lüğət ət-türk»də verilən yeddihecalı şeirlərlə eynidir. Üçüncü misranın nəqarət şəklində təkrarlanması da aşıq şeirinə uyğun gəlir.
*****
İndi isə qədim türklərin yazılı abidələri haqqında danışaq.
YENİSEY YAZILARI. Bu yazılar məzar daşları üzərində qazılmışdır və V əsrə aid olduğu ehtimal edilir.
Yenisey yazıları o əsrlərdə Yenisey çayı ətrafında yaşayan qırğız və oğuz türklərinə aiddir. Bu yazıların hərfləri 159-dur və daha çox təsviri xarakter daşıyır
Barlıq (Varlıq) çayı kənarında tapılan və oğuz xanına aid olan yazılı daşda belə deyilir:
-Ər ərdəmi atım tapdım ərdəmi
-Öz Yigən Alp Turan altı oğuz budunda üç yigirmi (yaşımka) adırıldım.
-Bəg ərkimə sizimə adırıldım.
Bu günkü türkcəmizdə:
-Ər ərdəmi adımı tapdım ərdəmi (fəzilətli igid).
-Öz Yegin Alp Turan altı oğuz elindən 13 yaşında ayrıldım.
-Böyük iqtidarımdan, sizdən ayrıldım.
Bu yazı 13 yaşında ölən Öz Yegin Alp Turan adında oğuz elinin xanzadə və ya bəyzadəsinin məzar daşında həkk edilmişdir.
ORXON YAZILARI. Orxon yazıları Göktürk xaqan, şahzadə, vəzir və böyüklərinin məzar daşlarına qazılmış və VII-VIII əsrlərə aiddir. Bu tiklmiş yazılı daşlara göktürklər benkutaş (əbədi daş) deyirdilər və Orxon çayı yaxınlığıda olduqları üçün onlara Orxon yazıları, Orxon abidələri deyilməkdədir. Bu kitabələr çinlilərə qarşı istiqlal savaşı edən, türk birliyini yenidən qorumaq üçün içəridə və xaricdə savaşan görktürklərin dörd xaqanına vəzirlik etmiş Bilge Tonyukuqa aid olub, özü tərəfindən 720-ci ildə, ölümündən altı il qabaq yazıya alınmışdır. Kitabədəki xatirələrin yazıçısı da özüdür.
Digər iki kitab birincidən daha gözəl bir dil ilə, daha zəngn bilgi ilə Yulluq Tekin tərəfindən yazılmış və Gül Tekin ilə Bilge xaqanın məzarlarına qoyulmuşdur.
Gül Tekin abidəsi 732-ci ildə, Bilge xaqanınkı isə 735-ci ildə, yəni sahiblərinin ölümündən bir il sonra tikilmişdir.
Orxon daşları türkcə və Göktürk əlifbası ilə yazılmışdır. Daşların bir tərəfində isə Çin və türk dillərində Çin dostluğundan bəhs edilir.
Bu daşlardan başqa Öngın yazılı daşı Öngın çayı kənarında 692-ci ildə xaqan Kapağan tərəfindən böyük qardaşı Kutluq xaqanın məzarında tikilmişdir. Bir çox qaynaqlara görə isə, Öngın abidəsi tərxan İşbaraya aid olub, 720-ci ildə tikilmişdir.
Orxon yazıları XIX əsrin sonlarında rus alimləri tərəfindən tapılmış və 1893-cü ildə Danimarka alimi Tomsen tərəfindən oxunmuşdur.
Orxon və Göktürk əlifbası 38 hərfdən ibarət olub, dördü səsli, qalanı isə səssizdir. Orxon dilində 8 səsli fonem vardır. Hər səsli hərf incə və qalın olmaq üzrə, iki səsli fonemi göstərir. Bu əlifbaların mənşəyi haqqında tədqiqatçıların fikri müxtəlifdir. Bir çox müəlliflər bu əlifbanı türk mənşəli hesab etmişlər. Onların fikrinə görə, bu əlifba türk damğalarına (möhür) görə yaradılmışdır. Sonra bəzi hərflərin əşyalara bənzərliyi də (ev, ox, yay, süngü, çadır) bu hərflərin türk əsilli olduğunu isbat edir.
Qədim türkcədə bizke- bizə, oğlina- oğluna, yağıq- düşmən, qancıq- həyat yoldaşı, yolta- yolda, okun- oxla deməkdir.
GÜL TEKİN ABİDƏSİ. B abidə qardaqşı Bilge xaqan tərəfindən Gül Tekinin məzarı üzərində tikilmişdir. Yazı Yolluq Tekin tərəfindən yazılmış, lakin xitabə Bilge xaqanındır:
-Tenqri tək tenqri də bolmuş türk Bilge xaqan bu ötgə olurtum sabımın tükəti esitgil ulayu ini yegünün oğlanım biriki oğuşum, budunum, biriyə Şadapit begler, yiriya tarkat buyruq begler, otuz tatar…
-Tokuz oğuz begler buduni bu sabımın edgüti esid katiğdi tinqla: İlgerü kün toğsika, birigeru gün örtusinqaru kuriqaru kün batsikinqa, yiriqaru tün örtusinqaru anda içrəki budun köp mana görür, bunca budun.
-Köp itdim. Ol amti anyıq yok. Türk kaqan ötükən yış olursa iltə bunq yök…
Bugünkü türkcəmizdə:
-Tanrı kimi göydə olmuş Bilge xaqan bu zamanda taxta oturdum. Sözümü sonacan eşit, xüsusən qardaş oğlu, oğlum, bütün qohumum, millətim, güneydəki şadlar, bəylər, quzeydəki tərxanlar buyruq bəyləri, otuz tatar…
-Doqquz oğuz bəyləri, millətim! Bu sözümü yaxşı eşit, diqqətlə qulaq as. Şərqdə gündoğana, güneydə günortasına, qərbdə günbatana, quzeydə gecə ortasına qədər, onun içindəki millət hamısı mənə tabedir. Bu qədər millət.
-Hamısını nizama saldım, o indi pis deyildir. Türk xaqanı Otugen cəngəldə otursa, eldə sıxıntı və qəm yoxdur…
Sonra belə deyir: «Şərqdə şən türk ovasına qədər qoşun çəkdim. Az qaldı dəryaya yetişim. Qərbdə İnci nəhrini (Ceyhun) keçdim, Dəmir qapıya qədər qoşun çəkdim. Quzeydə Yırba Yırku yerinə qədər qoşun çəkdim, bu yerlərdən yeritdim. Otugen cəngəlindən daha yaxşısı yoxmuş. El (millət) tutan yer Otugen cəngəli imiş. Bu yedə oturub Çin milləti ilə saziş elədim. Qızılı, gümüşü, ipəyi, ipəkliyi sıxıntısız elə verir. Çin millətinin sözü şirin, ipək qumaşı yumşaq imiş. Şirin sözlər, yumşaq ipək qumaşla uzaq milləti tovlayıb, eləcə yaxınlaşdırmış. Yaxınlaşdırıb qonduqdan sonra, pis işləri o zaman düşünər, fikir edərmiş».
Bu başlanğıcdan sonra Bilge xaqan türk millətinə xitab edərək deyir ki, Otugen ormanlarından uzaqlaşmasan və uzaq yerlərə getməsən sənə zaval yoxdur, ey türk, mənim sözümü eşit, sən xaqanın sözünü eşitmədin və hər yerə getdin, orada zəlil və pərişan oldun.
Sonra öz əcdadı Bumın xaqan və İstəmi xaqandan bəhs edir, onların savaşlarından, qəhrəmanlıqlarından, türk millətinə etdikləri xidmətlərindən danışır. Sonra atası İltəriş xaqandan sözbət açır ki, anası İl Bilge xatun ilə birlikdə türk millətini birləşdirdi; «Çin, baz, doqquz oğuz, qırğız, koriqan və xitay kimi düşmənlərlə iyirmi dəfə savaşdı, xalqı əsarətdən qurtardı, bizim qanun və dəbimizi bərqərar etdi. Tanrı bizə lütf etdi. Atam xaqan millət və ölkəni qurtardı.
Türk oğuz bəyləri. Millət. Eşidin.
Üstdə yer tökülməyib, altda yer dəlinməsə, türk milləti elini, törəni (qanunu) kim poza bilər».
Bilge xaqan məzar daşı yazısında öz ailəsindən danışdıqdan sonra əvvəlki xaqanların səhvlərinə işarə edir və Çin siyasətini ifşa edib deyir ki, çinlilər hiyləgərdir. Bizim xalqımızı bir-birindən ayırıb özlərinə tabe etdilər. Kişilərimizdən nökər, qızlarımızdan kəniz tutdular. Türk bəyləri türk adını buraxıb, Çin xaqanına tabe oldular. Tanrı türk millətinin aradan getməsini istəmədiyi üçün, atam İltəriş və anam İl Bilge xatunu başından tutub yuxarı qaldırdı. Atam və anam xalqı yığıb, millətin düşmənləri ilə savaşdılar və türk millətinin istiqala yetirdilər.
Sonra öz işlərindən, savaşlarından bəhs edir və ikinci dəfə Göktürk dövlətinin təşkilindən danışarkən, atası İltəriş və vəziri Tonyukuqun xidmətlərini sadalayır.
İbrahim Sel (Ardı var)
Комментариев нет:
Отправить комментарий