26.05.2015

MİRZƏ MƏHƏMMƏD MÜDƏQQİQ ŞİRVANİ

İslamın görkəmli, savadlı alimlərini yada salmağın və onların hədəflərini gələcək nəsillərə tanıtdırmağın müasir dövrdə yaşayan insanlara çoxlu faydası olacağına ümidvarıq. Belə alimlər dünyasını dəyişsə də, heç vaxt unudulmur. Onların qoyub getdiyi elm xalqındır.

 Zəmanəsinin böyük həkimi, mütəfəkkiri, fəqih və alimi Mövla Məhəmməd oğlu Həsən Şirvani 17-ci əsrdə yaşayan islami şəxsiyyətlərdən biridir. O, Şirvan mahalında dünyaya gəlib. Alimlər arasında Mirzə Şirvani və ya Müdəqqiq Şirvani ləqəbi ilə tanınmışdır. İslam dininin ədəb və qanunları ilə müqəddimati təhsilini öz məntəqəsində aldıqdan sonra elmi dərəcəsini artırmaq məqsədilə o zamankı Səfəvi dövlətinin mərkəzi və dövrün məhşur islam elmi mərkəzlərindən biri olan İsfahan şəhərinə köçür. Əsrinin məhşur alim və fəqihi həkim Ağa Hüseyn Xorasaninin elmindən lazımınca istifadə edir. Bu təhsillə kifayətlənməyərək Nəcəfi-Əşrəf şəhərinə yollanır. Bu şəhərin tanınmış din xadimlərinin elmindən geniş surətdə bəhrələnərək yüksək elmi məqama çatır. Təhsilini təkmilləşdirən alim Nəcəfdəki ruhani tələbələrə bəzi elmləri tədris edir və özü kimi seçilmiş islami şəxsiyyətlər yetişdirir. Alimin adı-sanı hər tərəfə yayılır. Ruhanilər onun elmindən istifadə etmək üçün dəstə-dəstə gəlib dərsində iştirak edirlər.
 Alimin şan-şöhrəti dövrün padşahı İsfahanda Soltan Süleymana çatır. Bu xəbəri eşidən şah məktub yazıb Ayətullah Şirvanidən xahiş edir ki, İsfahana gəlsin və bu şəhərdə sakin olsun. Şirvani bu dəvəti qəbul edərək İsfahana gedir. Bu şəhərdə olarkən çoxlu əlyazmaları və təhqiqatları olmuşdur. Elə o günlərdə zəmanəsinin məhşur alimi, fəqih Mövla Məhəmməd Təqi Məclisinin elm və kamalda tanınmış qızı ilə ailə qurur. Belə bir tanınmış din xadiminin qızı ilə ailə qurmağı özünə iftixar hesab edir. Bu ailədən bir oğlan dünyaya gəlir. Sonralar onun məhşur alim və fəqih kimi tanınan oğlu Mirzə Mövla Heydər Əli bu ailənin alimlər sülaləsi ənənəsini davam etdirir.
 Mirzə Müdəqqiq Şirvani İsfahanda yaşadığı az müddətdə çoxlu layiqli din xadimləri yetişdirmişdir. Onlardan aşağıdakıların adlarını qeyd etmək olar:
1.Mirzə Əbdullah Əfəndi Təbrizi İsfahani (“Riyazul-Üləma” kitabının müəllifi).
2.Seyyid Məhəmməd Hüseyn ibni Məhəmməd Saleh Xatun Abadi İsfahani (“Xəzainul-Cəvahir” kitabının müəllifi).
3.Şeyx Həsən ibni Abbas Bəlaği (“Tənqihul- məqal” kitabının müəllifi).
4.Mövla Məhəmməd İkmal Behbəhani İsfahani (Məhşur alim və fəqih Ağa Vəhid Behbəhaninin atası).
5-Seyyid Sədrəddin Məhəmməd ibni Baqir Rəzəvi (“Şərhi Vaziyyə Tuninin” müəllifi).
 Mərhum Mirzə Əbdullah Əfəndi Təbrizi “Riyazul-Üləma” kitabında öz ustadlarının adlarını qeyd edərkən hər bir alimə bir incə kəlmə ilə işarə edir. Bu incə kəlmələrdən onların hər birinin elmi məqamını başa düşmək olur. O, mərhum ikinci Məclisini “Böyük ustad”, Cəmal Xonsarini “Mühəqqiq ustad”, Mühəqqiq Məhəmməd Baqir Səbzivarini “Fazil ustad” və Mirzə Məhəmməd ibni Həsən Şirazini isə “Əllamə ustadı” kimi qələmə verir. Göründüyü kimi, müəllif Şirvaninin adına gəldikdə onu “Əllamə” ləqəbi ilə yad edir. Bu da böyük din xadimi Şirvaninin alimlər arasında çox yüksək məqama malik olduğunu göstərir.
 Başqa yerdə onun şagirdlərindən biri-Şeyx Həsən ibni Abbas Bəlaği öz ustadı Mirzə Şirvani haqqında belə yazır: “Mənim ustadım elə bir şəxsdir ki, mən əsli və fəri elmlərdə ona etimad edirəm. O, alimlərin tacı, ayətullahların başçısı, hədisçilərin və kəlamçıların soltanıdır... Onun elmi və mə`nəvi məqamı o qədər yüksəkdir ki, onu vəsf etməkdə acizəm. Fəsahət və kəlam elmində öz ustadımla müqayisə oluna biləcək şəxs tapmamışam”.
 Mərhum Xonsari “Rovzatul-cənnat” kitabında öz ustadı Şirvanini belə vəsf edir: “O, Səfəviyyə dövlətinin axır vaxtlarında yaşamış fəzilətli islam alimlərindən biri idi. Şan-şöhrəti o yerə çatmışdı ki, Səfəvi dövlətinin başçısı soltan Süleyman ona dərin məhəbbət göstərirdi. Üsul, etiqadiyyat, üsuli-fiqh, məntiq, təbii elmlərdə, hədis və başqa elm sahələrində yüksək məharətli ustad idi. Elmi bəhslərdə və münazirələrdə (diskusiya) özünə məxsus məqamı var idi”.
 Mərhum Müdərris Xiyabani Müdəqqiq Şirvanini bu cür xatırlayır: “O, Səfəviyyə dövlətinin və şiə aləminin görkəmli alimlərindən biri idi. Nəqli və əqli elmlərə yiyələnmiş gözəl əxlaqlı, pərhizar və təvazökarlıqda şöhrət tapmışdı. O, “Mirzayi” və “Müdəqqiq” ləqəbi ilə tanınmışdır. Yüksək istedadı, gözəl hafizəsi və diqqətli olması ilə məhşur idi”.
 Mərhum Müdəqqiq Şirazi bərəkətli həyatında çoxlu əsərlər yazaraq yadigar qoymuşdur. Onlardan bəzilərinin adını qeyd edirik:
1.“İsbatu ismətil-əimmə” (əleyhimüs-salam);
2.“İsbatun nübuvvəti vəl- imamət”;
3.“İsbatul-Vacibi təala”;
4.“Əl-ictihadu vəl-əxbar”;
5.“Əl-İmamət”;
6.“Üsulid-din” (fars dilində);
7.“Ət-Tovhidu vən-Nübüvvətu vəl-İmamət” (fars dilində);
8.“Haşiyətun əla “Şərhul İşarati Xacə Nəsirəddin Tusi”;
9.“Haşiyətun əla Şərhit- Təcrid Quşçi”;
10.“Haşiyətun əlaş- Şifa ibni Sina”;
11.“Əl-Cəbru vəl-İxtiyar”.
 Nəhayət dahi həkim, böyük fəqih Mirzə Müdəqqiq Şirvani 1688-ci ildə İsfahanda dünyadan gedir. Onun cənazəsini müqəddəs Məşhəd şəhərinə gətirir və “Mirzə Cəfər” mədrəsəsinin həyətində torpağa tapşırırlar.

Mənbə: Faiq Vəli oğlu

Комментариев нет:

Отправить комментарий