Oğuz xan dastanının qədim şəklinin xülasəsi belədir:
Günlərin bir günündə Ay Gağanın (Oğuz xanın anası) gözü parladı. Bir oğlu oldu, bu oğlanın üzü göy rəngli, ağzı od qırmızı, gözləri ala, saçları və qaşları qara idi. Gözəl pərilərdən daha gözəl idi. Adı Oğuz olan bu oğlan 40 günlüyündə böyüdü və yeridi, ata mindi və qəhrəman oldu. O zaman qorxulu bir canavar ormanda hamını təhdid edib, onların heyvanlarını yırtıb yeyirdi. Oğuz xan cəngələ gedib o canavarı öldürdü və xalqı onun şərindən qurtardı. Sonra bir gecə tanrıya yalvarırkən, göydən bir işıq düşüb, işığın ortasında bir qız gördü. O qız elə gözəl imiş ki, gülsə Göktanrı da gülər, ağlasa Göktanrı da ağlayarmış.
Oğuz xan qızı görcək, valeh oldu və onu aldı. Bu qızdan üç oğlu oldu: birinə Gün, ikincisinə Ay və üçüncüsünə Yultuz (Ulduz) adı qoydular.
Yenə Oğuz xan bir gün ova getmişdi, bir ağacın oyuğunda fövqəladə gözəl bir qız görür, ona aşiq olub alır. Ondan üç oğlu olur, onların adını Göy, Tağ (Dağ) və Tənqiz (Dəniz) qoyur. Bu oğlanlardan 24 oğuz qəbiləsi əmələ gəlmişdir.
Ondan sonra Oğuz xan ova gedir və böyük qonaqlıq (toy) verir. Orada bəylərə və iştirak edənlərə belə deyir:
Bən sinlərgə boldum kaqan,
Alanıngi ya ta ki kalkan.
Tamka bizge bolsun boyan,
Gök bori bolsun qıl oran.
Təmur cidalar bol orman,
Av yirdə yürüsün molan.
Taki taluy taki mürən,
Kün tuğ bol qıl gök koriqan.
Bugünkü türkcəmizdə:
Mən sizlərə oldum xaqan,
Yay və qalxan alaq.
Tale bizə nişan olsun,
Boz qurd savaş səsi olsun.
Dəmir nizələrlə orman bol olsun
Ovlaqda vəhşi eşşək və at yerisin.
Həm dəniz və həm çay,
Günəş bayrağımız
və göy çadırımız olsun.
Sonra dörd tərəfə elçi göndərir və deyir: hər kəs ona itaət etsə, onu dost biləcək, itaət etməsə, onu düşmən biləcək və hücum edib aradan aparacaqdır.
Sol tərəfdə Orum adında bir xaqan var idi. O, Oğuz xana itaət etmədi. Oğuz xan ordusu ilə ona tərəf yürüş etdi və 40 gündən sonra Boz dağın ətəyinə yetişdi. Orada çadır qurub yatdı. Ertəsi gün səhər çağı bir işıq onun çadırına düşdü. O işığın içindən erkək bir qurd çıxdı və Oğuz xana belə bedi: Ey Oğuz, sən Orduma hücum fikrindəsən, mən sənin xidmətində olacağam. Sonra qurd Oğuz xanın ordusunun qabağına düşüb, onlara rəhbəlik etdi. Qurd İtilmurun dəryasının kənarında durdu, Oğuz xan orada Orum xaqanın ordusu ilə savaşdı və onu məğlub etdi. Sonra Oğuz xan ordusu ilə İtil (Volqa) çayının kənarına gəldi və düşündü ki, necə bu çayı keçsin. Orduda Uluğ Ordu adında ağıllı bir kişi vardı. Ağacları kəsib, bir-birinə bağladı və onların üstünə yatıb çaydan keçdi. Oğuz xan çox sevindi, onu Qıpçaq adlandırdı və oranın hakimi təyin etdi.
Sonra Oğuz xan və ordusu qurdun rəhbərliyi ilə yollarına davam etdlər. Oğuz xanın çox sevdiyi atı qaçdı və Boz dağına çıxdı. Kimsə o qarlı dağın üstünə çıxa bilməzdi. Ordu qəhrəmanlarından biri həmin dağa getdi və doqquz gündən sonra atı gətirdi. O qəhrəmanın üstü-başı qarla örtülmüşdü. Oğuz xan onu görəndə, onu bəy elədi və Qarluq adını verdi.
Sonra yol üstə bir evə rastlaşdı, evin divarları qızıldan, pəncərələri gümüşdən və damı dəmirdən idi. Ordu arasında sənətkar bir adam vardı. Oğuz xan ona «Qal aç» dedi. Ondan sonra onun nəslinə qalac və ya xalac deyildi.
Sonra yol üstündə qurd dayandı. Oğuz xan dedi, orada çadır qurdular, oranın xaqanı Çurçit Oğuz xaqana tabe olmadı, savaş başladı, Çurçit öldü və çoxlu qənimət Oğuz xanın ordusunun əlinə düşdü. Ordudan birisi araba qayırdı, o birilər də ona baxıb araba qayırdılar, qənimətləri arabalara çatıb apardılar. Qənimətləri aparanda bağırırdılar: Qanqa, Qanqa (araba). Oğuz xan onları görəndə, onlara qanqaluq dedi (Qanqalı eli).
Oğuz xanın yaxınlarından Uluq Turuk adında bir ağ saqqallı var idi. Bir gecə yuxuda gördü ki, şərqdən qərbə bir qızıl yay çəkildi və üç ox şimala tərəf hərəkət etdi. Uluq Turuk Oğuz xanın yanına gəlib, yuxusunu anlatdı və dedi ki, Tanrı şərqdən qərbə qədər dünyanı sənin əmrinə verəcəkdir. Oğuz xanın bu təbirdən çox xoşu gəldi və buyruq verdi, ertəsi gün oğlanları gəldilər. Onlara dedi ki, könlüm ov istəyir, amma mən qocaldım. Gün, Ay, Yultuz, sizlər şərq tərəfinə gedin. Göy, Tağ, Tənqiz, siz də qərb tərəfinə gedin.
Üç böyük qardaş şərqə və üç kiçik qardaş da qərbə tərəf getdilər, çoxlu ov vurub atalarına gətirdilər.
Böyük qardaş yolda yay tapdı və atasına gətirdi. Oğuz xan sevindi, yayı üçə böldü və onlara verib dedi: Ey böyük oğullarım, yay sizindir, siz də yay kimi, oxları yayla atın.
Kiçik qardaşlar da yolda üç gümüş ox tapdılar və atalarına gətirdilər. Oğuz xan sevinib, onlara dedi ki: Ey kiçik oğlanlarım, oxlar sizin olsun. Yay oxları atdı. Siz oxlar kimi olun (Türk ənənəsinə görə, yay hakimiyyət və ox qabiliyyət əlamətidir). Ondan sonra Oğuz xan onlarla məşvərət etdi. Sonra boz oxlar sağda və üç oxlar da solda oturub 40 gecə-gündüz yedilər, içdilər və şənlik etdilər. Sonra Oğuz xan ölkəsini oğulları arasında böldü və belə buyurdu:
Ay oğullar köp mən aşdum
Çida birlə köp ok atdım
Düşmənlərin ığlaturdum
Kök tənqriqə mən ötədim.
Uruşuqlar köp mən gördüm
Ayqır birlə köp yürüdüm
Dostlarumnu mən kültürdüm
Sənlərqə birə mən yurtum.
Bugünkü türkcəmizdə:
Ay oğullar, çox mən yaşadım,
Nizə ilə çox ox atdım.
Düşmənlərimi ağlatdım,
Gök Tanrıya mən ödədim (əda etdim).
Vuruşmalar çox mən gördüm,
At ilə çox yürüdüm.
Dostlarımı mən güldürdüm,
Sizlərə verirəm mən yurdumu.
BOZ QURD DASTANI. Boz qurd yox olmaq təhlükəsinə düşən türkləri dirildib çoxalmasına səbəb olub. Dastanın iki rəvayəti vardır.
Birinci rəvayət:
Hunlarla bir soydan olan göktürklər hun yurdunun şimalındakı Su ölkəsindən çıxdılar. Baş buğlarının (sərkərdə) adı Kapan Pu idi və 16 qardaşı var idi. Bunlardan birini anası bir qurd idi. Bu gənc yellərə və yağışlara hökm edərdi.
Göktürklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar, bu fəlakətdən yalnız bir gənc qurtuldu. Bu gəncin iki arvadı vardı, biri yaz tanrısının, digəri isə qış tanrısının qızı idi. Bunların hər birindən iki oğlu olmuşdu. Xalq bu oğlanların ən böyüyü Notulu şeni xaqan seçdi. Bu da Türk adını aldı.
Türkün on arvadı var idi. Bu qadınladan olan uşaqlar hamısı analarının adını almışdılar. Bunlardan anasının adı Asena (Dişi qurd) olanı türklərə xaqan seçildi. Adı Asina idi.
İkinci rəvayət:
Türklərin ilk atası Qərb dənizinin (Xəzər) qərb sahillərində yaşayırdı. Bunun xalqı hunların bir bölümü idi və Asina adlanırdı. Aşine və ya Aşina boyu qonşu millətlərdən biri tərəfindən basqınla məhv edildi. Bunlardan ancaq bir oğlan sağ qaldı. Düşmənlərin rəhmi gəldi, onu öldürmədilər. Onun əllərini, ayaqlarını kəsdilər və bir qamışlığa buraxdılar. Düşmən gedəndən sonra bir dişi qurd gəldi, bu uşağa qulluq edib onu böyütdü, sonra onunla evləndi və hamilə oldu. Qurd düşmənlərinin qorxusundan oğlunu götürüb dənizin şərq sahilinə apardı və Altay dağlarının ortasına gətirdi. Hər tərəfi dağlarla əhatəli bir mağarada on uşaq doğdu. On oğlan böyüyb evləndilər. Hər birindən bir boy törədi, bunlardan biri Aşina boyu idi.
Aşina qardaşlarının ən ağıllısı olduğu üçün Türklərə xan seçildi, soyunu bəlli etmək üçün isə çadırlarının qapısı qabağına üstündə bir qurd başı olan bayraq taxdı. Bir çox illərdən sonra Aşina tayıfasına Asinçe adında biri xan oldu, elini dağlıq yerdən çıxartdı.
ERGENEKON DASTANI. «Ergenekon» dastanı «Boz qurd» dastanının daha zəngin bir şəklidir. Bu dastanın xülasəsi belədir:
Türk ellərində göktürklər qədər qüvvətlisi yox idi. Bütün ellər birləşib onlara hücum etdilər, lakin məğlub oldular. İkinci savaşda hiylə işlədib, türklərin qabağından qaçdılar. Türklər də onları təqib edib öz yurdlarından çıxardılar. Düşmənlər birdən geri qayıdıb, türklərlə vuruşdular və qalib gəldilər. Göktürkləri qırdılar, uşaqlarını qul edib, özlərilə apardılar. Göktürk xaqanının Kayan adında kiçik oğlu və Tuzuk adında qardaşı oğlu düşmənlərin əlindən qaçıb, öz yerlərinə gəldilər. Fəqət düşmənin qorxusundan bir neçə mal-davar alıb elə bir dağa tərəf getdilər ki, yoldan yalnız bir dəvə güclə keçə bilirdi. Bir yerə yetişdilər ki, orada axar sular, çeşmələr, müxtəlif otlar, meyvə ağacları və ovlar var idi. Orada qalıb tanrıya şükr etdilər. O yerə Ergenekon (Ergene- dağ kəməri deməkdir) dedilər. 400 il sonra insanları və heyvanları o qədər çoxaldı ki, o yerə sığmaz oldular. Bu zaman oradan çıxmaq üçün düşünüb daşındılar. Dedilər k, atalarımızdan eşitdik, Ergenekonun xaricində geniş yerlər, gözəl yurdlar varmış, bizim yurdumuz əskidən o yerlər imiş. Dağların arasından bir yol tapıb buradan köçək, oralara gedək. Aralarında olan bir dəmirçi dedi: -Burada bir dəmir mədəni var, bunu əritsək çıxmağa bir yol açılar. Oranı od qoyub əritdilər və bir yol açdılar. O günü yadlarında saxlayıb, oradan çıxdıldar. O vaxtdan göktürklərdə həmin günü bayram etmək adət olmuşdur. Ergenekondan çıxanda göktürklərin padşahı Kayan soyundan olan Börteçənə idi.
Dastanda adın keçən Kayan əslində Kayı xanlı qəbiləsi, Tukuz da Doqquz Oğuz boyudur. Börteçənə də Boz qurdun monqolcasıdır.
Dastanda göktürk yerinə monqol kəlməsi işlənmişdir. Çünki bu dastan Qazan xan zamanında Rəşidəddin tərəfindən «Came ət-təvarix»də yazıya alınmış və kitabın da əsli farscadır. Sonradan ərəbcəyə tərcümə edilmişdir. Bu dastanın göktürklərin tarixi ilə yaxın əlaqəsi vardır. Həqiqətdə hun birliyi dağılandan sonra göktürklər Altay dağları ətrafına çəkilmişlər və orada cuan-cuanlara tabe olaraq, uzun müddət dəmirçiliklə məşğul olmuşlar.
SATUQ BUĞRA DASTANI. Satuq Buğra xan Türküstanda (Kaşğar-Balasağun) X əsrin əvvələrində ilk müsəlman türk hökuməti quran qaraxanlı hökmdarıdır. Bu dastan nəsrlə, bəlkə də hökmdarın istəyi ilə yazılmışdır və daha çox hökmdarın fəaliyyətini şərh edir. Dastan X əsrdə söylənmiş, 135 səhifədən ibarətdir.
MANAS DASTANI. İslamdan sonra söylənilən ilk böyük dastandır və qırğız türklərinin qəhrəmanlıqları barəsində XI-XII əsrlərdə söylənmişdir.
Manas dastanı əsrlərlə inkişaf etmiş və bütün Orta Asiya türklərinin ortaq dastanı halına gəlmişdir. Başlanğıcda on min misradan ibarət olan dastan, bu gün iki yüz min misraya çatmışdır. İlk dəfə Çokan Vəlixanov tərəfindən, sonra isə professor Radlov tərəfindən qırğızlar arasından toplanıb, almanca tərcüməsi ilə nəşr edilmişdir.
Manas dastanı müsəlman türklərlə qeyri-müsəlman türklər arasında aparılan savaşlardan yaranmışdır. Bu dastanın qəhrəmanı Ər Manas çinliləri və saratları məğlub etmişdir. Manasın paltarı zirehlidir və ona ox kar eləmir. Dastanın ən gözəl yerləri savaş təsvirləri, qəhrəmanlıqların və silahların tərifi, yurd, qadın və at haqqındakı duyğulu tərənnümlərdir. Manas dastanında qəhrəman Ər Manasın hələ beşikdə ikən dil açıb atasına müsəlman olmasını və kafirləri məğlub edəcəyini söyləməsi Oğuz dastanının islami şəklini xatırladır.
Manas dastanı şeir şəklində, ümumiyyətlə 7 hecalı vəznlə söylənmiş yarımqafiyəli və çox dəfə misra başında alliterasiyalarla (səssiz hərflərin və ya hecaların təkrarı) əski milli nəzm ruhundadır.
İbrahim Sel (Ardı var)
Комментариев нет:
Отправить комментарий