04.05.2015

Mirzə Cəlil masonların təsiri altında yazıb?

Dünyanın qədim və nüfuzlu gizli təşkilatlarından olan masonların Azərbaycanda da təəssübkeşləri olub – bunu Kultaz AzadR-a istinadən yazır. Xüsusən də 19 əsrin sonu, 20-ci əsrin əvvəlində Avropada və Rusiyada təhsil almış, orada mason lojalarıyla əlaqə qurmuş şəxslər Naxçıvanda fəal olublar.Bakıda çapdan çıxan “Masonlar” adlı kitabda belə iddia edilir. Masonlar haqda əsasən xarici ölkələrdə çap olunan məqalələri bir kitabda Elmlər Akademiyasının üç əməkdaşı Mirzə Ənsərli, Saleh Dostəliyev, Gülşən Qurbanova tərcümə edərək cəmləyiblər. Mirzə Ənsərli Azadlıq Radiosunun “Oxu zalı”na deyib ki, Naxçıvanda masonluq əsasən maarifçi hərəkat və dini fanatizmə qarşı mübarizə formasında təzahür edib. Bu hərəkata isə nüfuzlu Naxçıvan ziyalılarından olan Eynəli Sultanov, Nəsrulla və Fərəculla Şeyxov qardaşları və başqaları rəhbərlik ediblər. Mirzə Ənsərli daha sonra qeyd edir ki, həmin zayalıların görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadəyə də təsiri olub və Mirzə Cəlil özünün “Ölülər”, “Dəli yığıncağı” əsərlərini masonların təsiri altında yazıb.
Tərtibçi deyir ki, tarixən nüfuzlu ziyalılar bu təşkilata üzv olublar, 20-ci əsrin əvvəllərindən isə masonların sıraları siyasətçilərin hesabına xeyli genişlənib və onlar müxtəlif ölkələrin yürütdüyü siyasətə böyük təsir etməyə başlayıblar.
Mirzə Ənsərli bəzi hazırkı rəngli inqilablara da masonların təsirlərini istisna etmir. O, sovet dövründə Azərbaycanda müstəqillik uğrunda gizli mübarizənin də masonlarla əlaqəli olduğunu güman edir. Amma Mirzə Ənsərli onu da qeyd edir ki, müasir dünyada müxtəlif transmilli korporasiyaların, lobbi qruplarının təsiri altına düşən və öz siyasi maraqlarını həyata keçirməyə çalışan mason qrupları da var.

Комментариев нет:

Отправить комментарий