Niyə bizdə hər şey olduqca maraqlı və unudulmazdır? Bütün dünya nə edir, biz niyə onun əksini edirik? Və yaxud düz bir qanunun böyür-başına bir-iki şey pərçimləyib onu əcaib bir formaya salırıq. Bir də o şey ki zülmlə olur, onda hər şey daha maraqlı, daha yaddaqalan olur. Məsələn, inkişaf etmiş ölkələrdə yaxşı natiqlik edən, haqqına danışan adamlara mükafat, fəxri adlar verirlər. Bizdə isə danışa bilən, lakin danışmayan, yəni lal olana, “lallığına” görə pul verirlər. Bundan başqa, dünyanın çox yerində əsl ziyalılar da var, ziyalı cəmiyyətləri də. Bizdə isə əsl ziyalı olanda cəmiyyətləri olmur, cəmiyyətləri olanda orda ziyalı olmur. Yaxud, bir çox yerlərdə fəal gənclər də var, “Gənclər evi”də. Bizdə isə “Gənclər evi” olur, amma içində gənc olmur. Yapçı olur gopçu olur, di gəl ki gənc olmur. Gənclərin çoxu da elə çaq-çuq etməklə, toyda oynamaqla günlərini keçirirlər. Lap hamının yaralı yeri qəzetləri götürək. Dünyanın çox yerində qəzetlər reklamdan o qədər qazanır ki, nüsxələri hamıya havayı verirlər. Bizdə isə hər 6 aydan bir müəllimlərdən, həkimlərdən 30-40 manat yığır, heç əməlli-başlı qəzet də vermirlər.
Bir az lap iri işlərdən danışaq. Nadir şah, Şah İsmayıl və onlar kimi başqa hökmdarlar həmişə qoşunun qabağında gedər, od-alova birinci girərdilər. Amma bizim başçılar çox vaxt arxada gizlənib, elə eyni yurddan olanları bir-birinin üstünə qaldırırlar. Yaxud, keçmiş kişilər həmişə deyərdi ki, bala, mərd olun, kişi olun. Amma bizim bəzi rəhbərlər qadının əvəzini kişidən çıxmaq kimi şərəfdən, ləyaqətdən uzaq yol da tuturlar. Müqəddəs heç nə qalmayıb.
Belə misallar bir deyil, beş deyil. Məsələn, başqa yerlərdə polis xalqı oğrudan, quldurdan qoruyur. Bizdə isə polisin, prokurorun ən yaxın dostları elə həmin oğru, quldurlardır. Hətta bəzi polis işçiləri özləri mədəni oğurluq edirlər. Çox az polis rəisi, yaxud müavini tapılar ki, onun müəllim, jurnalist, şair dostu olsun.
Başqa yerlərdə kasıblara ünvanlı yardım verirlər ki, o da bir tikə çörək yesin. Bizdə isə ünvanlı yardım istəyən kasıbların başına elə oyun açılır ki, onun öz ünvanı da yadından çıxır. Özgə yerlərdə xeyriyyəçiləri həvəsləndirirlər ki, yaşadıqları yerə sərmayə qoysunlar. Bizdə isə deyirlər ki, amanın günüdür, xeyriyyəçini doğma yurda yaxın qoymayın. Yaxın düşəni də tutub tasa otuzdururlar. Bunlar abadlıq adı ilə milyon manatlarla pul silir, indi xeyriyyəçi gəlib burada abadlıq işləri aparsa, onların ayıbı daha aydın görünər axı!
Əvvəllər heç bu qədər hacı, kərbəlayı yox idi, bu qədər alıb-aldatmaq da yox idi. Yəqin elə bu sayaq halları görəndən sonra filosoflardan biri deyib ki, Avropada müsəlman görmədim, müsəlmançılıq gördüm, Şərqdə isə müsəlman gördüm, müsəlmançılıq görmədim.
Hidayət adlı vətəndaş bildirir ki, 5 uşağım var, lakin qış paltarı ala bilmədiyinə görə heç birisi məktəbə getmir. Balaca bir komada yaşayır, döşəməsi də yoxdur, ailə torpağın üstündə yatmağa məcburdur. Rütubətdə yatmaqdan ailə üzvləri uşaqdan böyüyədək xəstəlik tapıblar, hamısı öskürür. Sənədlərini toplayıb sosial yardım almaq üçün veriblər. Ailə başıçısı uzun müddətdir gedib gəlsə də, sosial yardım ala bilmirlər. Səbəb isə budur ki, rüşvət kimi həmin sosial yardımın nə az nə çox- 10 ayını istəyirlər. Bəhanə gətirirlər ki, ailənin krediti var. Halbuki sosial yardım elə ilk növbədə krediti olanlara verilməlidir. Krediti xəstə ananın dializ xəstəliyinin müalicəsi üçün götürüb sərf ediblər. Bu ölkədə ən acınacaqlı vəziyyətdə yaşayan elə krediti olanlardır. Acından ölən adamdan kredit bəhanəsilə 10 aylıq sosial yardımı rüşvət kimi istəmək hansı meyarlara sığır?
Qarabağ əlili olan vətəndaş da iki aydır ki, sosial yardım idarəsinin yolunu su yoluna döndərib, gedib gəlir, amma işi düzəlmir ki düzəlmir. Deyir ki, sosial yardımın düzəlməsi üçün onun 2 ayını məndən rüşvət kimi istəyirlər. İdarənin “işgüzar” işçiləri bildiriblər ki, sənin kreditin var, krediti olanlar xüsusi qaydada 6 ayını verməlidirlər ki, onlara sosial yardımı sənədləşdirə bilək. Beləliklə, 6 ayın sosial yardımını rüşvət kimi onlara versə, krediti olması faktını gizlədəcəklər.
Artıq heç kəsə sirr deyil ki, rayonlarda sosial yardım əhaliyə yalnız rüşvətlə verilir. Müdirlərin çoxu bu sahənin adamı olmadığından, rüşvət verib bu sahəyə gəlib çıxan təsadüfi kadrlar olduğundan idarədəki işləri “işgüzar” dəllallara tapşırırlar. Kasıb-kusubun taleyi onlardan asılı qalıb. Bu cənablara 6 ayın sosial yardımı pulunu peşkəş etməsələr, qaldılar havada- aclarından öləcəklər. Sosial yardım idarəsinin işçiləri dəllallarla çayxanalarda görüşüb məsələləri həll edirlər və pulları bölürlər. Xalq da bütün bunları açıq-aşkar görür və bilir ki, yalnız rüşvət müqabilində yardım işlərinə razılıq verilir. Tədbir görən yoxdur. Əsl imkansızlar qalıb bir tərəfdə, kim 6 ayını, 8 ayını verməyə razı olur, onlara sosial yardım təyin olunur.
Kimyə adlı qadın bildirir ki, həyat yoldaşı vəfat etmişdir, 2 xəstə uşaqla qalmışdır. Uşağın biri kor, 1-ci qrup əlildir. Balaca, köhnə, uçub dağılmış evdə qalır. 6 il dövlətdən sosial yardım alıb. Yeni müdir gələndən sonra isə işlər əngələ düşüb. Yaşadığı rayonda ünvanlı sosial yardıma görə ucdantutma hamıya tas qoyulub. Sosial yardım təyin etmək üçün idarənin işçisi 500 manat pul istəyir, deyir bu məbləğ mənə yox, müdirə çatacaq. Vətəndaşlar belələrinin əlində giriftar qalıb. Qadın soruşur ki, mən 500 manatı hardan tapıb müdirə verim? Sosial yarım idarəsinin elə azğın işçiləri var ki, vətəndaşın pulu olmayanda hətta həyətindən toyuğunu, qazını, hinduşkasını qoltuğuna vurub aparır. Belə hallar yetərincədir. Dövlətin idarəsini alver yuvasına çeviriblər. Kasıb-kusubun harayına səs verən yoxdur.
Yadigar adlı vətəndaşın dolanışığı çətindir, həyat yoldaşı 2-ci qrup şikəstdir. 3 uşaqları var. Yadigarın özünün böyrəkləri xəstədir. Sosial yardım almaq üçün sənədləri toplayıb 4 aydır ki, idarəyə gedib gəlir. Lakin müdir sənədləri qəbul etmək istəmir. 4 aydır ki gedib gəlir, yollarda sürünür, xeyri yoxdur. Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyi rayon şöbəsinin müdiri deyir ki, ya bəri başdan 500 manat ver, ya da o başdan 4 ayını götürəcəyəm. Bu pulu verməyə razılaşmadığına görə onun sənədləri qəbul olunmur. Hər dəfə deyirlər ki, elektron sistemə keçəcəyimizə görə sənəd qəbulu yoxdur. Lakin 4 ay qabaq Yadigarla sənəd verənlərin hamısının sənədləri keçib, hal-hazırda sosial yardım alırlar, amma Yadigarın sənədləri keçməyib. Çünki sənədi keçənlər müdirin istədiyi məbləği ona veriblər. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin bütün rayon şöbələrində işlər rüşvətlə həll olunur. Əvvəl bir az da olsa kasıba-kusuba hörmət edirdilər, nələrisə keçirdilər, indi tam hər şey konkret olaraq rüşvət üstə qurulub. Açıq-aşkar bazardır. Müdirlərin özünü rüşvət alıb bu vəzifəyə qoyurlarsa, daha artıq nə gözləmək olar? Qanunla dövlət işinə qoyulan adan qabiliyyət imtahanı verməlidir, lakin bu müdirlərin hansı qabiliyyət imtahanı verib? Qanun bəri başdan pozulub. Müdirlərin adi sənədləşmə işindən başı çıxmır. Bu tip adamlar vəzifəyə qaz vurub qazan doldurmaq üçün gəlirlər.
Natiq adlı vətəndaş bildirir: “Ailəliyəm, bir azyaşlı uşaq atasıyam. Son illər bir çoxları kimi mən də işsizlik problemi ilə üzləşdiyimə görə fərdi təsərrüfatla məşğul olsam da, dövlətin qayğısına ehtiyac duymuşam. Ötən 9 ayda dəfələrlə sosial yardım almaq üçün müdirin qəbulunda olaraq müvafiq kömək etməsini xahiş etmişəm, lakin rüşvət verməyə pulum olmadığı üçün boş vədlərdən başqa heç bir köməklik görməmişəm. Yalnız dəllallar vasitəsilə 500 manatdan 1000 manat arasında rüşvət verməklə sosial yardım almaq mümkündür”.
Kamil adlı vətəndaş eni təxminən 4 metr, uzunu 6 metr olan bir daxmada yaşayıram. Özü və ailə üzvləri xəstədir, 3 uşaqla çətin şəraitdə dolanırlar. 3 ildir ki, ünvanlı sosial yardım almaq üçün müraciət etsə də, xeyri yoxdur. 3 ildir ki, sənədləri rüşvətxorluq ucbatından yubadılır. İdarənin işçiləri dövlət qanunlarını saya salmırlar, açıq-aşkar deyirlər ki, “buranın öz qayda-qanunları var”. Yeni müdir deyir ki, mən rüşvət almıram, düz işləyirəm. Müəmma burasındadır ki, müdir Kamili idarənin işçilərinin yanına göndərir, onlarsa deyir ki, pul verməsən sənədin keçməyəcək. Araşdırmamız zamanı məlum oldu ki, yeni müdir əvvəl paytaxtda bank sektorunda 1500 manat maaşa işləyirmiş. Lakin nədənsə həmin işi atıb sosial yardım idarəsinə müdir keçib. Burda isə maaşı cəmi 270 manatdır! Çox maraqlıdır. Nədən bu insan 1500 manatlıq işi bəyənmir, 270 manatlıq işin qulpundan yapışır? Belə hallar müəmma olaraq qalır. Əlbəttə ki, çörəkli yerə təyinat almaq hamının arzusudur. Məmurlar belə vəzifələrdə maaşsız da işləməyə hazırdırlar, çünki kifayət qədər rüşvət yığırlar. Onu da qeyd edək ki, həmin müdir təyin olduğu rayonda günü 50 manat olan oteldə yaşayır. Necə olur ki, bu yoldaş 270 manat maaş ala-ala oteldə vermək üçün aya 1500 manat pul tapır? Hardan gətirir o pulları? Danışanda da deyir ki, rüşvət almıram. Amma 270 manatlıq maaşla 1500 manatlıq oteldə necə yaşayır, bunu anlamaq olmur. Qeyd edək ki, son zamanlar məmurlar arasında “rüşvət almıram” sözü moda minib. Amma kənardan baxanda ayrı mənzərə yaranır və nəticələri xalqın başında çatlayır.
Firdovsi adlı vətəndaş 2013-cü ildə vəfat etmişdir. O vaxta kimi ailəsi müntəzəm olaraq sosial yardım alıb. Vəfat edəndən sonra ailəsinin vəziyyəti daha da çətinləşib. Sosial yardım sənədinin təkrar qəbulunun vaxtı çatıb, lakin ailənin oğlu sənədləri yığıb hazırlasa da, rayon şöbəsi qəbul etmək istəmir. Yardımın 5 ayını rüşvət kimi istəyirlər, ailə isə bununla razılaşmır. Get-gələ salıbar, 3 körpə uşaq evin içində ac-susuz qallb. Ünvanlı sosial yardım yarandığı gündən məmurlara rüşvət və korrupsiya mənbəyi olub, onları dolandırır, xalq isə beləcə yollarda əsir-yesir qalıb. Ailənin oğlu heç bir yerdən gəlir mənbəyinin olmadığını müdirə izah etməyə çalışsa da, onu belə şeylər maraqlandırmır və deyilənlərə həvəssiz qulaq asır. Əksinə ailə üzvünün idarəyə müntəzəm gəlib getdiyini görüb onu söyüb qovur və polisə verir. Yəni biz burada ürəyimiz istəyən kimi rüşvətimizi yığacayq, siz isə bizə mane olmayın. Başqalarına dərs olsun deyə, əhalini beləcə qorxuzurlar və rahat rüşvət yığmağa şərait yaradırlar. Müdir yeniyetmə gənci polis idarəsinə apartdırıb ona cinayət məcəlləsindən sitatlar gətizdirir, həbslə hədələyir. Əzilən də xalq, polisə verilən də xalq! Bu oyunların isə nə vaxt bitəcəyi bilinmir.
Комментариев нет:
Отправить комментарий