XX əsrdə gerçəkləşmiş böyük siyasi olaylar içərisində yaddaqalan hadisələrdən biri 28 noyabr – 1 dekabr 1943-cü il tarixində ilk dəfə olaraq üç böyük dövlət rəhbərinin – SSRİ, ABŞ və Böyük Britaniyanın – Tehranda görüşməsi faktıdır.
II Dünya müharibəsinin və ümumilikdə, dünyanın siyasi mənzərəsini dəyişmiş bu tarixi görüşmə haqqında çox yazılmasına baxmayaraq, Tehran konfransı haqqında bütün olub-bitənlər hələ də təfərrüatı ilə ictimailəşdirilməyib. Almaniyaya qaşı ikinci cəbhə açmaq üçün ABŞ prezidenti Franklin Ruzveltin, Böyük Britaniyanın Baş naziri Uinston Çörçilin israrlı şəkildə Qahirədə, Manilada, Sürixdə, Alyaskada, Ankarada bir araya gəlib görüşmək istəklərini hər dəfə ciddi arqumentlər və məntiqi əsaslarla diplomatik etiket çərçivəsində məsləhət bilməyən İosif Vissarianoviç Stalin gözlənilmədən 1943-cü ilin sentyabr ayının sonunda onlara Tehranda görüşmək təklifi irəli sürəndə, Ruzvelt də, Çörçil də dərhal bu təkliflə razılaşmışdılar.
Əslində, onları bu təkliflə razılaşmağa sövq edən əsas amil alman-sovet cəbhəsində hərbi vəziyyətin birmənalı şəkildə SSRİ-nin lehinə dəyişməsi idi: Moskva ətrafındakı məğlubiyyətin əvəzini Stalinqradda və Kurskda çıxmaq istəyən almanlar sarsıdıci zərbə almış, strateji əhəmiyyətli məntəqələrin çoxunu itirmişdilər. SSRİ-nin Almaniyanı yenəcəyi labüdləşincə, Stalinin Şərqi Avropa və Balkanları təkbaşına ilhaqının qarşısını almaq məqsədilə Ruzvelt və Çörçilin Tehrana gəlməyi qəbul etmələri doğru qərar idi.
Almanlar SSRİ-yə hücum edəndən qısa müddət sonra SSRİ üç dəfə rəsmi şəkildə İrana nota vermiş, ultimativ şəkildə bildirmişdi ki, İranda gizli fəaliyyət göstərən alman hərbi kəşfiyyatının- "Abver"in təxribatlarının qarşını almaq və cənub sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə 1921-ci il müqaviləsinin 6-cı maddəsinə müvafiq olaraq sovet qoşunlarının məcburi qaydada İrana girməsi labüddür. 25 avqust 1941-ci ildə sovet qoşunları şimaldan, Böyük Britaniya hərbi birləşmələri cənubdan İran ərazilərinə daxil olmuşdu. Faktik olaraq, İran SSRİ, İngiltərə və qismən də ABŞ əsgərlərinin nəzarəti altında idi. Üç dövlət başçısının mühafizəsi burada daha güvənilir şəkildə icra oluna bilərdi. Buna görə də İ. V. Stalinin Tehranda görüşmək təklifi çox məqbul görünürdü.
Tehran konfransında Almaniyaya qarşı açılacaq ikinci cəbhənin vaxtı müəyyənləşdirməli idi. “Overlord” (“Hökmran”) kod adı ilə realizə olunacaq bu əməliyyat barədə yazışmalar son dərəcə məxfi şəkildə aparılsa da, ağlasığmaz bir təsadüf nəticəsində- Böyük Britaniyanın Ankaradakı səfirliyində xidmətçi işləyən alban əsilli Elyas Bazna adlı birisinin sayəsində almanlar dərhal ondan xəbərdar olmuş, amma bu məlumatı o qədər də ciddiyə almamışdılar. Dolayısıyla, Hitler Almaniyası özü üçün fəlakətli sonluğun qarşını almaq üçün yeganə şansı itirmişdi. I Dünya müharibəsindən öncə çörək tapmaq ümidi ilə Albaniyadan Ankaraya gələn Elyas Bazna pul əldə etmək üçün mümkün olan bütün vasitələrə əl atmışdı: su satmış, hamballıq etmiş, arabacı işləmiş, kabarelərdə müğənnilik, hətta fotoqrafçılıq peşəsində də özünü sınamışdısa da, heç bir uğur qazanmamışdı. Başı daşdan-daşa dəyən Elyas sırf bir təsadüf nəticəsində ingilis səfirliyinin əməkdaşı Duqlas Baskın təmizlikçisi işinə qəbul olunur. Kütbeyin, heç nədən anlamayan, ingilis dilində ancaq beş-altı kəlmə bilən Elyas öz mütiliyi və sədaqəti ilə Duqlasın rəğbətini qazanmışdı. Gözlənilmədən səfir Hyu Neçbul-Haqessenin xidmətçisi xəstələnir və bu zaman Duqlas səfirə qulluqçu Elyasın əla xidmətçi olmasını və cənab səfirə də sədaqətlə qulluq edə biləcəyinə zəmanət verir. Nəcabətli əsilzadə olan olan Neçbul-Haqessen də Elyasın məzlum görkəminə, aman diləyən yalvarışlı gözlərinə baxıb, onun özünün xidmətçisi olmasına razılıq verir. Olduqca avam, cahil təsir bağışlayan Elyas öz işində səliqəli və işgüzar idi: otaqların döşəməsini, mebelin tozunu xüsusi canfəşanlıqla alması, daim boynu bükük durması, əmrə müntəzir olması cənab səfirdə ona qarşı mərhəmət hissi yaratmışdı.
Hər gün müntəzəm şəkildə isti vanna qəbul etməyi xoşlayan səfir bu işə ən azı 40-45 dəqiqə sərf edirdi. Bir dəfə Elyas otaqları təmizlərkən səfirin diqqətsizliyindən siyirtmədə qalmış sənədin üstünə yazılmış “Top secret”- “Tam məxfi” yazısını görür. Elyasda o dəqiqə zəngin olma arzusu oyanır və… fürsəti fövtə vermədən, həmin sənədin şəklini çəkir. Kütbeyin və maymaq görkəmli Elyasın davranışları cənab səfirdə qətiyyən şübhə yaratmamışdı. Elyas ertəsi günlərdə səfirin seyfinin açarının surətini çıxartdırır və oradaki sənədlərin də şəkillərini çəkir. Elyas əldə etdiyi şəkilləri Türkiyə xüsusi xidmət orqanlarına verməkdən çəkinir, SSRİ-nin Ankaradakı səfirliyində isə onunla maraqlanmaq belə istəmirlər və o, 27 oktyabr 1943-cü ildə Almaniya səfirliyinə müraciət edir. Onu alman səfirliyinin müşaviri ilə görüşdürürlər. Elyasın çəkdiyi şəkillərlə tanış olan almanlar bu cür son dərəcə məxfi məlumatın asanlıqla ələ keçirilməsini heç cür ağıllarına sığdırmasalar da, Elyasa 20 min funt sterlinq ödəməyə razı olurlar. Elyasın təqdim etdiyi şəkilləri alman səfiri fon Papen “Təcili və önəmli” qrifi ilə Berlinə göndərsə də, Xarici İşlər naziri Ribbentrop əsla bu şəkillərə və məlumatlara inanmır, onu ingilislərin dezinformasiyası hesab edir. Ümumiyyətlə, Elyas səfirlikdə işlədiyi 5 ay ərzində almanlara bir çox sənəd və məlumat ötürmüş, qarşılığında 300 min funt sterlinq pul almışdı. İngilisləri aldadan Elyas Baznanın özü də aldadılmışdı- almanların ona verdiyi 300 min funtun hamısı qəlp pullar çxmışdı. Möhtac günlər yaşayan əlacsız Elyas Bazna Almaniya rəsmilərinə israrlı şəkildə müraciət etsə də, bütün səyləri nəticəsiz qalmışdı. Nəhayət, yalnız uzun illər sonra o, “Adolf Hitler kanselyariyasına müraicət edin" cavabını almışdı…
Tehran konfransında Almaniyanın, Yaponiyanın, Polşanın gələcək taleləri ilə bərabər, İranın da siyasi quruluşunun, ərazi bütövlüyünün toxunulmazlığı və saxlanılması barədə gizli sövdələşmə olmuşdur. Burada bir məsələni qeyd etmək lazımdır. Tehran konfransı keçiriləndə İran şahı Məhəmməd Rza Pəhləvi çox gənc idi- cəmi, 22 yaşı vardı və iqtidara gəlməsindən heç üç ay da keçməmişdi. Həmin Məhəmməd Rza Pəhləvi ancaq saatlarca Böyük Britaniya və ABŞ-ın Tehrandakı səfirliyində gözlədikdən sonra U. Çörçil və F. Ruzveltlə qısa müddətə görüşə, onlara “xoş gəldiniz” deyə bilmişdi. Şahın səlahiyyətli nümayəndəsi Sovet səfirliyinə zəng vurub “İran şahı, Marşal Stalini, əgər müsaid zamanları varsa, ziyarət etməyi rica edir. Marşal Stalin şahənşahı qəbul etmək istərmi?” -deyə soruşanda, İ. V. Stalin gözlənilməz cavab verir: “İran şahı İ. V. Stalini nə zaman qəbul etmək istəyir?”. Cavab o qədər gözlənilməz olur ki, şahın səlahiyyətli nümayəndəsi özünü itirir və sovet səfirliyi əməkdaşlarının onu yanlış anladıqlarını zənn edir. Təkrar eyni cümləni söylədikdə, Stalinin budəfəki cavabı şahın nümayəndəsini şoka salır: “Şah, İ.V.Stalini indi qəbul edə bilərmi?”. Az sonra İ. V. Stalin öz heyəti ilə bərabər şahın sarayına gəlir. 1 dekabr 1943-cü ildə baş vermiş bu hadisə gənc monarxı çox duyğulandırır. İ. V. Stalinin zala daxil olduğunu görəndə, Məhəmməd Rza Pəhləvi diz çökür, onun əlini öpmək istəyir. Sovet lideri İ. V. Stalin buna müsaidə etmir.
O zamanlar SSRİ Baş Kəşfiyyat İdarəsinin Tehrandakı rezidenti olmuş polkovnik B. Q. Razin 02.12.1943-cü ildə Mərkəzə göndərdiyi şifroqramda İ. V.Stalinin İran monarxına şəxsi qırıcı təyyarə hədiyyə etdiyini (Məhəmməd Rza Pəhləvi I dərəcəli hərbi pilot idi), İran qoşunlarına 20 hərbi təyyarə, 20 tank bağışladığını, Məşhəd şəhərində hərbi aviasiya, Tehranda isə tank məktəbinin yaradılması barədə göstəriş verdiyini bildirir. Şifroqram İ. Stalinin çoxmənalı sözləri ilə bitir: “Внимательно смотрите за обстановкой и помогайте иранцам…” (“Şəraitə diqqətlə göz olun və iranlılara kömək edin” ). Həmin dövrdə SSRİ Uzaq Aviasiya Uçuşları komandanı olmuş A. Y. Qolovanovun sözlərinə görə, Stalinin bu jesti iranlıların rəğbətini qazanmışdı və tehranlılar uzun zaman saraya gedən küçəni “Stalin xiyabanı” adlandırmışlar.
02.12.1943-cü ildə Tehrandan Bakıya uçan İ.V.Stalin oradan qatarla Moskvaya qayıdır. Sovet mətbuatı Tehran konfransı barədə ancaq 07.12.1943-cü il tarixində məlumat vermişdi. ABŞ prezidenti Ruzvelt Tehran konfransı barədə öz oğlu Elliota danışarkən, İ. V. Stalinin prinsipial məsələlərin hamısında təmsil etdiyi dövlətin mənafelərini təkid və inamla qoruduğunu xüsusilə qeyd etmişdir.
Yeri gəlmişkən, Bakı kinostudiyasının 1950-ci il istehsalı olan “Bakının işıqları” (“Oqni Baku”) bədii filminin I variantında (1958-də film redaktə olunmuşdur) İ. Stalinin Tehran səfərinə xüsusi yer yer ayrılmışdır.
Ramazan SİRACOĞLU, professor strateq.az
Комментариев нет:
Отправить комментарий