10.04.2012

Güllələnmiş nəslin tarixçəsi…

Laçın Məmişov Hacı Məcid Əfəndi haqqında danışdı...


Həmsöhbətimiz Laçın Məmişov bizim kimi qələm əhlidir. Öz şerləri ilə tanınan Laçın Məmişov publisistik yazılarını daha çox tarixi şəxsiyyətlərə həsr edir. Bu yaxınlarda eşitdik ki, o dövrünün adlı-sanlı ziyalılarından olan Hacı Məcid Əfəndinin həyatından bəhs edən bədii filmin ssenarisi üzərində işə başlayıb. Ssnarinin mövzusu diqqətimizi cəlb etdi.


- Laçın müəllim,  eşitdiyimizə görə, XIX əsrdə Şamaxıda yaşamış, zəmanəsinin böyük maarifpərvərlərindən biri Hacı Məcid Əfəndidən bəhs edən bədii filmin ssenarisi üzərində işləyirsiniz. Bu ideya necə yarandı və sənədləri hardan əldə etmisiniz?
- Hacı Məcid Əfəndinin məzarı Şamaxı şəhərində 7 günbəz qəbiristanlığındadır. Bu qəbiristanlıqda bizim də qohum-əqrabalardan dəfn olunanlar çoxdur. Hər dəfə onların qəbirlərini ziyarətə gedəndə onun məqbərəsini görmüşük. Ümumiyyətlə, Hacı Məcid Əfəndi barədə Şamaxıda çoxlu rəvayətlər, əfsanələr dolaşır. 

Babaxan müəllim onun haqqında kitab yazmayana qədər ətraflı kimsə bir şey bilmirdi. Mən də həmişə böyüklərimizdən babam Hacı Məmişin bu kişi ilə dostluqları barədə çox eşitmişəm.
Ümumiyyətlə Hacı Məcidin sözü hami tərəfindən qəbul olunurmuş. Günlərin bir günü Hacı Məcid Əfəndi Şamaxının bütün varlı adamlarını bir yerə toplayır. Hamı bir nəfər kimi Hacı Mecid əfəndinin çağırışına məmuniyyətlə gəlir. Toplantının məqsədini Hacı Məcid Əfəndi açıqılayanda bəlli olur ki, uçulub dağılmaqda olan Şamaxı Cümə məscidini bərpa etmək lazımdır. Məscidi bərpa etmək üçü isə külli miqdarda pula ehtiyac duyulur. Bunun üçün də pul toplayıb zəlzələdə dağılmış məscidi yenidən bərpa etmək lazımdır. Heç kim Hacı Məcid Əfəndinin  təklifindən boyun qaçırmır və hamı bir nəfər kimi yardım etməyə hazır olduğunu bildirir. Təkcə bir nəfər nə qədər yardım edə biləcəyini bilmədiyini deyir. Səbəbini isə ondan soruşanda, belə cavab verir:  “Hacı Məcid Əfəndinin sözü bizim hamımız üçün qanundur. Amma mən indi Sizə bir söz ona görə deyə bilmirəm ki, bilmirəm nə qədər pul toplanacaq. Mən toplanana pulun ümumi məbləğinin iki qatını verəcəm” deyə bildirir. “Bundan əlavə nə qədər daşa ehtiyac olsa daş karxanam Sizə qurbandır” deyə əlavə edir.


-Kimdir Hacı Məcid Əfəndi?
-Hacı Məcid Əfəndi adlı-sanlı bir Mövlana, Azərbaycanda, xüsusilə Şamaxıda elmin, mədəniyyətin, təhsilin yaradıcılarından biri olub. 4 il İstanbulda, 4 il Bağdadda, Tiranada ruhani təhsili alıb, qayıdandan sonra Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Şamaxı Cümə məscidinin Baş İmamı olub. İstanbulda oxuduğu illərdə Əhməd paşa ilə tanış olub onunla dostlaşır. Bu həmin Əhməd paşadır ki, oğulları Nuru paşa ilə Ənvər paşa sonradan Azərbaycanın istiqlaliyyəti uğrunda mücadilə verəcəklər… Nə isə, Şamaxıya qayıdandan  bir müddət müddət Hacı Məcid Əfəndi özü məktəb açır. Bu məktəbdə Seyid Əzim Şirvani və o dövrdə Şamaxıda yaşayan bir çox mütəfəkakirlər dərs deyirlər. Hacı Məcid Əfəndi Bakı Quberniyasının Müsəlman Məclisinin sədri olduğu üçün Şamaxıda islahatlar aparır. Ona qədər hər 10 evə bir molla düşürdüsə, o mollaların sayını 10 dəfə azaldır. Yalançı mollaları ordan uzaqlaşdırır. Çünki onlara verilən maaşı imkansızlara, xəstələrə xərcləyirdi. Hacı Məcid Əfəndi böyük nüfuz sahibi idi. Hələ 1905-ci ildə Azərbaycanın müxtəlif yerlərinldə erməni qırğınları olanda Şamaxı məhz ona görə qırğınlardan kənarda qaldı. O, erməni keşişi Baqratı, Malakan keşişi Kanavalovu, bir də yəhudilərin ravinlərini Şamaxının mərkəzi meydanına çağırıb «Quran» üstündə onlarla dava etməmək barədə əhd-peyman bağlayır.

- Əslində, Nuru paşa və Ənvər paşanı Azərbaycana gətirən Hacı Məcid Əfəndinin oğlu olub…
 - Bayaq dedim, İstanbulda oxuyarkən Hacı Məcid Əfəndi Nuru paşa ilə Ənvər paşanın atası Əhməd paşa ilə dostlaşıblar. Bu dostluq sonradan onların övladları tərəfindən davam etdirilib. Belə ki, Hacı Məcid Əfəndinin 3-cü oğlu Həbib Əfəndi qardaşların kiçiyi olduğundan, bir az ərköyün imiş. O vaxt Şamaxıda Hacı Məcid Əfəndiyə qarşı bir dəstə yaranıbmış. Onun şöhrətindən paxıllanıb ləkələməyə çalışırlarmış. Müxtəlif məqamlara ərizə yazırlarmış, şikayət edilərmiş. Ancaq yoxlanıldıqdan sonra iftira olduğu üzə çıxırmış. Növbəti böhtan onun oğlu Həbib Əfəndiyə atılır.Hacı Məcid Ədəndinin kiçik oğlu  Həbib Əfəndi öz taytuşları ilə böyük şairimiz Mirzə Ələkbər Sabirin sabun tiyanını aşırıb və sabunları dağıdıb. Hacı Məcid Əfəndi öz Əfəndi şərəfini çox gözləyən adam idi. Oğluna möhkəm qəzəblənir, hətta qubernatordan xahiş edir ki, oğlunu Sibirə sürgünə yollasın. Qubernatora ərizə belə yazır, amma qubernator Hacı Məcid Əfəndiyə bu hərəkətin sürgün üçün əsas olmadığını bildirir.
M.Ə.Sabir özü Hacı Məcid Əfəndinin yanına gələrək bildirir ki, o hadisədə Həbibin heç bir günahı yoxdur. Həm də dağılan sabunlar mənimdirsə mən şikayətçi olmalıyam. Mənim isə heç bir şikayətim yoxdur. Amma Hacı Məcid Əfəndi oğlunu möhkəm tənbeh edir. Böyük oğlu Mustafa Əfəndiyə tapşırır ki, Sabirə dəyən bütün ziyanı artıqlaması ilə ödəsin. Və bundan sonra daima Mirzə Ələkbər Sabirin qayğısını çəksin.
Onda Həbib atasından bərk inciyir və baş götürüb Şamaxıdan İstanbula gedir. Hacı Məcid Əfəndinin bu şəhərdə Əhməd Paşa adlı dostu olduğunu bildiyindən, onun evinə düşür. Əhməd Paşa dostunun oğlunu himayəsinə götürür. Həbib Əfəndini oxudurb ona təhsil verir.
Qızı  Züleyxa ilə Həbib Əfəndini nişanlayır. Ancaq Həbibin bəxti burda da gətirmir. Züleyxa (Zəlihə) vaxtsız vəfat edir…
Ancaq Həbib bu ailədə yaşamağa davam edir. Universitet təhsili alır. İstanbulda və başqa şəhərlərdə pedoqoji fəaliyyət göstərir. Hətta 1914-cü ildən 1917-ci ilə kimi Suriyada Ədəndə şəhərinin valisi vəzifəsində çalışır. Ara-sıra məktub yazmağına baxmayaraq, o qədər incikmiş ki, 1908-ci ildə atasının dəfninə də gəlmir.

 - Bəs sonradan bu boyda imkanın sahibi nə üçün hamısını atıb qayıdır?
- O, 1918-ci ildə bəlli erməni vəhşiliklərini eşidərək Vətənə qayıdır…Həbib Şamaxıya gələndə, erməni-müsəlman qırğınının 1 mərhələsi qurtarmışdı. Lalayevin başçılığı daşnaklar Gəncə qoşunu gələnə qədər istədiklərini edib qaçıb getmişdilər. Sonra 2-ci dəfə gəldilər…Şəhərin adlı-sanlı, hörmətli şəxsləri məhv edilmişdi, Cümə məscidi yandırılmışdı. Bax, belə qanlı-qadalı bir vaxtda Şamaxıya gələn Həbib Əfəndi şəhərin qəza rəisi Azad bəy Qocamabəyovla görüşür. Azad bəy də bu fikirdəymiş ki, onları bu çıxmazdan ancaq türk ordusu qurtara bilər. Elə Azərbaycanın Milli Şurası da belə düşünürdü. M.Ə.Rəsulzadənin Türkiyəylə danışıqları gedir. Türk qoşunlarının gəlişini tezləşdirmək lazım idi. Azad bəy bilirdi ki, Türkiyənin Hərbiyyə naziri Ənvər paşa Həbib Əfəndinin qaynıdır. Digər Şamaxı başbilənləri ilə məsləhətləşib, Ənvər Paşaya bir məktub yazıblar. Həbib Əfəndi Şamaxı ziyalılarının məktubu ilə  təcili İstanbula qayıdıb..
İstanbulda onu əmin etdilər ki, artıq Azərbaycana gedəcək qoşun formalaşır. Bu aralarda da Nuri Paşa Şimali Afrikadan yenicə qayıtmışdı. Beləliklə Qafqaz İslam ordusu formalaşır və  Nuru Paşa komandan təyin edilir…
Həbib Əfəndi Nuru paşanın yavəri həm də bələdçisi təyin edilir. Qafqaz İslam ordusu Nuri paşanın komandanlığı altında Azərbaycana gəldiyi vaxtda Əhməd Cavad, Gəncədən Məhəmməd Hadi onlara qoşulur. Məhəmməd Hadi isə ordu ruhanisi olur…
Bunlar Şamaxıya gəlib çatana yaxın Ağsu tərəfdə məşhur balabançalan Əli Kərimov onları qarşılayır. Cəngi sədaları altında bunlar Şamaxıya daxil olurlar. Şamaxıdan sonra Qafqaz İslam Ordusu Bakıya gəlir.  Bakıda onları toy bayramla qarşılayırlar. Təzə Pir məscidində qarşılanma mərasimində o vaxtkı Bakı milyonçuları Hacı Zeynalabdin Tağıyev və Musa Nağıyev də iştirak edir…
Hacı Zeynalabdin Tağıyevin qızı öz xatirələrində Nuri Paşanın şux qamətli, bir az arıq amma ucaboy adam olduğunu xatırlayır… Mən qadınlara aid olan yerdə idim və pərdənin arxasından baxırdım. Nuri Paşa minbərə qalxdı və çıxış etdi. Hamı diqqətlə bu xilaskar qəhrəmanı dinləyirdi…
Nuru paşanın Azərbaycandakı bütün əməliyyatlarında Həbib Əfəndi onun məsləhətçisi və bələdçisi olur. 1918-ci il noyabrın 17-də Qafqaz İslam ordusu Bakını tərk edir. Həbib Əfəndi Şamaxıda qalır. Çünki atasının sonuncu evliliyindən olan 4 uşağı sahibsiz qalmışdı. Ondan İstanbula niyə dönmədiyinin səbəbini soruşanda deyirmiş: «Bəlkə mən yenə də öz xalqıma lazım oldum…»
Bolşeviklər gələndə Həbib Əfəndi Göyçaya köçüb getdi. Onun Şamaxıda yaşayan qardaşları-Mustafa Əfəndi və Süleyman Əfəndi İsmayıllının Diyallı kəndində yaşamağa başladılar. Diyallı onların ata yurdu idi.
Mustafa Əfəndi atası kimi həm quberniya qazısıydı, həm müsəlman məclisinin sədri, həm də Zaqafqaziya müftisi seçilmişdi. Ancaq Tiflisdə oturmurdu, arabir gedib-gəlirdi. 1918-ci ildə daşnaklar evini yandırdığından, Şamaxıdan Diyallıya köçməyə məcbur oldu. Gözdən uzaq olmalarına baxmayaraq, qırmızılar onları unutmamışdı. Burda bir haşiyə çıxım ki, 1918-ci il hadisələrində ermənilər Lahıca girə bilməmişdilər. Çünki qardaşlar Diyallı atlıları deyilən bir dəstə yaratmışdılar. Bu dəstə Niyal dağında onların qarşısını kəsib geri oturtdurmuşdu. Lahıca o üzdən zərər dəyməmişdi. Bolşevik hakimiyyətində ermənilər vəzifə tutduğundan, qardaşlardan intiqam almağa fürsət gözləyirdilər. 1930-cu il aprelin 12-sindən 13-nə keçən gecə 2 qardaşı Diyallıdan, onların kürəkənləri Sirac Əfəndini Quşəncə kəndindən, Həbib Əfəndini Göyçaydan tutub Bakıya-Mərkəzi həbsxanaya saldılar. Onları ayrı-ayrı kameralarda saxlayırdılar. 2 ay 20 gün davam edən əzablı “istintaq”dan sonra dördünü də güllələdilər… Üstündən 40 il keçəndən sonra onlara bəraət verdilər.
Onların qohum-əqrabası bu repressiyalardan sonra soyadlarını dəyişdilər. Məmişov soyadından bizim qohumlarımız var ki, onlar da  repressiyalardan yayınmaqdan ötrü soyadlarını dəyişdilər. Bu yaxınlarda biz Hacı Məcid Əfəndini ziyarətə getdik. Eyni zamanda satirik şair M.Ə.Sabirin məzarını da ziyarət etdik.  Xeyriyyəçi Gülağa Tənha 150 min manatdan çox vəsait xərcləyib Sabirin məzarı üstündə məqbərə tikdirib. Hörmətli prezidentimiz İlham Əliyevin 01 iyun 2011-ci il tarixində imzaladığı sərancama əsasən may ayında dahi Sabirin 150 illiyi dövlət  səviyyəsində qeyd olunacaq. Təssüf ki, ora yığışanlar gəlib həmin məqbərənin bərbad vəziyyətdə görəcəklər. İnanıram ki, Mədəniyyət və Turizm Nazirliyinin məsul şəxsləri bu xırda çatışmamazlıqları aradan qaldıracaqlar.


- Ssenari indi nə vəziyyətdədir?
-Mən may ayında Türkiyəyə gedib bəzi arxiv materiallarla tanış olmaq istəyirəm. Orada Həbib Əfəndi, Hacı Məcid Əfəndi, həmçinin Qafqaz İslam Ordusu haqqında məlumat toplayacağam. Əslində, çox keyfiyyətli bir film olmasını istəyirəm, ona görə də tələsmirəm. Mən çox istəyirəm ki, Türkiyədə onların yaşadığı evlərini gedib görüm, fotosessiyasını edim, çünki ssenariyə çox lazım olur. İnşallah mükəmməl Hacı Məcid Əfəndinin adına layiq ssenari olacaq.


İltifat Hacıxanoğlu                          merkez.az

Комментариев нет:

Отправить комментарий