10.04.2012

Sərkisyana arvad paltarı geyindirən azərbaycanlı

Прикольные демотиваторы.Salam Sarvan

"Dama-dama şalvarda görmüşəm səni" (Maştağadan Ağasəlim Çıldağ)

Məşədi İbadın məşhur dilemması getdikcə müasirləşməkdə: Başa papağı necə qoymalı ki, Gəncə qumarbazına, “şapka”nı necə qoymalı ki, kənd təsərrüfatına kredit verən bank müdirinə, əmmaməni necə qoymalı ki, İrana işləyən axunda, tacı necə qoymalı ki, Quba xanı Rauf Həbibova oxşamayasan?!
İş təkcə papaqda deyil ki...
Geyim məsələsi Azərbaycanın mahiyyətində çox ciddi amil – Beyrəyin qanlı köynəyindən tutmuş Fatının tumanınacan.
Gör indi nə deyirəm... Həyat fəlsəfəsi “axırı beş arşın bezdir” olan, əməkhaqqına “donluq” deyilən, pionerinin gələcəyə yalnız sehirli xalatda gedə bildiyi buralarda geyimin fəlsəfəsi tamam fərqli. 

Fəlsəfəsinə görə geyim buralarda üst paltar deyil, alt paltardı. O, şüuraltımızda daha rəngarəng ifadə olunmaqda.
Geyim bizim əlimizdə silaha da çevrilə bilir. Məsələn, bizimkilər Xocalı soyqırımında şəxsən iştirak eləmiş Sərkisyandan son vaxtlar belə qisas alırlar: onun arvad parikində, arvad paltarında fotomontajını Facebookda yayırlar. Guya da, guya...
İki yazı bundan qabaq dediyimi bir də təkrarlamağa məcburam. Düşmənə söyüş söyüb qaçmağa oxşayan belə rəzil hərəkətləri yığışdırmaq lazım. 
Bir saniyəliyə başqa bir məqama dəyib qayıdıram: görəsən, dünyanın daha hansı qeyrət püskürən ölkələrində kişini təhqir eləmək üçün onu arvada oxşadırlar? 
Vay-vaay, qadına qarşı bu cür aşağılayıcı münasibət anlaşılmaz. İnsaf dinin nə qədəridi, deyə bilmərəm, amma güllə atıcılığı üzrə indiyədək Azərbaycana üç qızıl medal gəlmiş ki, üçünün də sahibi qadın: Zemfira Meftəhəddinova, Nigar Bağırova, İradə Aşumova.
İki ayağımı bir başmağa qoyub təkidlə deyirəm: ən yeni tariximiz geyimlə bağlı. Söhbət Əsgəranda iki həmvətənimizin öldürülməsinə görə ilk erməni-azərbaycanlı qarşıdurmasında Xuraman Abbasovanın kişilərimizin qarşısına yaylıq atmasından gedir. Xanımın bu jestindən sonra bizimkilər müqəddəs adət-ənənələrimizə hörmət əlaməti olaraq ermənilərin üstünə getməkdən vaz keçmiş və orada Qarabağ müharibəsinin ilk sülhü bağlanmışdı: “Yaylıq sülhü”.
Metro vaqonlarında öz kitablarını satan Bəşir Kəsərli həmin yaylığı indiyəcən başında gəzdirir.
Ta onu iddia eləmək doğru olmazdı ki, müğənni Tünzalə Ağayeva öz başıləçəkli imicini Bəşir Kəsərlidən götürmüş.
Onu deyirdim axı... Başıləçəkli Bəşir Kəsərli Qarabağ xanının vəziri Molla Pənah Vaqifin bu misralarını ucadan deyə-deyə Bakı küçələrini dolaşmaqda: “Kəlağayi əlvan, qəsabə qıyğac, altından cunası hayıf ki, yoxdur”.
Tünzalə Ağayeva isə əsgərlərin qarşısında oxuya-oxuya hərbi-vətənpərvərlik ruhunu qaldırmaqda: “Şuşanın dağları başı dumanlı... Qırmızı koftalı, yaşıl tumanlı”. 
Hə, qardaş canı, indi o Əsgəran məsələsi çox uzaqda qalmış. O vaxt hələ geyim amili siyasətə gəlib çıxmamışdı: Vaqif Bayatlı Odər “yaşil köynəkli oğlan” deyildi, Əşrəf Mehdiyevin “Qeyrət”çiləri əyinlərinə ağ kəfən geyib oturaq aksiyaya başlamamaşdılar, “Azadlıq” blokunun narıncı tenniskaları çirklənməmişdi.
O vaxt hələ müasirləşmək, modayla ayaqlaşmaq ümidləri də qalmaqdaydı –hələ çadralardan çıxan kimi çadırlara bürünməmişdik.
Belə-belə işlər... 
Üst paltar baxımından isə cəmiyyətimizin mahiyyətində rəngarənglik yox. Hara baxırsan idmançı kimonaları, polis uniformaları, hakim mantiyaları...
NÖVBƏTİ YAZIMIN İLK CÜMLƏSİ: Yolların tıxac olan hissələri iş yerlərinə çevrilməkdə: belə yerlərdə maşınların arasıynan gəzərək dilənənlər, peraşki satanlar, şüşəsilənlər...

salamsarvan@mail.ru                    publika.az

Комментариев нет:

Отправить комментарий