Yetim Həsənbala
Əlacı nə, çarəsi nə?
Vurulmuşam gözəlim, gözlərinin qarəsinə,
Bilmirəm bu sevdanın əlacı nə, çarəsi nə?
Yanıram atəşi eşqində gülüm, kül oluram,
Görən nədir bunun dərmanı nə, davası nə?
Tanrı mələk yaradıb səni bu dünyaya görə,
Yanır eşqində hamı: pərisi, pərvanəsi nə?
Aqili, sərsəmi, həm dəlisi, divanəsi nə?
Aşikar nifrət elə sevgidə nadan olana,
Əhd vəfa etməyən namərdə, mərdanəsinə!
Olma heç dünyapərəst, sərvətə çox meyl eləmə,
Çalış aldanma onun illəri dürdanəsinə.
Qurban et canını sən eşqinə, eşq anəsinə.
Əgər, bicarə Yetim sevgidə xəta eləsə,
Bağışla səhvini sən, əhdinə, peymanəsinə.
Yanmışam
Cəfakeş olmadığını bilə-bilə yanmışam,
Ərimişəm damla-damla, gilə-gilə yanmışam.
Baxanda gülürdü gözün, gülüşün üzündə bəlli,
Gülüşünə aldanaraq gülə-gülə yanmışam.
Nə sevənlər tək sevirsən, nə də atırsan məni,
Həsrətini çəkə-çəkə oda-külə yanmışam.
Çox cəfalar çəkmişəm, ağlatdın eşqində məni,
Gözlərimin yaşını hey silə-silə yanmışam.
Tufanlar qovdu məni, atdı məhəbbət nəhrinə,
Düşdüm eşqin dəryasına, suya-selə, yanmışam.
Əlim yetmədi oracan duvaq altında sənin,
Çəkmədim kəmərini o incə belə, yanmışam.
Başımı qoyammadım köksünün üstə, qəmə bax:
Sığal verə bilmədim o nazik telə, yanmışam.
Dərdi dağdan ağır Yetiməm, sədaqətliyəm,
Uymuşam fitnəsinə, fitnəyi-gülə yanmışam.
Комментариев нет:
Отправить комментарий