Emin Piri
Sevgi
Əllərin ovcumda,
ovcumda dünya
suya tilov sallayıb
əllərindən
göyərçinə dən atmaqdı
sevgi.
Körpü üstündə
dalğalanan saçlarında
əllərimin balıq kimi üzməsi,
sinənə sıxılıb
gözlərində qağayıların uçuşunu
seyr eləmək,
dalğalı dənizdə boğulub
ölməkdi sevgi.
Fanatı olduğun komandanın
son dəqiqə vurduğu
tarixi qoluna
sevinərək bir-birinə
sarılmaqdan da yaxındı
Sevgi.
doğum evi önündən
keçərkən
sevdiyinin gizli təbəssümünə
dodaqaltı qımışmaqla
cavabındı sevgi.
Gecə yarısı körpə qığıltısına
oyanıb
səhərəcən növbəylə
beşik yelləmək...
... yuxunda belə
“ başqasi daha çox sevə bilərdi,
özgəsini daha artıq sevə bilərdim”
deyə bilmədiyin
sözdü
sevgi!..
İşıqforda çaşan külək
Döngələrdə gizlənib
oğrun-oğrun
baxır qızlara külək.
Kiminin taleyini,
kiminin telin aparır.
Tutub ətəklərindən
şit-şit zarafatlaşır,
əl atıb saçlarına
yolur
və gülür külək.
Bu külək canından çıxıb
harda can verəcək bilmir.
adamlar küləkdən qaçıb
hara gedəcək bilmir.
Işıqforda gözləyib
baxır
havalı keçən maşına
necə keçsin küçənin
bu başından o başına.
Yorulub əldən düşür,
şəhərin gözündən düşür,
o qədər qıza ilişib
utandığından
dağlara qaçır külək.
Toylarda oynayan xanımlar kimi
yellənir
sünbülü dolmuş zəmilər
bu küləyin havasına.
Yayın istisi vurub başına
üz-gözü tər içində
payızçün yaman darıxıb.
oturub ağac kölgəsində
özünü küləyə verir
bu külək.
Комментариев нет:
Отправить комментарий