Vüsalə Əlövsətqızı Milli.Az
Bəşəriyyəti uçuruma yuvarlayan süni qidalar, "fast-food" məhsulları hər il minlərlə insanın canını almaqda davam edir
Tez hazırlanan yeməklərə hələ Qədim Romada rast gəlinmişdir. Belə qidaları əlüstü, ayaqüstü yeməklər və ya müasir dillə desək, “fast-food” adlandırırlar. “Fastfood” termininə ilk dəfə 1951-ci ildə Merriam Vebsterin lüğətində rast gəlinib. 1920-ci ildə isə Amerikada əlüstü yeməklərin biznesinə başlanılıb. 1921-ci ildə Kanzas ştatında “White Castle” kompaniyası hamburger satışı ilə məşğul olub.1940-cı ildə isə bu kompaniyaya ən böyük rəqib olan McDonald`s yaradılıb. Hazırda fast-food məhsullarının ticarəti ilə məşğul olan ən böyük şirkətin dünyanın 119 ölkəsində 30 000-dən çox restoranı fəaliyyət göstərir. Son dövrlərdə isə Amerikada, eləcə də digər inkişaf etmiş ölkələrdə sağlamlıq üçün zərərli olduğuna görə “Mc.Donald`s şəbəkələrinin qidalarını boykot etmək” aksiyaları keçirilir.
Ürək, şəkər, təzyiq, xolesterol və yaddaş zəifliyinin yaranma səbəbləri fast-food məhsullarıdır
Xarici ölkələrdə daha çox kasıb təbəqələr üçün nəzərdə tutulan fast-food məhsullarına Azərbaycanda orta təbəqə üstünlük verir. Xüsusilə şəhər ortamında belə qidaların ticarəti ilə məşğul olanların sayı çoxdur. Mütəxəssislər dünyanı cənginə alan xərçəng, həzm sisteminin pozulması kimi xəsətliklərin yaranma səbəbini əlüstü yeməklərlə qidalanmaqda görürlər.
Xərçəng xəstəliyini satın alırıq?
- Fast-food məhsullarındakı yağlar heyvan mənşəlidir. Çoxunda doymuş yağ vardır. Bu da insanda ürək və bəzi xroniki xəstəliklərə, xərçəngə tutulma riskini artırır. İnsan orqanizminə vurulan zərərli təsir bununla bitmir...
- Fast-food restoranlarında yeyilən qidaların tərkibində A, C vitaminləri və Kalsium çox azdır. İnsan orqanizminin sağlam olması üçün gündəlik bu vitaminlərin qəbul edilməsi əsas şərtlərdən biridir. Belə vitaminlərin az qəbul edilməsi katarakt, ürək, eləcə də digər xroniki xəstəliklərə tutulma ehtimalını artırır.
- Bol yağda qızartma üsulu fast-food restoranlarında tez-tez istifadə edilir. Təbii ki, həmin yağlarda məhsul bir-iki kərə deyil, dəfələrlə bişirilir. Bu yağların tərkibi 10-12 saatdan sonra dəyişir. Qızartma zamanı yağdakı E vitamini və zülallar yanır, təhlükəli birləşmələrə çevrilir. Zərərli və qeyri-sağlam qidalanma nəticəsində isə orqanizmdə xərçəng yaradan hüceyrələrin inkişafı sürətlənir. Yağda qızardılmış qidalardan tez-tez istifadə etdikdə isə həzm orqanları xərçəng xəstəliyinə asanlıqla tutula bilir.
- Fast-foodla birlikdə istehlak edilən kolalı, qazlı içkilər insanın kökəlməsinə, həzm sistemində problemlər yaranmasına səbəb olur.
- Həddindən artıq kofein qəbulu əsəbilik, yuxusuzluq gətirir, qan təzyiqində yüksəlmə riskini artırır. Tərkibində kofein olan maddələr dəmirin bədəndən sorulmasının qarşısını alır.
- Ayaqüstü bəslənmədə yeməklərə uzunömürlü və tamlı qalmaq üçün kimyəvi rəng və dadvericilər, antibakterial və s. kimi qatışıq maddələr vurulur. Belə qatışıqlardan yerində və normasında istifadə edilməməsi xərçəngə tutulma riskini dəfələrlə artırır.
Uşağınızı sevindirmək üçün aldığınız fast-food məhsulları onun gələcəyini məhv edir
Fast-food sənayesinin hədəfi xüsusilə uşaq və gənclərdir. Uşaqları cəlb etmək üçün əsasən məşhur cizgi filmlərinin surətlərindən də istifadə edilir. Cizgi filmlərində, reklamlarda belə qidaların qəbul edilməsi tez-tez göstərilir. Bir çox fast-food restoranlarında uşaq menyuları belə vardır. Uşaq həkimi Aytac Məhərrəmli qeyd edir ki, fast-food məhsulları inkişafda olan uşaqlar üçün xüsusilə zərərlidir. “Heyvan və ya transgen mənşəli yağlarda qızardılmış məhsulların, eləcə də süni qidaların tərkibində vitaminlər, enerjinin, karbohidratların dəyəri qeyri-stabil olur. Belə qidaları mütəmadi qəbul edən uşaqlarda həzm sistemi xəstəlikləri, sümük boşluğu daha çox özünü göstərir. Fast-food məhsullarından tez-tez istifadə edən ailələrin uşaqlarında yaddaş zəifliyi və qavrama qabiliyyəti aşağı səviyyədə olur. Onlar yetkinlik dövründə “kökəlmə bəlası”na düçar olurlar. Uşaqlar çox yedikləri üçün deyil, zərərli qidalar yedikləri üçün xəstələnirlər”.
Dadverici qatışıqlarda gizlənən təhlükələr
Hazır ət sularının və şorbaların tərkibində MSG-monosodium glutamat adlı dadverici qatışıqlar vardır. MSG kiçik yaşlı uşaqlar üçün çox zərərlidir. Bu maddənin körpə və azyaşlı uşaqların qidasında istifadəsi qadağan edilmişdir. MSG bəhməzin mayalanmasından alınır. Bəhməzdə zərərsiz dad verən duz maddəsidir. Məhsula ətir və dad verən maddələr qidanı daha cazibəli, orijinal iyi, tamı saxlamaq və ya dad artırmaq üçün istifadə edilir. MSG- Monosodium glutamat (E621) xüsusilə uzaq şərq (Çin, Yapon) və Türk mətbəxində istifadə edilir. Bu maddədən yaranan reaksiyaya “Çin Restoranı Sindromu” deyirlər. Həddindən çox MSG qəbulu insanlarda baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır.
Qərbin “sürətli yemək - fast food” mədəniyyəti getdikcə bizi də əsarəti altına alır
Amerikadan başlayan qeyri-sağlam qidalanma dəhşətli nəticələri ilə bəşəriyyəti sual qarşısında qoyur. Bütün mənfi nəticələrinə baxmayaraq, insanlar hələ də süni yeməklərlə özlərini zəhərləyirlər. Amerikanın “xəstə qidalanma mədəniyyəti” getdikcə bizə də yoluxur. Qadınlar yemək bişirməkdə ərincəklik edir, əlüstü yeməklərlə günlərini keçirməyə çalışırlar. Qərbin Şərqə həsəd apardığı “süfrə mədəniyyəti” indi buxarlanıb göylərə qalxır.
Комментариев нет:
Отправить комментарий