01.12.2010

Aqata Kristi: detektiv ədəbiyyatının kraliçası

  Dünya ədəbiyyatında detektiv janrın ustaları çoxdur, ancaq Aqata Kristi bu janrın yeganə kraliçası sayılır. Londonda, Britaniya Muzeyinin qarşısında mavi rəngli vaqon dayanıb. Onun romanlarını oxuyanlar bu vaqonu görəndə təəccüblənməzlər. Bu yazıçının ən məşhur romanlarında təsvir edilmiş “Mavi ekspress”dən biridir. Buraya daxil olub romanın qəhrəmanları olan 12 nəfərin yaşadığı şəraiti görmək olar. Bu ekspozisiya yazıçının xatirəsinə hazırlanmış xüsusi sərgidir. 
   
  Dünya ədəbiyyatına “Siçan tələsi”, “On zənci balası”, “Şərq ekspressində qətl”, “Rocer Ekroydun qətli”, “Nildə ölüm” və digər görkəmli əsərlər vermiş Aqata Kristi ingilis ədəbiyyatında detektiv janrın ən məşhur nümayəndələrindən və ən çox çap olunan yazıçılarından biridir. O, 60 detektiv, 6 psixoloji roman, 19 hekayə toplusu nəşr etdirib. 16 pyesi tamaşaya qoyulub. Əsərləri 100 dildə çap olunub.
  Aqata Kristi 1890-cı il sentyabrın 15-də Britaniyanın Torki şəhərində anadan olub. Əsl adı Aqata Meri Klarissa Malluendir. Aqata ailənin kiçik uşağı idi. Ondan başqa ailədə daha 2 uşaq - bacısı Marqerit və qardaşı Luis Montan böyüyürdü. Aqata yaxşı ibtidai və musiqi təhsili almışdı.
  Birinci Dünya müharibəsi zamanı Aqata hərbi hospitalda tibb bacısı və əczaçı işləyir. Aptekdə işləməsi sonralar yaradıcılığında onun köməyinə gəlir, belə ki, yazdığı əsərlərində törədilən 83 cinayətdə məhz zəhərlənmədən bəhs edilir. Yazıçı bu məqamları təfərrüatı ilə təsvir edir. 
  Aqata Kristi iki dəfə ərdə olub. Birinci dəfə o, 1914-cü ildə təyyarəçi Arçibald Kristi ilə ailə qurur. 1926-cı ildə ondan ayrılsa da, ömrünün sonunadək onun soyadını daşıyır.
  Aqata Kristinin detektiv janrına müraciət etməsinin maraqlı səbəbi var. Deyilənə görə, onun böyük bacısı Marqeritlə tez-tez mübahisəsi düşürmüş. Bacısı onun yazdıqlarını bəyənmirdi. Aqata isə sübut etmək istəyirdi ki, o ciddi əsərlər yaza bilər. 1920-ci idə onun ilk əsəri “Staylza gizli səfər” romanı çap olunur və bu əsərlə o tanınmağa başlayır. Roman 2000 tirajla çap olunur və yazıçı 25 funt-sterlinq qonorar alır. Bu o vaxtlar böyük məbləğ hesab olunurdu. 1926-cı ildə onun ən məşhur əsərlərindən biri “Rocer Ekroydun qətli” romanı çapdan çıxır və böyük şöhrət qazanır. 
  Yazıçı 1926-cı ili ömrünün ən çətin ili adlandırır. Həmin il o həyat yoldaşından ayrılır, anası vəfat edir. Çoxlu borcları olduğuna görə valideynlərinin evlərini satmalı olurlar. Onda amneziya əlamətləri peyda olmağa başlayır. Bəzən adını da unudurdu. Yaşadığı stress ona bir il heç nə yazmağa imkan vermir. 
  Günlərin bir günü Aqata özü yoxa çıxır. İki həftə polis onun axtarışı ilə məşğul olur. Onun avtomobilini yol qırağında tapırlar. Polis bu işlə bağlı onun keçmiş əri də daxil olmaqla bir neçə nəfəri dindirir. Heç kimin ağlına da gəlməzdi ki, bütün bunları Aqatanın özü quraşdırıb. Bütün bu vaxtı o, ərinin məşuqəsinin adı altında mehmanxanada yaşayır. Aqata istəyirdi ki, onun ölümündə əri Arçini günahkar bilsinlər. O, mehmanxanada yaşayaraq ərinin əzab çəkməsi barədə yazılanları oxuyub ləzzət alırdı. Bir neçə gündən sonra yazıçı özü də tapılır. Elan olunur ki, o yaddaşını itirdiyindən kimliyini unudub. Aqata məşhurlaşır və jurnalistlər o qədər onun zəhləsini tökürlər ki, sonralar o bir daha müsahibə vermir. Bu hadisə yazıçının Meri Vestmakott adı altında çap etdirdiyi “Yarımçıq portret” romanında ətraflı təsvir edilib. 
  Bir neşə ildən sonra yazıçı arxeoloq Maks Malluenlə ailə qurur və onunla birlikdə İraq və Suriyaya gedir. 15 yaş fərqilə evlənmək ona dəlilik kimi gəlirdi. O öz nikahı haqqında deyirdi ki, Maks arxeoloqdur, arxeoloqlar isə qədimliyi sevirlər. Ona görə də yaşım artdıqca mən daha maraqlı görünürəm. O, Yaxın Şərqdə ərinin getdiyi bütün ekspedisiyalarda iştirak edir. Onun əsərlərindəki hadisələrin çoxu məhz orada baş verir.
  1934-cü ildə “Şərq ekspressində qətl” əsəri çapdan çıxır. Kristi bu romanı İstanbuldakı “Pera Palas” otelində yazıb. Yazıçının yaşadığı 411 saylı otaqda indi onun memorial muzeyi yaradılıb. Roman böyük şöhrət qazanıb və dəfələrlə böyük tirajla çap olunub
  Kristinin əsər yazmaq vərdişi çox qəribə idi. Detektiv yazmaq üçün ona isti vanna və alma lazım olurdu. Saatlarla vannada oturub alma yeyərək ölüm hadisələrinin labirintini quraşdırırdı. Ondan soruşanda ki, niyə zəhərdən çox istifadə edir, cavab verirdi ki, qan içində uzanmış ölülərdən xoşum gəlmir. Odlu silahdan isə qaçıram, çünki bundan tamamilə başım çıxmır. Zəhərləmək isə o qədər asandır ki... Oxucuların hisslərinə hörmətlə yanaşdığından o heç vaxt seksual cinayətləri əsərlərinin mövzusuna çevirməyib. 
  İngilis ədəbiyyatında detektiv janrının ənənələrini davam etdirən Kristi iki qəhrəman obrazı yaradır: intellektual Puaro və komik kapitan Qastinqs. Üçüncü bir qəhrəman isə yaşlı qadın Miss Marpl idi. Ancaq daha çox sevilən Puaro olur. Bu personaj onun ilk romanlarından birində ortaya çıxır. Belçikalı xəfiyyə onun 33 romanı və 54 hekayəsinin qəhrəmanıdır.
  Yaradıcılığının son dövrlərində yazıçı məşhur Konan Doyl kimi yaratdığı qəhrəmanlardan yorulur. Yazdığı “Pərdə” və “Yatmış gözəl” romanlarında o, Puaronu “öldürməklə” serial romanlarını bitirmək istəyirdi. Son romanlarından birində Puaro ölür. Amma naşirlər sevimli qəhrəmanın ölümü təsvir edilən əsəri çap etmək istəmirlər.
  Aqata Kristinin əsərlərinin digər qəhrəmanları da olub. Bunlardan biri polkovnik Reysdir. O, ingilis kəşfiyyatının agentidir və təhlükəli cinayətkarları axtarıb tapmaq üçün dünyanı dolaşır. Polkovnik Reys yazıçının - “Qəhvəyi kostyumlu adam”, “Nildə ölüm”, ”Kartları açın” və “Parıldayan sianid” əsərlərində iştirak edir.
  İkinci qəhrəman yazıçının 12 hekayəsinin əsas personajı olan Parker Rayndır.Onun qəhrəmanı olduğu hekayələr detektiv yox, daha çox psixoloji janrda yazılıb. Bu hekayələrin süjet xəttini cinayət yox, Raynın müştərilərinin müxtəlif səbəblərdən başlarına gələn əhvalatlar təşkil edir. 
  Son kitabının nəşrindən sonra o deyir: “Mən artıq borca yaşayıram. Elə bil ki, dəhlizdə oturub çağırış siqnalını gözləyirəm. Mən ölümlə görüşə hazıram...”. 
  Uzun ömür yaşayan yazıçı 1976-cı il yanvarın 12-də vəfat edir.
 

                                                                          medeniyyet.az  

Комментариев нет:

Отправить комментарий