06.12.2010

BİR AİLƏNİN FACİƏSİ

OKTAY HACIMUSALI

(Reaksiya bildirməli olduqlarım üçün – IV yazı)

 

GİRİŞ
 
Gənc yazıçı Sahilə İbrahimovanın “Ulduz” dərgisində çap olunan hekayələrindən biri daha çox diqqətimi cəlb etdiyindən bu yazıda məhz həmin hekayədən bəhs etməyə çalışacağam. Hekayə “Elə deyilmiş” adlanır. Hekayədə bir – birini dəlicəsinə sevən iki insanın arzularının arxasınca qaçmasından, lakin arzuların heç də hər zaman reallığa çevrilməməsindən, bəzən isə hətta faciəyə gətirib çıxarmasından danışılır. Səbəblər nə olursa olsun hər zaman nəticə önəmlidir və dünya xəlq olunduğundan bəri davam edən Xeyir – Şər mübarizəsində heç də həmişə Xeyir qalib gəlmir.  

Hekayənin sujet xətti olduqca maraqlıdır. Kadrlar durmadan yenilənir, lakin hər kadr yenilənməmişdən öncə bir inam dilə gətirilir: BİZ XOŞBƏXT OLACAĞIQ. BİZ BUNA LAYİQİK!... Kadrlar yeniləndikcə bir məqam da özünü göstərir: yavaş – yavaş ümidlər ölür, geriyə isə qocaman təsəllilər qalır. Sona doğru təsəllilər də ölür və ailənin yeganə ümidi - övladları ağ ölümün qurbanına çevrilir. Bundan sonra artıq xoşbəxt olmaqdan və ya xoşbəxt olmağa layiq olmaqdan danışmaq isə absurddur. 

Bu yazı boyunca gənc yazıçı Sahilə İbrahimovanın qələmə aldığı “Elə deyilmiş” hekayəsini məhz onun üslubu ilə, yəni kadr – kadr incələməyə çalışacağam. Çünki, bu hekayəni qısa metrajlı sənədli – bədii film də adlandırmaq olar.

I KADR
 
İnsan arzulardan ibarətdir. Yəni bir arzusunu həyata keçirib ondan zövq almağa imkanı da çatmır heç kimi zaman, dərhal digər arzusunun peşindən qaçır. Arzular isə tükənmir ki, tükənmir... Öz arzularının arxasınca qaçan, durmadan ona yetişməyə çalışan insan bu yolda ona əngəl olan ya da əngəl ola biləcək maneəni rahatlıqla dəf etməyə qadirdir. 

... İki gənc... Bir – birilərini dəlicəsinə sevirlər. Onların sevgiləri saf və qutsaldır. O qədər saf və qutsaldır ki, hətta onlar vüsal anlarından sonra hər şeyin daha da gözəl olacağına, dünyanın tamamilə dəyişəcəyinə inanırlar. Hər şey ağ – qara şəkillərdəki kimi saf, təmiz, həlim və təhlükəsiz görünür onların gözünə. Və qonşularının dediklərini də öz düşüncələrinə sitat kimi gətirirlər. Onların sevgisi qovuşduqdan sonra elə bir dünya qurulacaq ki, orda nə cinayətlər işlənəcək, nə də həmin cinayətlərin araşdırılması üçün gecəsini gündüzünə qatan hüquqşunaslar lazım olacaq... Hakimlər artıq başqa bir sənətə yiyələnməli olacaqlar...

Onlar bir – birini sevsələr də içlərində dəhşətli bir qorxu var. Qovuşa bilməmək qorxusu. Sevsələr də nə zamansa ayrılacaqları qorxusu ilə yaşamaq rahatlıq vermir onlara. Lakin yaşamaq əzmi onlara ayrı güc bəxş edir. İki sevən insan bir – birindən güc alır. Gözəl, xoşbəxt bir həyata layiq olduqlarını hər kəsə hayqırmaq keçir könüllərindən. 

Bu iki sevən qəlbin etiraflarını oxuyarkən oxucu istər – istəməz yaddaşını təzələyir; indiyə qədər oxuduğu sevgi romanlarını, izlədiyi sevgi filmlərini xatırlayır və birinci kadrı(bütünlükdə hekayəni yox!) onlarla qarşılaşdırmağa çalışır. Hər şey eynidir, çünki sevgi deyilən qavramın açılımı sevgi ümumbəşəri bir hiss olduğuna görə həmin duyğunun insanda yaradacağı ovqat dəyişməzdir. Sevginin qarşısını tikanlı məftillər kimi kəsən mədəniyyətlərarası, siniflərarası fərqliliklər daim mövcud olmuşdur və zənnimcə elə sevgin böyüklüyü, sevginin qutsallığı da həmin mədəniyyətlərarası, siniflərarası fərqliliklərə sinə gərmək, onları aradan qaldırmaq gücündə gizlidir. 

Bir məqam da özünü dərhal biruzə verir hekayədə: yazarın aid olduğu millətin psixologiyasını öz əsərində göstərməsi!... Bilirsinizmi, bu yazarın bəlkə də qarşısına qoyduğu məqsədlərdən deyil, bəlkə də yazar bu məsələnin fərqinə yazını oxuduqdan sonra varacaqdır. Amma səbəb nə olursa olsun yazar qoca Şərqlinin prizmasından baxıb hadisələrə. Bu gün “gender, gender” – deyə qışqıranların qarşısına qoyulmalı faktdır. Bir – birinə sevgi kimi qutsal hisslə bağlı olan iki nəfərin münasibəti (istər ailə qurmamışdan öncə, istərsə də ailə qurduqdan sonra!) qarşılıqlı sevgi və anlayış içərisində davam edir. Bəzən hətta qadın duruma etiraz edir, amma kişi vəziyyətdən çıxış yolları tapır. Nəticədə isə kadrlar qadının təsdiqləyici ifadələri ilə başa çatır: 

- Elədi.

Sadəcə bir kadrın sonunu çıxmaq şərtiylə yazar fərqində olaraq, ya da fərqində olmadan Şərqin ataərkil(patriarxat) ailə modelinə qadının sadiqliyini göstərib. Bu da bu gün bəzi gənclərimizin milli – mənəvi dəyərlərimizi heçə saydığı bir zamanda çox təqdirəşayan bir haldır.
 
II KADR
 
...Kadrlar sürətlə bir – birini əvəz edir. Kadrlar hər nə qədər bir – birini sürətlə əvəz etsə də, müstəqilmiş kimi görünsə də, əslində ikinci kadr mənbəəyini birinci kadrın sonundan götürüb. Hər şeyin gözəl olacağına dair verilən vədlər qızın gözlərində parlayan xoşbəxt ümidlə və köhnə kinoların məhəbbət səhnələrindəki kimi günəş şüalarının dalğalarının üstündə qayğısız – qayğısız yellənməsi ilə sıx surətdə bağlıdır. Yazar burda incə bir yumorla keçmişin kinolarındakı məhəbbət səhnələrinə ətfdə bulunur, onları yarı ironik yarı ciddi bir dillə bir cümlə ilə belə olsa oxucuya xatırladır. Bununla da yazar kinonun məhəbbət səhnələri ilə gerçək həyatdaki məhəbbət səhnələrinin daban – dabana zidd olduğunu oxucuya çatdırır, sanki oxucunu gələcək kadrlarda (belə baxanda elə bu kadrın özündə də!) baş verəcəklərə hazırlayır. 

Ümid dolu anlar geridə qalıb, əgər əvvəllər qorxu hissləri mövcud idisə, indi bu qorxu hisslərinin yerini tamam fərqli duyğular alıb. Saatın əqrəbləri sürətlə hərəkət edir, bəzi insanlar isə əqrəbləri sürətlə hərəkət edən saatların bir zaman insanları xoşbəxt edəcəyinə inanır. Artıq bir – birini sevən iki gənci ailə telləri bir – birinə sıx surətdə bağlayır. Onlar artıq yaxşı və pis günlərdə bir – birilərinə dayaq olacaqlarına söz veriblər. Pis günlərdən biri artıq qapıdadır. Ailə qursalar da, xoşbəxt ömür sürsələr də, evdən uşaq səsi eşidilmir. Və oğlanın anası bu işdə gəlinini günahlandırır. Onların arasında yenə də ümid dolu, sevgi dolu bir dialoq yaşanır və yaşanan dialoq qadının təsdiqini saymasaq ərin bir cümləsi ilə başa çatır: 

- Biz bir ailə üçün uşağın nə qədər vacib olduğunu unudarıq.

Oxucu burda dialoqların hər kadrda təkrarlanmasına da fikir verməlidir məncə. Bu da əsərin sonuna kimi bizi finala anbaan yaxınlaşdıran uğurlu bir tapıntıdır. İşdi şayət bu əsərin mövzusu hardansa başqa bir yerdən süni bir şəkildə götürülmüş olsaydı, yazarın peşəkarlığından ya da xamlığından asılı olmadan kadrlar bu qədər uğurlu alınmayacaqdı. Müəllifin ən incə detalı belə gözdən qaçırmamasının məncə yeganə səbəbi də elə həmin təbiilikdir. Bu hadisələrin hər birisi bizim ətrafımızda mövcuddur. Hər birimiz bilirik ki, insan sevdiyi zaman təkcə özünü yox, həm də ətrafında onu sevən insanı fikirləşir və bir gün mütləq xoşbəxtliyin onların da qapısını döyəcəyini, onun da sevdiyi insanla bərabər bu xoşbəxtliyə layiq olduğunu xəyal edib müsbət düşüncələr üstündə köklənir. Sözsüz ki, bu hər bir insanın ən təbii haqqıdır. 
 
III KADR
 
Lakin heç də hər şey həmişə insanın düşündüyü, xəyal etdiyi kimi getmir...

Yenə də müəyyən bir vaxt dilimi keçir və kadr yenə dəyişir. Axşam düşür Bu dəfə qadının əli boynunda, qulağında gəzişir. O, boynunda, qulağında nəyisə varsa hər şeyini bazara çıxarır. Lakin qadın yenə də nikbindir. Yenə də xoşbəxt olduğuna, ya da bir gün xoşbəxt olacağına inanır. Bu kadrda yalnız təsəlli var. Bu kadrda yalnız artıq öləziməkdə olan ümidlər var. Burda yazarın maraqlı bir təsbiti diqqətimi çəkdi: “İnsanlar daha az gülür, solğun təsəlliləri acgöz ümidlərinin gözlərinə təpirlər. Mütəxəssislər bu dövrü keçid dövrü adlandırırlar.”

Burda artıq xoşbəxtliyin nisbi bir anlayış olduğun diqqət çəkir yazıçı kadrlar dəyişdikcə. Əgər ilk kadrlarda söhbət platonik sevgidən gedirdisə artıq hardasa söhbət pulun, maddiyyatın gətirə biləcəyi xoşbəxtlikdən gedir. Qadın ərinin onun qızıllarına verilən pulu ona verməsindən sonra pulların üstündə yatan sehrə aldanıb bir gün xoşbəxt olacaqlarını dilə gətirir. Maddiyyatla isə heç bir zaman xoşbəxtlik qurulmur. Bunu da növbəti kadrda - əsərin qəhrəmanlarının sevgisinin nəticəsində yaranan övladlarının ağ ölümə qurban getməsi kadrında görürük. Artıq o ana kimi yalnız təsəllidə qalan xoşbəxtlik nağılları birdəfəlik yox olub gedir. Geriyə gözüyaşlı ana, beli bükülmüş zavallı ata qalır.  

NÖVBƏTİ KADRLAR
 
Kadr yavaş – yavaş final səhnəsinə yaxınlaşır. Artıq onların övladları yoxdur. Ana ağlayır, ata isə səssizcə heykəl kimi dayanıb. Qıraqdan baxanlar bir daha onun səsini eşitməyəcəklərini zənn edirlər. O isə oğlunun ağ ölümə məğlub olan çəlimsiz vücudunu sanki bütöv bir qəbristanlığı daşıyırmış kimi çətinliklə yeriyir. Bəli, hekayənin məhz bu yerində cəmiyyəti təhdid edən növbəti bir bəladan söz edilir: ağ ölümdən, narkomaniyadan! Bəlkə də bu sıradan oxuculara adi bir məqam kimi gələcək, onlar bunu elə - belə oxuyub keçəcəklər. Amma yazıçı burda çox önəmli bir məqama toxunub, həyəcan təbili çalıb. Bu kiçik kadrla oxucuya dəhşətli bir həqiqəti çatdırıb: ailələr var ki, özülü sevgi ilə, sayğı ilə qoyulur, lakin həmin ailələri cəmiyyətimizin artıq sosial bılasına çevrilən narkomaniya, ağ ölüm məhv edir. İki nəfərin, bir – birini dəlicəsinə sevən iki nəfərin əvvəlki kadrlardakı həyatına nəzər salaq: onlar hər şeyə, bütün çətinliklərə sinə gərir, duruş gətirirdilər. Lakin ağ ölüm övladlarını əllərindən alandan sonra onların artıq söykənəcəkləri, sabaha ümidlə baxa biləcəkləri bircə dəyər belə olsun qalmayıb. Dövr bunu tələb edir. Yox olanların xəyalı ilə yaşayaraq xoşbəxt olmaq istəyənlər, ya da xoşbəxt olanlar çoxdan bu dünyadan gediblər. İndi hər şey gözlə görünənə inanma dövrüdür. Heç kim nə qəhrəman gözləmir, nə də qəhrəman olmaq iddiasındadır. İndi hamı sadəcə qarşısındakını nəyəsə inandırmağa çalışır. 

Əsərin qəhrəmanları da nəticədə nə xoşbəxt olmaq fikri ilə yaşayırlar, bir gün bu arzularını reallaşdırmaq, həyata keçirmək üçün arayışlar içindədilər. İndi onlar sadəcə kimlərisə xoşbəxt etmək fikrinə düşüblər. Yəni özlərini, öz həyatlarını kimlərəsə həsr ediblər. Amma kim nə deyirsə desin ortada bir ailənin faciəsi var. Bu faciə nə Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq” faciəsindəki ailənin dramına bənzəyir, nə də Rəşad Nuri Güntəkinin “Yarpaq tökümü” romanındaki ailənin dramına...  
 
SONDA...

Bir ailənin faciəsindən bəhs edən gənc müəllif onu narahat edən, cəmiyyətdə mövcud olan deformasiyalara, sosial – ictimai problemlərə, hətta milli – mənəvi dəyərlərin aşınması sorununa toxunub bu hekayədə. Ümumiyyətlə, Sahilə İbrahimovanın hekayələrində qısalıq, lakoniklik, amma bu qısalığın, lakonikliyin içərisində gizlənən dərin məntiq, şüuraltı məqamlara göndərmələr mövcuddur. Yazar demək olar ki, bütün hekayələrində geniş müşahidə və təs(v)ir gücünə malik olduğunu oxucusuna hiss elətdirir, lakin oxucunu həmin ovqatın, həmin əhvali – ruhiyyənin təsirində çox da saxlamır. Yəni, oxucu müəllifin dərin müşahidə gücünə və təs(v)ir qabiliyyətinə özünü qapdırmağa imkan tapmamış, bu dəfə Sahilə İbrahimova tamam başqa bir rakursdan oxucunun qarşısına çıxır. Oxucu modern qısa hekayə janrına çox da öyrəşmədiyindən hekayənin daha uzun olmasını gözləyir. Yəni oxucu gözləyir ki, indi yazıçı uzun – uzun ona iki sevən gəncin görüş səhnəsini tərif edəcək. Lakin heç də elə olmur. Qısa, beş – on cümləlik ekskursiyadan sonra oxucu artıq onların - əsərin qəhrəmanlarının sevgi səhnəsindən doyduğunun fərqinə varır. Bu da yazarın artıq üçüncü bir özəlliyindən - mühakimə qabiliyyətindən xəbər verir. Inanın mənə ki, Sahilə İbrahimova sadəcə birinci kadrdan bir roman da yaza bilərdi. Amma qısa yoldan bunu həll etmək var ikən, uzunçuluğa nə lüzum?! 

Sahilə İbrahimovanın “Elə deyilmiş” hekayəsini oxuduqdan sonra məndə belə bir fikir oyandı: Sahilə bədbəxt olan insanların cəmiyyəti xoşbəxt görmək istəməsinə diqqət çəkir. Yəni, bu bir növ səslənişdir cəmiyyətə: imkanı olmayanlara yaxşılıq edin! Bəlkə onların arasından elələri çıxacaq ki, sizin görə bilmədiyiniz işləri görəcək?! Kim bilir, bəlkə də?!..

Комментариев нет:

Отправить комментарий