01.12.2010

Bəşəriyyətin söz ustaları: Ömər Xəyyam

 Səhra gəmisi deyilən dəvə karvanı yol gedir, piyalədən qan rəngli şərab süzülür, ərəb qızı rəqs edir, qum saatında zaman axır... Şərqin nadir incilərindən biri olan Ömər Xəyyam zamanla birgə axıb dünyəviləşir. Dünya onu tanıyır: riyaziyyatçı, filosof, ilahiyyatçı, astronom, həkim və bir də rübai ustası kimi...
...O bahar Tanrı Çadırçı İbrahimi sevindirdi. Uzun illərdən sonra övladı oldu. İbrahim oğlunun adını Ömər qoydu.
 Ömər sözünün mənası həyat, Xəyyam sözünün mənası çadır ustası deməkdir. Sonralar xalq arasında belə bir deyim olacaqdı: atası çadır, oğlu müdriklik çadırı tikdi.

 
 
XƏYYAMIN DÜNYASI. NİŞAPUR ŞƏHƏRİ, 1048-Cİ İL. Tarıxçi Əbdül-Həsən Əli ibn Beyhəqi “Müdrikliyi mühafizə edənlərə əlavələr” kitabında yazır ki, Ömər Xəyyam adı ilə tanınan Əbül-Fəth Ömər ibn İbrahim əl-Xəyyami 1048-ci il mayın 18-də İranın Nişabur şəhərində dünyaya gələndə Merkuri Günəşlə birləşmiş vəziyyətdə, Yupiter isə ona nisbətən ücbucaq vəziyyətində olmuşdu. Göy cisimlərinin qəribə düzülüşü altında dünyaya gələn körpə doğrudanmı qeyri-adi olacaqdı? Bunu zaman göstərəcəkdi...
 O dövrdə Nişabur bütün Şərq alimlərinin cəmləşdiyi elm mərkəziydi. Xorasanın, İranın, ərəb dünyasının hər yerindən biliyə can atanlar məhz bu şəhərə üz tuturdular.
 Ömər bu elm beşiyində adlı-sanlı alim və ruhani Nəsrəddin şeyx Məhəmməd Mənsurun yanında təhsil alır. Müəllimi tez-tez Pifaqorun bu sözlərini təkrar edərdi: “İnsanın firavanlığı idrakın qanunlarına əsaslansa, çox yaxşı olar”.
 Ömər yaşıdlarından xeyli fərqlənirdi. O, elmləri öyrənir, öyrəndikcə dünya haqqında düşünür, sonda bir fikir onu kədərləndirirdi: «Bəlkə də, biz heç vaxt dünyanın sirlərini öyrənə bilməyəcəyik”. Sonra isə bu qənaətə gəlirdi: “Həyat qısadır, insan isə dünyada hər şeyi dərk etmək istəyir. Amma təəssüf ki, onun bir qarışını belə dərk etməyə qüvvəsi çatmır”.
 Ömər elmlərə yiyələndikcə öz-özünə deyirdi: “Elmlərin içərisində bütöv, ən ciddi və dəqiq bir elm var. Bu cəbr elmidir. Lakin bu elmdə də nə qədər qaranlıq səhifələr və həll olunmamış məsələlər var. Deməli, məqsədim bax bu olmalıdır».

  Yaşasan üç yüz il, beş yüz il, min il,
  Bu köhnə dünyadan gedəcəksən, bil,
  İstər dilənçi ol, istərsə şah ol,
  Məzarda qiymət bir, iki cür deyil.

 İLAHİ AN. SƏMƏRQƏND ŞƏHƏRİ, 1066-Cİ İL. Bu tarixdə yollar onu əfsanəvi şəhərə - Səmərqəndə gətirir. Ömər bu sirli şəhərdə vaxtının çoxunu elm ocaqlarında keçirirdi. 1066-cı ildə Buxaraya yollanır. Buxaraya gəldikdən bir neçə gün sonra “Doğruluq külliyyatı”nın müəllifi Əl-Buxarinin məzarına baş çəkir. Məzara yaxınlaşdıqca Ömərə ilham gəlir. O, on iki gün gecə və gündüz səhrada gəzib-dolaşır, dilinə rübaidən başqa heç nə gəlmir. Məhz dördlüyün bu növü fars ədəbiyyatında fəlsəfi poeziyanın geniş yayılmış janrı kimi şöhrət qazanır.
  Fələk qulağıma söylədi pünhan:
  Nə görsə qədərdən-qəzadan insan,
  Məndən bilir, ancaq mənim qüdrətim,
  Olsaydı gəzməzdim belə sərgərdan.

   
 TARİXİ GÖRÜŞ. İSFAHAN, 1074-CÜ İLİN BAHARI. Buxaranın Şərq darvazasından karvan İsfahana yola düşür. Ömər Xəyyam ağlına da gətirməzdi ki, həyatının 20 ili bu şəhərlə bağlı olacaq. O dövrdə Ömər Xəyyamın şöhrəti hər tərəfə yayılmışdı və bu qoca şəhərdə də onun yolunu gözləyənlər vardı.
 İsfahanda alimlərin müdafiəçisi, müdrik insan, “Siyasətnamə” risaləsinin müəllifi, Məlik şahın ağıllı və tədbirli vəziri Nizam əl-Mülklə Ömər Xəyyamın görüşü hələ də tarixin yaddaşından silinməyib.
 ULDUZLARIN SİRRİ. İSFƏHAN RƏSƏDXANASI. Miladi tarixi ilə 1074, hicri tarixi ilə 467-ci ildə Sultan Məlik şah tərəfindən rəsədxana tikilir və Şərqin ən tanınmış astronomları bu rəsədxanaya cəlb olunur. Ömər Xəyyam 18 il bu rəsədxanaya rəhbərlik edir.
 Bu illərin axtarışları hədər getmir. Ömər Xəyyam Müəyyid əl-Mülkün sifarişi ilə “Novruznamə” əsərini yazıb başa çatdırır. 1077-ci il dekabr ayının ortalarında Ömər Xəyyam özünün riyaziyyata aid ən mühüm əsərlərindən birini - “Evklidin kitabındakı girişdə olan çətinliklərin şərhləri”ni yazır.
 1091-ci ildə Ömər Xəyyam fəlsəfəyə dair “Mövcudluq haqqında risalə”sini yazır. Ümumiyyətlə isə Xəyyamın qələmindən çıxmış 5 fəlsəfi risalə dövrümüzə qədər gəlib çıxıb.
  Bu səhralar dolur, boşalır hər an,
  Baxdıqca bu çölə oluram heyran.
  Çünki bilinməyir hardan gəlibdir
  Haraya yollanır bu uzun karvan.
 

 Ömər Xəyyam qeyri-adi istedada malik idi. O, «Qurani-Kərim»i əzbərdən bilməklə yanaşı, onun bütün ayələrinin dəqiq təfsirini də verə bilmişdi. Şərqin ən bilikli ilahiyyatçıları Xəyyamdan məsləhət alırdılar. Ərəb fəlsəfə tarıxçisi Yusif Kifli “Filosofların tarixi” adlı əsərində yazır: “Xəyyam yunan fəlsəfəsini bilirdi, nücum elmində və fəlsəfədə onun misli-bərabəri yox idi”.
 Əl-Beyhəqinin sözlərini yada salaq: “ İnsan necə qüdrətli yaddaşa malik olmalıdır ki, kitabı yeddi dəfə oxuduqdan sonra səhvə yol vermədən onun üzünü köçürsün!”
 NİŞABUR, 1098-Cİ İL. Xəyyam ömrünün sonunu yoxsulluq içində yaşayırdı. Onun biliyi, ağlı daha heç kimə gərək deyildi. Xəyyamı anlamayan və yəqin ki, heç vaxt anlamağa qüdrəti çatmayan adamlar onun barəsində: “Bədbəxt filosof, yeddi göydə bir ulduzu yoxdu” - deyirdilər.
   Kimin bir çörəklik buğdası vardı,
  Başını çəkməyə yuvası vardı.
  Nə ağadı, nə də kimsəyə nökər,
  Şad olsun, zənn etsin dünyası vardı.
 

 DÜNYANIN XƏYYAMI. Deyilənlərə görə, Ömər Xəyyamın son oxuduğu kitab İbn Sinanın “Şəfa kitabı” olub. Kitabı oxuduqdan sonra “Pak şəxsləri çağırın, mən vəsiyyət edəcəyəm” - deyir. Axşam namazını qurtardıqdan sonra “İlahi, sənə məlumdu ki, mən imkan daxilində səni dərk etmişəm. Bağışla məni, - səni dərk etməyim - mənim sənə doğru gedən yolumdu”, - deyərək vəfat edir.

  Yaradan dünyanı neçin yaratdı?
  Sonra dəyişməyə neçin əl atdı?
  Əgər gözəldirsə, məhvə nə layiq
  Çirkinsə, nə üçün qüsura batdı?
 

 Elmə dünyəvi ölçü qazandıran Xəyyamı Qərbdə «Şərqin Dantesi» adlandırır, sənətkar, mühəndis, filosof kimi tanınan Leonardo Da Vinçi və riyaziyyatçı-alim Bles Paskalla müqayisə edirlər.
 XX əsrin əvvəllərində Böyük Britaniyada tikilmiş ən böyük sərnişin gəmisi «Titanik» batarkən göyərtəsində 13 milyon sterlinq məbləğində sərvətlə yanaşı, Ömər Xəyyamın qədim əlyazması “Rübayyat”ın da olduğu bildirilir. Bu, Qərbdə Ömər Xəyyam yaradıcılığına böyük marağın daha bir sübutudur.
 Zaman külək kimi əsdikcə, tarix ələk kimi ələndikcə, bəşəriyyətin nadir inciləri almaz dənələri kimi üzə çıxır. Zamansız və məkansız Ömər Xəyyam kimi...


   Təranə Məmmədova                                               

Комментариев нет:

Отправить комментарий