01.12.2010

Tərcümə ədəbiyyatımızın iftixarı: Vladimir Qafarov

  Azərbaycan poeziyasının dünya miqyasına çıxmasında onun əvəzsiz xidmətləri var
 
  Bizimlə qonşu binada yaşadığı üçün onunla tez-tez rastlaşırdım. Həmişə düşüncəli görünürdü, elə bil ki, fikri hardasa uzaqlarda idi. Bəlkə yol gedərkən də min illər əvvəl yazılmış hansısa sözün çalarını axtarırdı. Sonralar hər gün onu işlədiyim “Azərbaycan” nəşriyyatında görürdüm... 

 
   
  Əməkdar incəsənət xadimi Vladimir Qafarovun ədəbi redaktor işlədiyi sonuncu iş yerində - “Bakinski raboçi” qəzetində hamıya “canlı klassik” kimi təqdim edirdilər. Tərcümə ədəbiyyatımızın iftixarı olan Volodya 10 il öncə vəfat edib. Yaşasaydı, mayın 19-da 75 yaşını qeyd edəcəkdi.
  40-dan çox tərcümə kitabının (o cümlədən vaxtilə Moskvada 100 minlik tirajla çap edilərək ittifaq miqyasında yayılan “İncilər mücrüsü” (1968), “Bayatı mahnılar” (1978), “Azərbaycan xalqının poeziyası” (1978) kitabları) müəllifi V.Qafarovu dostları tərcümə ədəbiyyatının canlı klassiki adlandırırdılar. O, M.Füzuli, M.P.Vaqif, S.Vurğun, Ə.Vahid, R.Rza, Ə.Kərim, M.Araz, S.Rüstəm, Ə.Kürçaylı, B.Vahabzadə, X.R.Ulutürk və s. müəlliflərin əsərlərini rus dilinə tərcümə etmişdir. 

 
  Akif Şahverdiyev: 
  - “Dədə Qorqud”dan tutmuş Azərbaycan aşıq şeirinin rus dilinə tərcüməsi, Məhsəti rübailərinin, Füzuli qəzəllərinin, Yunis Əmrə və digər klassiklərin əsərlərinin rusdilli oxucular arasında əldən-ələ gəzməsi onun əvəzsiz xidmətidir. O, etdiyi tərcümələrdə təkcə Azərbaycanın ədəbiyyat nümunələrini tanıtmaqla kifayətlənmirdi. Həmişə çalışırdı ki, tərcümə etdiyi əsərlərdə xalqımızın tarixini, adət-ənənəsini, Şərq poeziyasının ritmini, formasını, janr və başqa orijinal xüsusiyyətlərini oxucuya olduğu kimi çatdırsın. Bir dəfə stolunun üstündə kağızlara sancılmış xeyli pul gördüm. Başa düşdüm ki, bunu nəyisə tərcümə etmək üçün gətirib veriblər. Məvacibin azlığına eyham vuraraq dedim: “Pul deyil, ustad, niyə götürmürsən?”. Volodya gülümsünərək bildirdi: “Pul olmağına puldu, amma şeir şeir deyil...”
  Heç vaxt ürəyinə yatmayan, milli ruhda olmayan, onu cəzb etməyən şeirləri tərcümə etməzdi. Özü də kimin şeirini tərcümə edirdisə həmin müəllif mütləq məşhurlaşırdı - əvvəlcə ittifaq səviyyəsində, sonra da beynəlxalq miqyasda. Bir neçə dəfə onunla dostlarının məclisində olmuşdum. Hamı ona “ustad” deyə müraciət edirdi. Xalq şairi Bəxtiyar Vahabzadə deyirdi ki, mənim əsərlərimin dünyada tanınmasının səbəbkarı Volodyadır. Bir də Bəxtiyar müəllim zarafatla danışırdı:
  - Volodyanın Şüvəlanda bağı vardı, yazıçıların yaradıcılıq evinin yanında. Biz orada istirahətdə olanda Qafarovun bağına gəlib deyirdik ki, burda nə iş görmək lazımdırsa de, biz yerinə yetirək, sən isə vaxtı fövtə vermə, oturub bizim şeirləri tərcümə elə.
  V.Qafarov fəal jurnalistlik fəaliyyəti ilə də məşğul olurdu. “Günay”, “Bakinski raboçi” qəzetlərində də işləyirdi, indiki Bakı Slavyan Universitetində xüsusi tərcümə və “Azərbaycan ədəbiyyatı rus dilində” fənnindən dərs deyirdi. Dostları S.Məmmədzadə, M.Vəkilov özləri yaxşı tərcüməçi olsalar belə, Qafarovu “tərcümənin Tanrısı” sayır, onun dediklərini sözsüz qəbul edirdilər.
  Bir dəfə V.Qafarova təklif edilir ki, “Dədə Qorqud” dastanını tərcümə etsin, amma boylardakı “mərə kafər” sözlərini işlətməsin - bu, xristian qonşularımızın xətrinə dəyə bilər. Volodya “Dədə Qorqud”u bir daha diqqətlə oxuyub müqəddiməsini, “mərə kafər”in işlənmədiyi “Dirsə xan oğlu Buğac xan boyu” və “Duxa Qoca oğlu Dəli Domrul boyu”nu tərcümə edir. Ondan nə üçün digər boyları tərcümə etmədiyini soruşduqda bildirir ki, axı onlarda “mərə kafər” sözləri vardı, siz isə dediniz ki...
  Volodya əsərə onu dəyərdən sala biləcək “düzəliş” etmək istəmədiyi üçün dastanın o biri boylarına əl vurmamışdı.
  Xeyirxah insan idi Vladimir Qafarov. Zərrə qədər xəsisliyi yox idi. Ondan nəsə soruşanda elə ətraflı başa salırdı ki, qaranlıq heç nə qalmırdı. İşçilərimizdən birinin balaca uşaqları vardı. Hər gün evə gedəndə Volodya öz qənddanından ona iki konfet verərdi ki, uşaqlarına aparsın.
  Xalqına, keçmişinə, millətinə sadiq insan idi. Hər şeydə səliqə-sahmanı sevirdi. Özü çox zövqlə, təmiz geyinirdi. Biz gənclər ondan çox şey öyrənirdik.
 
  Heydər Orucov, Bakı Slavyan Universitetinin dosenti, filologiya elmləri namizədi: 
  - Mən Vladimir Qafarovla 28 il əvvəl tanış olmuşdum. Onun haqqında yazdığım bir məqaləni göstərmək üçün yanına getmişdim. O, məqaləni oxuyub bəzi tənqidi qeydlərini bildirdi, sonra tərifə çox yer verməməyi tövsiyə etdi. Onda heç ağlıma gəlməzdi ki, nə vaxtsa onun yaradıcılığından elmi iş yazacağam. Əvvəlcə o, məndə soyuq, qaraqabaq təsiri oyatmışdı. Amma sonralar ünsiyyətdə olduqca aramızda ustad-tələbə münasibəti yarandı, gördüm ki, bu insan böyük ürək sahibiymiş. Zəngin mənəviyyatlı, dərin təfəkkürə malik, son dərəcə mədəni adam idi. Zaman keçdikcə onun necə nəhəng sənətkar, yoxluğunun ədəbiyyatımız üçün necə böyük itki olduğunu görürük. Azərbaycan poeziyasının tərcüməyə ağır gələn ən sanballı nəyi varsa, onu Vladimir Qafarov tərcümə edib.
  Ə.Şərif və Ç.Hüseynovdan sonra 80-ci illərdə Volodya Azərbaycandan Ümumittifaq Bədii Tərcümə Şurasına üzv seçilmişdi. 1985-ci ildə onun 50 illik yubileyi Moskvada qeyd olundu, həmin il işıq üzü görmüş “Aşiqəm - sevirəm səni” kitabı SSRİ Yazıçılar İttifaqında müzakirə olundu. Bu tədbirlərdə iştirak etmək üçün mən onunla Rusiyaya getmişdim. Onda özüm şahid oldum ki, Qafarov Moskvada necə sayılıb-seçilən, böyük hörmət göstərilən simadır. Biz “Sovetski pisatel” nəşriyyatında olarkən bütün şöbələrdən onun üstünə axışıb məsləhət almağa gəlirdilər.
  Dostluğa, sənətə, insanlara, vətənə, xalqına çox sədaqətli adam idi. Dəfələrlə Moskvada yüksək məvacibli iş, ev, şərait təklif olunsa da, doğma Azərbaycanı heç yerə, heç nəyə dəyişmədi. “Oralarda bir az qalanda buradakı hər şey üçün darıxıram” deyirdi.
  Rusiyanın tanınmış qələm sahibləri - Konstantin Simonov, Yeqor İsayev, Sergey Vasilyev, Pavel Antokolski və başqaları onun haqqında vaxtilə qiymətli sözlər deyiblər. O, ədəbiyyatımızın dünyada tanınması üçün müstəsna xidmətlər göstərib. Volodya həm də yüksək səviyyəli şair idi, əvvəllər özü də rübailər, şeirlər yazırdı. Lakin bircə dənə də özünün müəllif kitabını çıxarmayıb. Özünü, şairliyini bütövlüklə tərcüməyə həsr etdi. Yüksək səviyyəli şairliyi, Azərbaycan, rus dillərinin incəliklərini dərindən bilməsi onun tərcümələrinə böyük uğur gətirirdi.
  Mikayıl Müşfiqin atasının da şair olduğunu çox az adam bilir. Qafarov Müşfiqin şeirlərini tərcümə etməklə bərabər, onun atasının da bir şeirini tərcümə edib kitabda vermişdi ki, oxucu bu faktı da bilsin. Onu başqa tərcüməçilərdən fərqləndirən əsas cəhət həm də o idi ki, sifarişlə işləmirdi. Şeiri özü sevib seçirdi, məzmuna üstünlük verərək orijinala yaxın tərcümə edirdi. Qafarovun sağlığında tərcüməyə qazanc kimi yanaşmaq mümkün deyildi. Onun ədəbiyyatda mövcudluğu tərcümədə meyar idi. Lap gənc şairlərdən kiminsə 3-5 şeirini çevirəndə o, daha tez tanınırdı. Bütün arxaik sözlərimizi də, onun məna çalarlarını da gözəl bilirdi. Öz rübailərinin birində yazırdı:


 
Məni nə zərə tut, nə də ki, şala,
  Bircə mənə qarşı olma karsala.
  Az qala müqəddəs deyirsən mənə,
  Bəli, müqəddəsəm, amma az qala.

 
  Volodya 1400 il tarixi olan müqəddəs “Qurani-Kərim”i də rus dilinə şeirlə tərcümə edib. Bu, elə bir tərcümədir ki, insanı sehirləyir, sanki başqa bir aləmə düşürsən.
  Sadə, uşaq kimi səmimi olan ustadımız mütaliə etməyi sevirdi, ömrünün son günlərinə kimi klassikləri oxuyurdu. Humanist insan idi Volodya, hər kəs ondan kömək istəyə bilərdi. Ürəyi təmiz idi, hamının uğuruna sevinirdi. Amma ona həsəd aparanlar, paxıllıq edənlər az deyildi. Mən bu gün tərcümə sənətində olduğum üçün, bütün uğurlarıma görə Vladimir Qafarova borcluyam.
  Bu yaxınlarda ailəsi Qafarovun Ə.Vahid, M.Müşfiqdən tərcümə etdiyi, amma indiyə kimi çap olunmayan şeirlərindən ibarət iki kitabını nəşr etdirib. Arzum budur ki, ustadın digər tərcümələri də kitab halında (o cümlədən ruscaya tərcümə etdiyi “Koroğlu” dastanı, Qarabağ folklor ədəbiyyatı) işıq üzü görsün.
 
  Kəmalə Ağayeva, şair-dramaturq, Əməkdar incəsənət xadimi: 
  - Vladimir Qafarov çox böyük tərcüməçi, səmimi, təmənnasız insan idi. O, mənim xeyli şeirimi, “Məhsəti” pyesimi tərcümə edib. Rus mətbuatında şeirlərimin çıxdığını əksər hallarda başqalarından eşidərdim. Ona zəng edib minnətdarlığımı bildirmək istəyəndə deyirdi ki, şeirin məni tutdu, özümü saxlaya bilməyib qələmi işə saldım. Bəzən də onu axtaranda deyirdilər ki, cəbhə xəttinə gedib. Hər şeyə macal tapırdı, bircə özünün bədii yaradıcılığından başqa. Onu sonraya - təqaüd vaxtına saxlamışdı. Heyif, bu, ona qismət olmadı. Amma Volodyanın ruhu tərcümə etdiyi bütün şeirlərdə, kitablarda yaşayır. O, möhtəşəm Azərbaycan və rus ədəbiyyatını bir-birinə qovuşdura bilmişdi. Kaş bundan sonra da ədəbiyyatımızda belə tərcüməçilər olsun.


                                                                                                                       
  İradə Əsədova

Комментариев нет:

Отправить комментарий