15.05.2011

ABİD ŞƏRİFOVUN SEL YALANI İFŞA OLUNDU

Mehman Əliyev: “Əlimizdə Kürdəki bəndlərdən su sızmasını göstərən fotoşəkillər var”



Qəzetimizin ötən saylarında Kürdəki bəndlərdən su sızması və rəsmilərin “sel olmayacaq” deyərək vəd vermələri haqqında yazmışdıq. Belə ki, baş nazirin müavini Abid Şərifov bu il Azərbaycan tarixində görünməmiş bənd vurma işlərinin aparıldığını demişdi.
“Bu məsələ prezidentin yaratdığı komissiyanın ciddi nəzarətindədir” deyə açıqlama verən A.Şərifov işlərin qaydasında olduğunu dilə gətirmişdi. Elə fövqəladə hallar naziri Kəmaləddin Heydərov da hazırda daşqın və sel təhlükəsinin olmadığını vurğulayıb.
“Kür” vətəndaş cəmiyyəti qərargahı isə ötənilki daşqından sonra görülən sahilbərkitmə işlərinin də monitorinqini keçirib. Şirvan şəhəri ərazisində və başqa yerlərdə Kür çayı boyunca suyun yeni bəndlərdən kənara sızması müşahidə edilib. Bu da görülən işin keyfiyyətsiz olduğunu göstərir. Belə ki, ötən ilki kimi daşqın olacağı təqdirdə ciddi təhlükə yaranacaq.
“Yeni Müsavat”a açıqlama verən “Kür” vətəndaş cəmiyyəti qərargahının üzvü, “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Kürdəki bəndlərdən suyun sızması ilə bağlı fotoşəkillər çəkildiyini deyib: “Dağlardan gələn suyun həcmi keçən ilkindən iki dəfə azdır. Əlbəttə, belə vəziyyətdə daşqınların olması demək olar ki, mümkün deyil. Buna görə də başladılar bu cür bəyanatlar verməyə ki, sel olmayacaq. Söhbət ondan gedir ki, onlar keyfiyyətli iş görməyiblər. Kürdəki bəndlərdə sızmalar var. Bununla bağlı bizdə fotoşəkillər var. Özü də suyun səviyyəsi aşağı olan halda. Əgər keçən ildəki kimi güclü su gəlsə, əlbəttə ki, bəndlər davam gətirə bilməz. Belə bir vəziyyətdə mütləq fəsadlar olacaq”
.
Elmin BƏDƏLOV                             musavat.com

Комментариев нет:

Отправить комментарий