15.05.2011

SPİD CƏNUB ZONASINI YEYİB-BİTİRİR

Kürd zülmü davam edir!


Bölgədə qorxulu virusa yoluxanların sayı 370-ə çatıb; ancaq real vəziyyət rəsmi statistika ilə müqayisədə qat-qat ağırdır



“Azərbaycanın cənub zonasında bu ilin birinci rübündə HİV-ə yoluxmuş 15 nəfər aşkarlanıb. Onlardan 3-ü Masallı, 3-ü Lənkəran, 8-i Astara, 1-i isə Cəlilabad rayonunun payına düşür”. Bunu “Azadlıq” radiosuna Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin HİV-QİÇS Diaqnostika Laboratoriyasının müdiri Rəməli İbişov deyib.
Onun sözlərinə görə, ümumilikdə bölgədə qorxulu virusa yoluxan 370 nəfər qeydiyyatdadır. Son illərdə virusa yoluxanlardan 90 nəfəri vəfat edib. Bölgədə bir laboratoriya olduğunu deyən R.İbişov qeyd edib ki, bir ayda burda 2 min nəfər müayinədən keçirilir: “Virusa yoluxanların sayı artır. 2009-cu ildə 25 HİV daşıyıcısı aşkarlanmışdısa, 2010-cu ildə bu rəqəm yarım dəfə artıb”.
R.İbişov virusa yoluxma hallarının Astarada daha çox müşahidə edildiyini deyib: “Nəzərə alsaq ki, yoluxanların əksəriyyəti narkomandır, onda hər şey aydın olar. Astarada narkomanların sayı başqa rayonlara nisbətdə daha çoxdur”.
Mərkəz təmsilçisinin dediyinə görə, azyaşlı uşaqlarda sərbəst yoluxma yoxdur: “Valideynlər virus daşıyıcısıdırlarsa, bunun uşağa keçmə ehtimalı böyükdür. Virus daşıyıcıları arasında azyaşlı uşaqlar da var. Onlar mərkəzin qeydiyyatındadır”.
Qeyd edək ki, statistikaya əsasən, dünyada 40 milyondan çox QİÇS-ə yoluxan var.
R.İbişov hesab edir ki, bu virusa yoluxanların sayı qonşu ölkələrdə az deyil: “Buna görə də diqqətli olmaq lazımdır. Uzun müddətə qonşu ölkələrə gedib qayıdandan sonra özlərini müayinədən keçirməlidirlər”.
Bölgədə virusa qarşı mübarizənin zəif aparıldığını düşünənlər də var. Əldə etdiyimiz məlumatlara görə, əslində cənub regionunda bu xəstəlikdən əziyyət çəkənlərin sayı qat-qat çoxdur. Sadəcə, rəqəmlər rəsmi statistikada gizlədilir və dəqiq göstərilmir.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasında adının çəkilməsini istəməyən həkimlərdən birinin isə dediyinə görə, cənub zonasında bir laboratoriyanın fəaliyyət göstərməsi yetərli deyil: “Laboratoriyada ayda 2 min nəfər müayinə olunur.
Bölgənin 6 rayonunda isə 1 milyona yaxın əhali yaşayır. Bu hesabla 30-40 il lazımdır ki, əhali müayinə olunsun. Lənkəran laboratoriyası köhnə binada, dar otaqlarda yerləşir. Ona görə şəraitsizlikdən müalicəyə gələnlərin hamısı qəbul edilmir. Virusa qarşı ciddi mübarizə aparılmır".

E.SALAMOĞLU

Комментариев нет:

Отправить комментарий