04.05.2011

Aynur Adilqızı, şeirlər


Unutmaq istəmirəm

Unutmaq istəmirəm,
Nə səni, nə də səndən olan xatirələri,
Heç darıxmaq da istəmirəm səninçün.
Nə ağlamaq, nə sızlamaq keçir könlümdən.
Bilmirəm qanadı qırılmış quşa bənzədim özümü,
Yoxsa istidən yanıb külə dönmüş tarla zəmisinə.
Yox deyəsən  mən əlacı bilinməyən xəstəyə bənzəyirəm.
Ancaq yaşamağa ümid edən..
Ürəyində kiçicik də olsa ümid işığı yanan xəstəyə.
Bir cansız əşyan olub yanında olardım kaş.
Nə unutmağa ehtiyacım olardı, nə də xatırlamağa.
Unutmaq istəmirəm,
Nə Allahı, nə də sevgindən qəlbimdə yaratdığım Tanrını,
Nə ölmək istəyirəm, nə də yenidən dirilmək.
Yaşadıqlarımı təkrar yaşamaq istəmirəm.
Nə mələk olmaq istəyirəm, nə də şeytan
Heç insan da olmaq istəmirəm.
Unutmaq istəmirəm,
Daşa dönmüş qəlbimdə yaşatdığım sevgimi,
Axtarmaq istəmirəm səni nə uzaqda, nə də yaxında
Qəlbimdə də axtarmıram, çünki yadsan indi.
Unutmaq istəmirəm
Payızda solub unudulan hər yarpağın taleyinə oxşamasın taleyimiz.
Ürəyində xəzan olub çürüməsin bu sevgimiz.
Unutmaq istəmirəm,
Yaşatmaq istəyirəm sevgimizi, unutmaq istəmirəm... 

Xəyalımdakı sevgim

Səni görmək, əlindən tutmaq, gözünə baxmaq,
Demirəm ən böyük arzumdur, ürəkdən gələn istəyimdir.
Sən saçlarımı daradığın kimi külək daraya bilmir,
Sən gözlərimi islatdığın kimi yağış islada bilmir.
Sən öpdüyün kimi qar nə üzümdən öpə bilir, nə də dodağımdan.
Sevgimizi suya danışıram sonu aydınlıq olsun,
Sevgimizi ulduzlara, aya danışıram,
Gecələr onları görəndə məni xatırlayasan .
Yaz yazğışı kimi aldadıcı oldu sevgin.
Qışda çıxan günəş kimi yandırdı qəlbimi.
Sənə nə ürəyimi aça bildim, nə də dərdimi söylədim.
Nə körpə uşaq tək sənə naz edə bildim,
Nə də qəlbi qara insan tək paxıllıq.
Hisslərimin ağuşunda yaşadım.
Sənsiz sevdim, ağladım, küsdüm özüm özümdən.
Bilmirəm sənsiz yetiməm, yoxsa bəxtindən gileylənən valideynli uşaq,
Bəlkə də suallar içərisində boğulan, taleyindən şikayətlənən qız uşağı?,
Əlini həyatdan üzüb, gözlərini ölümə dikən insan.
Səni nə ağlımdan silə bilirəm,  nə də fikrimdən.
Sərin meh əsdikcə aldığım həzzi alırdım sevgimizdən.
Məgər yalan imiş, nə sən var imişsən,nə də sevgin.
Mən səni xəyallarımda yaratmışam,
Mən səni arzularımda doğmuşam.
Mən səni qəlbimin beşiyində bəsləmişəm.
Mən səni sənin özündən xəbərsiz sevmişəm.

Комментариев нет:

Отправить комментарий