04.05.2011

WikiLeaksdən Bakı-Ağ Ev gərginliyinin pərdəarxası

İlham Əliyevlə ABŞ səfiri arasinda sərt mübahisə: “Amerika niyə 2003-cü il seçkilərindən bəri mənə mənfi yanaşır?”

Ötən ilin sonlarından başlayaraq Amerika məxfi diplomatik teleqramlarını ələ keçirib yayan WikiLeaks saytı Azərbaycanla bağlı daha bir qalmaqallı sənədi üzə çıxarıb. “Komsomolskaya pravda” qəzeti tərəfindən bu il martın 3-də dərc edilən, ancaq nədənsə Azərbaycan mətbuatının xəbər tutmadığı bu teleqram 2009-cu il iyunun 30-da ABŞ-ın Bakıdakı o vaxtkı səfiri Enn Dersi tərəfindən göndərilib. Teleqramı WikiLeaks-da akkreditə olunmuş yeganə rusdilli jurnalist İsrael Şamir və qəzetin şərhçisi Qalina Sapojnikova sənədlərin arasından seçib yayıblar.

Ötən həftə isə erməni saytları bu teleqramın tərcüməsini yaymağa başlayıb. Teleqram ABŞ-Azərbaycan münasibətlərində uzun müddətdir mövcud olan gərginlikdən bəhs edir. Məlum olur ki, prezident İlham Əliyev həmin ay Sankt-Peterburqda Ermənistan prezidenti Serj Sərkisyanla Rusiya dövlət başçısı Dmitri Medvedyevin vasitəçiliyi altında keçirilən və nəticəsiz bitən Qarabağ danışıqlarından qayıdandan sonra ABŞ səfirini iqamətgahına dəvət edib və onunla kəskin danışıb. Prezident deyib ki, Azərbaycan enerji, terrorçuluqla mübarizə və hərbi sahədə ABŞ-la əməkdaşlıq etsə də Vaşinqtondan buna adekvat münasibət görmür. Əksinə, ABŞ ona təzyiqlər edir.

Səfir Enn Dersi İ.Əliyevlə gərgin keçən görüşü haqda bəhs edərək yazır ki, Azərbaycan prezidenti ABŞ-ın onun ölkəsinin maraqlarına məhəl qoymadığından şikayətlənib. “Azərbaycanın Vaşinqtonun demokratiya və insan haqları sahəsində gözləntilərinə cavab vermədiyini qəbul edən prezident israr edib ki, onun ölkəsi bir çox hallarda tələb edilənləri yerinə yetirib, ona görə də haqqı var ki, onu əsl müttəfiq kimi qəbul etsinlər” deyə, teleqramda bildirilir.

Bir saatdan çox çəkən görüş zamanı İ.Əliyevin əhvalına Türkiyə xarici işlər nazirinin müavini Ünal Çeviközlə görüşün təsir etdiyi aydınlaşıb. Əliyev ABŞ səfirinə deyib ki, Çeviköz onu Türkiyənin Ermənistanla münasibətlərini normallaşdırmağa və ilin sonunadək sərhədlərini açmağa hazırlaşdığı barədə məlumatlandırmaq üçün Bakıya gəlib. Türkiyəli diplomat ABŞ-ın bunda israr etdiyini çatdırıb. Prezident deyib ki, Türkiyə-Ermənistan barışıq prosesinin Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsir göstərəcəyi barədə deyilənlər doğru deyil. Belə ki, Ermənistan prezidenti Serj Sərkisyan Sürix protokollarının imzalanmasından sonra danışıqlarda daha sərt mövqe tutub. Lakin Türkiyə Qarabağ məsələsi həll edilmədən sərhədləri açmayacağını bəyan edəndən sonra daha yumşaq mövqe tutaraq Sankt-Peterburq danışıqlarında Kəlbəcər və Laçının beş il müddətinə boşaldılmasına razılaşıb.

Teleqramda yazıldığına görə, prezident deyib ki, Türkiyə-Ermənistan barışığı xoş niyyətli plandır, lakin cəhənnəmə aparan yoldur. Çünki bu plan Türkiyə ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsinə aparıb çıxaracaq, Ermənistanın Türkiyə ilə münasibətlərini daha da gərginləşdirəcək, həmçinin ABŞ-ın Azərbaycanla münasibətlərini korlayacaq. “Bu situasiyadan ancaq İran və Rusiya udacaq. Ona görə də Bakının maraqlarını nəzərə alan yeni yanaşma lazımdır. İndi isə ABŞ-ın Azərbaycana yanaşması müttəfiqlər və dostlar arasındakı yanaşmadan uzaqdır”.

İlham Əliyev səfirə deyib ki, Azərbaycan ABŞ-ın dostudur və onun maraqlarını nəzərə almaq lazımdır. “Amerika rəhbərlərinin məktublarında strateji əməkdaşlıqdan bəhs edilir. Bəs hanı bu strateji əməkdaşlıq? O bizə nə verir?” deyə, prezident bildirib. İ.Əliyev Azərbaycanın ABŞ-ın energetika, müdafiə və neft-qaz kəmərləri ilə bağlı bütün xahişlərini yerinə yetirdiyini deyib. ““Nabucco” bəyannaməsini imzalayırıq, NATO-nun Gürcüstandakı manevrlərinə qatılırıq. Azərbaycan həbsxanasında “Hizbullah” terrorçuları saxlanılır. Baxmayaraq ki, İran xarici işlər naziri iki dəfə onların azadlığa buraxılmasını xahiş etmək üçün Bakıya gəlib. İranın etirazlarına baxmayaraq, Azərbaycan İsrail prezidenti Şimon Peresi qəbul etdi. Azərbaycan özü üçün bu cür risklərə getdi. Biz özümüzü təhlükə altında qoyuruq. Əgər Moskvanın təzyiqləri barədə şikayətlənmiriksə, bu o demək deyil ki, belə təzyiqlər yoxdur. Bütün bunların əvəzində Azərbaycan heç nə almır, hətta onun əsas müttəfiqi Türkiyəni də Ermənistanla normallaşma prosesi ilə qoparırlar".

O, səfirə deyir ki, ABŞ Ermənistana görə Azərbaycanı itirməkdə səhv edir. Daha sonra Enn Dersi yazır: “Azərbaycanın daxili işləri barədə də Əliyev yaxşı danışmadı. O bəyan etdi ki, əgər ABŞ Konqresinin və Amerika vətəndaş cəmiyyətinin Ermənistan və Gürcüstanda nümayişlərin dağıdılması ilə bağlı son hadisələr qarşısında ”susmasını" görməsəydi, daxili siyasi islahatlar məsələsində daha çevik davranardı. “Amerika bizi daim tənqid edir, lakin Gürcüstan və Ermənistanda 2008-ci ildə müxalifətə edilən hücumlara məhəl qoyulmadı” deyə, prezident bildirir".

Teleqramda deyildiyinə görə, Əliyev əmin edir ki, Azərbaycan Avroatlantika məkanına inteqrasiyanın tərəfdarıdır və bu kursu 90-cı illərin ortalarından seçib. “Bəs nəyə görə ABŞ mənə qarşı 2003-cü il seçkilərindəki qələbəmdən sonra mənfi yanaşır? Niyə 2005-ci ildə Fərhad Əliyev və Rəsul Quliyevi dəstəkləyirdi, ”narıncı inqilab" təşkil etmək istəyirdi? Nəyə görə ABŞ “məni özünə düşmən görən” qruplara dəstək verir? Siz öz strateji tərəfdaşınıza niyə hücum edirsiniz?" deyə, Əliyev qəzəblə səfirə bildirib.

Dersi ona cavab olaraq deyib ki, ABŞ təkcə Azərbaycanda yox, bütün dünyada demokratiyanı dəstəkləyir. Prezident isə əlavə edir ki, ABŞ-ın yeni administrasiyasının Azərbaycanın maraqlarını nəzərə alacağına ümid edir. “Biz real kömək və fayda görmək istəyirik. ABŞ hökuməti bizim müdafiə xarakterli silahlar barədə xahişlərimizə, xüsusən də Ermənistana təhlükə olmayan Hava Hücumundan Müdafiə Sistemləri ilə bağlı xahişlərimizə müsbət cavab verməlidir. Biz hücuma məruz qalacağımız təqdirdə müdafiə olunmaq istəyirik. Azərbaycan Rusiyadan ala biləcəyi silahlara etibar etmir, çünki onlar ”elektron nəzarətdə" olur. Bizə İran və ya Rusiyanın nəzarətində olmayan silahlar lazımdır" deyə, prezident bildirir.

Enn Dersi yazır ki, onun missiyasının başa çatması ilə bağlı təşkil edilmiş ziyafət zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın yanaşmasından da təəccüblənib. Xanım Əliyeva ingilis dilində etdiyi nitqdə Azərbaycanla ABŞ arasında daha sıx tərəfdaşlığın vacibliyi haqda danışıb. O deyib ki, prezident Əliyev də Azərbaycanın Qərbə inteqrasiyasında maraqlıdır. Çünki demokratiya və insan haqları da daxil olmaqla, bu, müstəqil Azərbaycanın yeganə seçimidir. “Azərbaycan daxildən və xaricdən güclü təzyiqlərlə üz-üzədir. ABŞ-la möhkəm münasibətlər isə Azərbaycan üçün öz hədəfinə çatmaq istiqamətində yol göstərən ulduzdur” deyə, M.Əliyeva bildirib.

O, prezidentin vicdanlı və prinsiplərinə sadiq adam olduğunu, sözünün üstündə durduğunu və ABŞ-ın güclü dəstəyini hiss etməyə haqqı çatdığını da deyib. Mərasimdə iştirak edən Azərbaycanın ABŞ-dakı keçmiş səfiri, M.Əliyevanın əmisi Hafiz Paşayev isə səfirə deyib ki, birinci xanımın bu cür emosional nitqi onu da təəccübləndirib. Çünki bu onun stilində olan nitq deyildi.

Yekunda Enn Dersi yazır: “Biz artıq Əliyevin daimi xarakter alan iradlarına alışmışıq: ”Biz sizə hər şey edirik, siz isə bizə heç nə". Təəssüf ki, Əliyev əvvəl türklərin, sonra amerikalıların ona arxa çevirdiyini düşünür. İndi Türkiyə-Ermənistan barışığının əvəzində nə əldə edə biləcəyini araşdırır. Biz məsləhət görərdik ki, Vaşinqton kökə və dəyənəyi düzgün proporsiyada elə bölüşdürsün ki, Əliyev Türkiyə-Ermənistan prosesinə konstruktiv yanaşsın".

Maraqlıdır ki, ABŞ-ın Özbəkistandakı səfiri tərəfindən göndərilən teleqramın da məzmunu təxminən eynidir. Bu sənəddə prezident İslam Kərimov şikayətlənir ki, ABŞ-a terrora qarşı mübarizə, hərbi əməkdaşlıq və digər işlərdə yardım etsə də Vaşinqton ona təzyiq edir.



tia.az

Комментариев нет:

Отправить комментарий