22.05.2011

Azərbaycanı kimlər və necə yeyirlər


Ölkənin bütün biznes strukturları hakim ailə və oliqarxların əlindədir

İlham Əliyevin “yumurta müşavirəsi” yəqin ki, hər kəsin yadındadır. Bununla belə, bir daha xatırladaq ki, dövlət başçısı bir neçə ay əvvəl keçirilən həmin müşavirədə yumurtanın bahalaşmasına sərt münasibət bildirmişdi. Əliyevin “hiddətlənməsi” yumurtanın ucuzlaşmasına səbəb oldu. Bundan sonra hakimiyyətdə inhisarçılıqla bağlı tənqidi çıxışlar dəbə mindi. “Anti-korrupsiya şousu” çərçivəsində Ilham Əliyev və onun məmurlarının səsləndirdiyi bu tənqidlər artan narazılıqdan yaranmış təşvişin təzahürü idi. Əslində hər kəsə bəllidir ki, Azərbaycanda korrupsiya piramidasının başında elə Ilham Əliyevin özü dayanır. Həmçinin ölkədəki bütün biznes sahələri hakim ailə və oliqarx məmurların monopoliyasındadır.
Neft “əlahəzrətin” toxunulmaz “milli” sərvətidir
Başlayaq neft sektorundan. Bu sahəyə birmənalı olaraq hakim ailə nəzarət edir. Yanacaq satışı isə dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayevlə Bəylər Əyyubova tapşırılıb. Birinci SOKAR-ın yanacaqdoldurma məntəqələrini, ikinci isə “Azpetrol”ları idarə edir.
Pulları da onlar sayırlar
Bank sahəsinin əhəmiyyətli hissəsi hakim ailənin nəzarətindədir. Ölkənin həm əmanət, həm də kredit portfelinin böyük hissəsi Əliyevlərə məxsus “Beynəlxalq Bank” və “Kapitalbank”ın əlindədir. Bundan başqa iri banklardan hesab edilən “Paşabank” da hakim ailəyə məxsusdur. Həmçinin sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus olan “Bank Standart” artıq ailənin idarəçiliyindədir. Hakim ailənin “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərovla iş adamı Isgəndər Xəlilova məxsus olan “Nikoyl” bankda da payı var.
Bank sektorunda nəqliyyat naziri Ziya Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da payı var. Nəqliyyat naziri iki bankın - “Bank of Azərbaycan” və “Dəmiryolbank”ın, Kəmaləddin Heydərov isə “Atabank”ın və “Finans Bank”ın sahibdir.
“Bank Respublika” isə Mərkəzi Bankın sədri Elman Rüstəmova məxsusdur. Daxili işlər naziri Ramil Usubov da bu sahəyə baş vurub. Qudası Yusif Ildırımzadə ilə birgə “Əmrahbank”ı idarə edir. Lakin Ziya Məmmədova, Kəmaləddin Heydərova, Elman Rüstəmova, Ramil Usubova, həmçinin başqa məmurlara məxsus kiçik bankların hər birində hakim ailənin payı var. Son vaxtlar ailə bank sektorunu istisnasız olaraq əlində cəmləmək üçün deputat Eldar Ibrahimova məxsus “Kövsərbank”ın, deputat Fərhad Qəribova məxsus “Debütbank”ın timsalında xırda bankları qapadılması prosesinə start verib. Ona görə də gözlənilir ki, “Kövsərbank”la “Debütbank”dan sonra daha bir neçə bank fəaliyyətini dayandırmağa məcbur olacaq.
Onlar sizin həyatınızı sığortalayıblar?
Azərbaycanda gəlirli sahələrdən biri olan sığorta sahəsi də hakim ailənin nəzarətindədir. Ailə sığorta bazarının idarə olunmasını maliyyə naziri Samir Şərifova tapşırıb. Eyni zamanda sığorta bazarında cüzi payları olan sığorta şirkətləri də var ki, onlar da xırda məmurlara məxsusdur. Lakin Paşayevlərə aid olan “Paşasığorta” inzibati üsullarla rəqib şirkətləri bazardan çıxarmaqda davam edir.
Ev almaq istəsəniz də onları varlandıracaqsınız
Mənzil bazarında da həlledici söz hakim ailənindir. Mənzil bazarı deyəndə, burada həm də tikinti biznesi nəzərdə tutulmalıdır. Azərbaycanda “Akkord”, “Paşainşşaat” kimi iri tikinti şirkətləri məhz ailəyə məxsusdur. Lakin ailə tikinti biznesində iri çəkili məmurlara da yer ayırıb. Bu sırada Kəmaləddin Heydərov, Ziya Məmmədov, Ramiz Mehdiyev və Kərəm Həsənovun adını çəkmək olar. Iri şirkətlərdən olan “GilanHoldinq” “fövqəlnazir”ə, “ZQAH Holdinq”lə “AQ inşaat” Ziya Məmmədova, “Yeni həyat” və “Şərur inşşaat” Ramiz Mehdiyevin, “Azinko” şirkəti isə Kərəm Həsənovun nəzarətindədir.
Təbii ki, tikinti biznesi yalnız yaşayış binası inşa etməklə məhdudlaşmır. Buraya iri infrastruktur layihələr (yolötürücüsü, körpü, keçid və s) də daxildir ki, bu, əsasən Ziya Məmmədovun kurasiyasındadır.
Nəqliyyat sektorunda qırmızı bölgü
Başqa bir gəlirli sahə - nəqliyyat sektoru Ziya Məmmədovun monopoliyasındadır. Lakin nəqliyyat naziri gəlirləri hakim ailə ilə bölməyə məcburdur. Gəmiçilik, hava nəqliyyatı və metro Ziya Məmmədovun idarəçiliyindən kənardadır. Bu ona görədir ki, həmin sahələrə rəhbərlik edənlər ayrı-ayrılıqda dayanmadan Əliyevlərin büdcəsi üçün çalışırlar.
Sağalmaq üçün bu klana pul ödəməlisiniz
Dərman biznesinə də hakim ailə nəzarət edir. Əvvəllər bu sahə Ilham Əliyevin mərhum əmisi Aqil Əliyevin nəzarətində idi. Dərman preparatlarının topdan satışı ilə “Riad” şirkəti məşğul olurdu. Lakin artıq Paşayevlər bu sahəni ələ keçiriblər. Apteklərə məhsulu ailəyə məxsus “Avromed” və “Zəfəran” şirkətindən almaq tapşırılıb. “Riad” şirkətinin nəzarətinə isə respublika üzrə 100 aptek verilib.
Ölkədəki özəl tibb sektoruna gəlincə, diaqnostika mərkəzlərinin inşası hesabına Rövnəq Abdullayev bu sahədə liderliyi ələ keçirib. Lakin Kəmaləddin Heydərovun da xeyli özəl klinikaları var. Burada siyahı tutmağa ehtiyac görmürük, çünki bu barədə mətbuatda dəfələrlə yazılıb.
Azərbaycana gətirilən iynə də nəzarət altındadır
Idxal sahəsi isə Kəmaləddin Heydərovla Bəylər Əyyubovun nəzarətindədir. Kəmaləddin Heydərov ərzaq məhsullarının, Bəylər Əyyubov tikinti materiallarının idxalını nəzarətdə saxlayır.
Nuş olsun, amma kimin çörəyini yediyinizi də bilin!
Restoran biznesinə liderlik Ramil Usubovla Bəylər Əyyubovun əlindədir. Qarabağ rayonlarının adına olan restoranlar daxili işlər nazirinə, “Platin” kimi prestijli restoranlar Bəylər Əyyubova məxsusdur. Digər məmurların bu biznesdə payı çox az olduğuna görə, adlarını çəkmək istəmirik.
Yeyin, üstündən də Heydərovun suyunu için
Şirin və qazlı sular “Jalə” və “Badamlı” şirkətlərinin timsalında Kəmaləddin Heydərovla Vasif Talıbovun monopoliyasındadır.
Xidmət sahəsi - vergi haqlarından tutmuş, gömrük rüsumlarına kimi hakim ailənin kurasiyasındadır.
Bəs, qələm kimin əlindədir?
Hakimiyyətyönlü mediaya nəzarət Ramiz Mehdiyevlə Kəmaləddin Heydərovun əlindədir. Kəmaləddin Heydərov bu sahəyə xeyli kapital qoysa da, Ramiz Mehdiyevə uduzur.
Oxucuların diqqətinə konkret siyahı da təqdim edə bilərdik, lakin zaman-zaman bu barədə məlumatlar verdiyimizdən təkrarçılığa ehtiyac duymadıq. Ümumiləşdirmə apararaq Ilham Əliyevin “yumurta müşavirəsi”nin saxtalığını, “o yanı qaya, bu yanı qaya”nın içindəki “sarı maya”nın nədən ibarət olduğunu oxuculara çatdırmaq istədik. 

/news/Azadlıq

Комментариев нет:

Отправить комментарий