22.05.2011

Vladimir Vısotski

Şanson
                             Kənd təsərrüfatı sərgisinə yazılmış məktub

Kolya, salam! Canım-gözüm, bir yaz görüm, necəsən?
Şərik çıxan tapılırmı orada dərd-sərinə?..
Qorxuram ki, qayıdanda vəzifəyə keçəsən,
Heç məni də qoymayasan daha adam yerinə.

Sən gedən gün çığırtıma yığışdı qız-gəlinlər;
Ovundurub, qurutdular gözlərimin yaşını.
Darıxmayım deyə bizə dostların da gəlirlər,
Piyləmək də istəyərlər bəziləri başımı.

Biri elə kirvən Paşka- gorbagorun balası!..
Elə sırtıq görməmişəm indiyəcən yaşımda.
Hər gün gəlib az qalır ki, əllərimi yalasın-
Ha qovuram, şırvalanır yenə böyür-başımda.

Danışdıqca görürəm ki, biclik yağır gözündən:
«Sizin öküz- deyir,- orda qızıl medal alıbdır».
Eh, öküzə çox baş qoşma, muğayat ol özündən;
Daha səni düşünməkdən yarı canım qalıbdır.

Hər yetənə üz göstərmə, heç kəsə bel bağlama.
Hə, yadımdan çıxmışdı lap!- Aqronomla barışdıq.
Qara-qura fikri-zadı gətirmə ha, ağlına!-
Biz onunla bütün günü ancaq səndən danışdıq.

Kəndimizə bu günlərdə bir qulluqçu gəlmişdi;
Yox! Abırlı kişi idi- unutmuşam adını.
Səndən söhbət düşən zaman gülüb mənə demişdi:
-Yaz ki, yoldan çıxarmasın onu küçə qadını.

İçki içib korlama ha, olub-qalan pulunu!
Eh, nə qədər istəyirsən evimizdə gəlib iç.
Aqronoma-zada bir quş, gözləyirəm yolunu;
Sənin kəsik dırnağına dəyişmərəm onu heç.

Yağan kimi daha damır ambarın da damından,
Yalqızlığın ucbatından tez-tez qaşım çatılır.
Əşi, evə tez qayıtmaq çıxmasın ha, yadından!
Bir də mənə bir yaz görüm,- orada nə satılır?!

                         Kənd təsərrüfatı sərgisindən gələn məktub

Məktubu oxuduqca tez-tez qaşım çatılır;
Sevgidən danışırsan, zalım balası zalım.
Bilirsənmi, burada necə mallar satılır!-
Yaxşısı budur, yaz ki, mən gələndə nə alım.

Qıyıb şorba yemirəm, içmirəm araq-zad da;
Birtəhər çıxardıram hər gün sudan çulumu.
Fikirləşib-eləmə, arxayın ol, ay arvad!-
Sənə paltar almağa saxlayıram pulumu.

Dünən baletə baxdım,- balet budurmu, əşşi?!
İçəri girən kimi qurudu matım-qutum;
Utanıb-eləmədən səhnədə dörd-beş kişi
Mamlı-matan qızları top kimi atıb-tutur.

Öküzümüz sərgidə birincilik qazanıb;
Camaat gəlib baxır döşündəki medala.
Doyunca yemdən yeyib, arxayınca uzanıb-
Quyruğunu yellədir hey kövşək çala-çala.

Daha dişimə vurub tanımışam hamını;
Dadımıza çatarsa, bircə sədrimiz çatar.
Ona de, düzəltdirsin anbarın da damını-
Bildir ki, taxılımız yoxsa, çürüyüb batar.

Eybi yoxdur, Paşkanın qulağını buraram…
Bax, deyirəm, onunla əlaqəni tamam kəs.
Aqronomla ta gəzmə, qıçlarını qıraram!
Hərdən gəzmək istəsən, sədrimizlə çıxıb gəz.

Donun yəqin köhnəlib, koftan da- didik-didik;
Eh, səni düşündükcə damarda donur qanım…
Yazmağa söz tapmıram. Salamat  qal, hələlik.
Gərək dükana gedib, tez növbəyə dayanım.

…Yanımızda bağ da var, bu həm bağdır, həm meşə,
İçində suyu seli, görməsən inanmazsan.
Orda zibil qabına tüpürürəm həmişə,
Amma belə şeyləri sən heç zaman qanmazsan.

                                                  1966
                                    (Tərcüməçi Qoca Xalid)

Комментариев нет:

Отправить комментарий