15.05.2011

Bin Laden internetsiz necə fəaliyyət göstərib?


“Əl-Qaidə” liderinin öz xanımı dindirməyə cəlb olunub
“Əl-Qaidə” terror şəbəkəsinin lideri Üsəma bin Ladenin Pakistanda gizləndiyi evdə internet xətlərinin olmamasına baxmayaraq, o, yaratdığı bir sistem sayəsində elektron poçtla məktublaşıbmış.
Amerikanın “The Associated Press” xəbər agentliyinin məlumatına görə, Bin Laden istifadə etdiyi üsulla onu təqib edən Qərb ölkələrinin səylərini illərlə boşa çıxarıb və öz sığınacağında internet olmadan dünya ilə əlaqə saxlamağı bacarıb. Onun bu sistemi möhkəm intizam və güvən üzərində qurulsa da, ölümündən sonra ABŞ tərəfindən araşdırılacaq əhatəli bir elektron poçt yazışması arxivi qoyub gedib. Bin Ladenin öldürüldüyü evdə ələ keçirilən elektron qeydlərin minlərlə mesajı və yüzlərlə elektron poçt ünvanını ortaya qoyduğu açıqlanıb.
O da məlum olub ki, Bin Laden, internet əlaqəsi olmayan kompüterində yazdığı mesajları bir flaş diskə köçürüb, onu etibarlı kuryerə həvalə edirmiş. Kuryer də öz növbəsində uzaq məsafədə yerləşən internet kafelərdən birinə gedərək, “Əl-Qaidə” liderinin mesajını e-mail poçta göndərirmiş. Ona gələn mesajları da eynilə bir flaş diskə köçürərək, diski Bin Ladenə çatdırırmış.
Maraqlıdır ki, Bin Ladenin istifadə etdiyi bu sistem kəşfiyyat orqanlarının diqqətindən yayınıb.
“Əl-Qaidə” üzvləri elektron poçt ünvanlarını daim dəyişdirdiyi üçün Bin Ladenin ölümündən sonra bu ünvanların nə qədərinin hələ aktiv olduğu bilinmir. Ancaq e-poçtlardakı elektron ünvanlar və telefon nömrələrindən ibarət uzun siyahının araşdırılması internet xidmətini təmin edənlərin qarşısına böyük vəzifə qoyub. Əməliyyat zamanı ələ keçirilən elektron sənədlərin sayının çoxluğu üzündən Amerika rəhbərliyi onların araşdırılmasına kəşfiyyat sistemində çalışanlardan ərəb dilini bilənləri işə cəlb edib.
Bu arada o da məlum olub ki, ABŞ kəşfiyyat xidməti Üsəma bin Ladenin Pakistanda nəzarətdə saxlanılan üç həyat yoldaşını dinməyə cəlb edib. Bu xəbəri Ağ evin sözçüsü Cey Karni təsdiqləyib.
"Azadlıq" qəzeti

Комментариев нет:

Отправить комментарий