07.05.2011

Bir Kamal Xudaverdiyev vardı… - ANIM

1938-ci ildə mayın 3-də Bakıda doğulub. 

Uşaqlığı Böyük Vətən Müharibəsi illərinin burulğanına düşüb. Deyirdi ki, “Bizim Cəbiş müəllim” filmində təsvir olunan həyət, həyat mənim yaşadığım həyətlə və həyatla eynidir.

Yarı-ac, yarı-tox uşaqlıq illəri başa çatdıqca onu keşməkeşli gənclik illəri ağuşuna aldı. Çiyinlərinə düşmüş ailə qayğıları, təhsil, müharibədən sonrakı quruculuğun çətinlikləri. Bu münvalla 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürülüb. Arada qısa fasiləni çıxmaqla ömrünün sonuna qədər yalnız Akademik teatrda işləyib. Kiçiyindən, böyüyündən asılı olmayaraq saysız obrazlar yaradıb. “Kral Lir” tamaşasında bir kəlmə danışmadan səhnənin bir küncündə oturan süpürgəçidən tutmuş hökmdar obrazına qədər. Özü də o rolların hər birini sevə-sevə yaratdı.

Tamaşaçıların yaddaşında daha çox Azərbaycan Dövlət Televiziyasında hazırlanan tamaşalarda oynadığı obrazlarla qalıb.

İlyas Əfəndiyevin «Atayevlər ailəsində» (İldırım), Ənvər Məmmədxanlının «Şərqin səhəri» (Cavanşir bəy),Mehdi Hüseynin «Alov» (Qaşqay), Əlibala Hacızadənin «Yadigar» (Müəllim), Nazim Hikmətin «Bayramın son günü» (Firuz) və «Şöhrət və ya unudulan adam» (Doktor), Elçin Mehrəliyevin «Yurd yeri» (Mahal kişi).

Müxtəlif illərdə «Azərbaycanfilm» kinostudiyasında «İstintaq davam edir» (Çingizov), «Sonuncu müsahibə» (Həsənov), «Dağlarda döyüş» (Rüstəmov), «Nəsimi» (Yusif), «Abşeron» (Əli), «Üzü küləyə» (Kombinat müdiri), «Adanı özünlə apara bilməzsən» (Ata), «Oteldə bir otaq» (Alim), «Dədə Qorqud» (Ata) filmlərində xaraktercə fərqli obrazlara çəkilib.

Kamal Ağahüseyn oğlu Xudaverdiyev teatr və kino yaradıcılığındakı fəaliyyətinə görə 1 dekabr 1982-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 22 may 1991-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.

23 aprel, 2008-ci ildə ürək çatımazlığından həyata gözlərini yumub.

Ramilə Qurbanlı                 kulis.az

Комментариев нет:

Отправить комментарий