Ceyhun Musaoğlu: “Əksər QHT-lərin layihələri qəbiristanlıq layihələridir, vərəqlərə yox, başdaşılarına yazılır”
Jurnalist Ekspert Mərkəzinin rəhbəri, tanınmış jurnalist Ceyhun Musaoğlunun Qaynar.info-ya müsahibəsi
- Ceyhun bəy, mətbuatın bugünkü durumunu necə qiymətləndirirsiniz?
- Mətbuatın durumu ilə bağlı çoxlu fikirlər səslənib. Ortada maraqlı bir ziddiyyət var. Kimi dindirirsən mətbuatın durmunun ağır olmasından danışır. Amma bu cür fikir yürüdənlər heç cür əsaslandıra bilmir ki, hansı səbəbdən mətbuatın durumu ağırdır. Gəlin açıq danışaq. Bu gün mətbuata böyük miqdarda pul ayrılır. Prezident yanında KİV-in İnkişafına Dəstək Fondu artıq üçüncü dəfədir ki, qəzetlərin layihələrini xeyli miqdarda pulla dəyərləndirir. Amma bu vəsaitdən sonra qəzetlərin durumu nəinki müsbət istiqamətə, əksinə mənfiyə doğru dəyişib. Sual verən yoxdur ki, necə olur 6 ayda 40 min manat pul alırsınız, amma heç bir dəyişiklik yoxdur. Bunu doğuran səbəblər nədir? Bu sırada ilk növbədə qəzet rəhbərliyinin pul hərisliyi, bir çox jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olması və informasiya almaq imkanlarının məhdudluğu durur. Hər hansı bir dövlət qurumuna müraciət etdikdə jurnalistə açıqlama verirlər. Amma onların verdikləri cavablar qaneedici olmur. Belə cavablar xəbərə yox, xəbərsizliyə xidmət edir. Digər yandan qəzet rəhbərləri özləri maraqlı olmurlar ki, jurnalistləri həqiqət arxasınca göndərsinlər. Çünki həqiqət maraqlı deyil, həqiqət maddi sıxıntılara gətirib çıxarır. Ona görə də, kimsə həqiqəti yazmağa, həqiqəti deməyə çalışmır.
- Mətbuata ayrılan pullardan danışdınız. Sizcə, zamanı deyilmi ki, KİV-in İnkişafına Dəstək Fondu ayrılan vəsaitin səmərəli xərclənməsinə nəzarət etsin?
- Bu gün həqiqəti deyən, həqiqəti yazanların başına elə ip salıblar ki, guya bununla həmin adamlar prezidentə, dövlətə, dövlətçiliyə qarşı çıxır. Əslində isə tamam fərqlidir. Ola bilməz ki, tərkibində “düz” sözü olan ifadə cəmiyyəti səhv istiqamətə aparsın. Bunu anlayaraq düz sözdən qorxmaq lazım deyil. Düz danışanlara böhtan atırlar. Bu gün intiharların sayı niyə çoxalır? Onlar böhtanın qurbanı olur. Ya özləri-özlərinə böhtan atıblar, ya da kimsə onlara böhtan atıb. Prezident İlham Əliyev mətbuata dəstək verir, bu məqsədlə Fond yaradıb, bu gün-sabah qəzetlərə reklamların ayrılması məsələsi gündəmə gələcək. Amma prezident jurnalistlərin problemlərinin həlli istiqamətində nə qədər səmimi niyyətini ortaya qoysa da, bəzi bədxahların üzündən biz jurnalistlər bunu öz üzərimizdə hiss etmirik. Gəlin görək, KİV-in İnkişafına Dəstək Fondu qəzetlərə maliyyə yardımı ayırandan hansı tanınmış jurnalist ev və ya maşın sahibi olub? Bu yardımlardan sonra jurnalistlərin məvacibinin üstünə cüzi pul gəlib. Bu gün Azərbaycanda ən çox məvacib alan jurnalistə ayda 400 manat verirlər. Deməli, Fond ayırdığı pulların xərclənməsinə ciddi nəzarət etməlidir. Hər dəfə dövlət müəssisələrində çalışanların məvacibləri artsa da, jurnalistlərin həyatında bu qətiyyən baş vermir. Bunu İlham Əliyev etməməlidir. Prezident zatən yardımını edir, sadəcə bəzi qəzet rəhbərləri pulun jurnalistlərə çatmasına imkan vermir. Prezident tərəfindən ilk dəfə qəzetlərin hər birinə 5 min manat yardım ayrılanda, Jurnalistlərin Həmkərlar İttifaqı monitorinq aparmışdı ki, pul ayrılan 38 qəzetdən yalnız 6-sı bu pulları jurnalistlər arasında qismən bölüb. 32 qəzet rəhbəri bu pullardan jurnalistlərə qəpik də ayırmayıb. Elə həmin vaxt mən də yazdım ki, prezident mənim nə atam, nə də babam yaşındadır. Prezident mənim qardaşım yaşındadır. Qardaşım mənə sizin vasitənizlə 5 min manat pul göndərir, niyə onu mənə çatdırmırsız. Axı əmanətə xəyanət olmaz. Mən özümə görə demirəm. Kifayət qədər peşəkar insan kimi öz halal pulumu qazana bilirəm. Amma jurnalist qardaşlarım əziyyət çəkirlər. Gəlin buna imkan verməyək. İndi səhv etməmişik ki, vaxtında qəzet yaratmamışıq. Biz də vaxtında qəzet yarada bilərdik. Sadəcə o zamanlar bunu etmək üçün müstəqilliyinin üzərindən xətt çəkməliydin. Ya iqtidarın, ya da müxalifətin yanında olmalıydın ki, səni maliyyələşdirən, qəzetini yaşatmaq üçün vəsait ayıran olsun. Bunu qəbul etmədiyimiz üçün qəzet rəhbəri ola bilmədik.
- Rəhbərlik etdiyiniz Jurnalist Ekspert Mərkəzi 4 ildən artıq müddətdir fəaliyyət göstərməsinə baxmayaraq, hələ də qeydiyyata alınmır. Səbəb nədir?
- Rəhbərlik etdiyim təşkilatın qeydiyyata alınmaması ilə bağlı heç bir rəsmi səbəb göstərilmir. Hər dəfə nöqtə-vergül düzəldib yenidən sənədləri təqdim etsəm də, bir nəticəsi olmur. Əsl mətləb isə başqadır. Bu ölkədə müstəqil olmaqla heç nəyə nail ola bilməzsən. Ya iqtidarın yanında olmalısan, ya da müxalifətin. Rahatlıqla YAP-a, Müsavata və AXCP-yə üzv ola bilərəm. Amma bu insanlar qəbul etmirlər ki, jurnalist təşkilatının rəhbəri müstəqil olmalıdır. Burada haşiyə çıxıb bir xatırlatma verim. ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti bəyan etmişdi ki, Azərbaycanda mətbuat azad deyil. Hökümətdən onminlərlə pul alan bir nəfər baş redaktor çıxıb demədi ki, səhv deyirsən. Amma biz qeydiyyata alınsaydıq, açıq şəkildə buna etiraz edərdik. Arqumentlərimlə sübut edərdim ki, jurnalistikaya problemi hakimiyyət yaratmır. Prezident qəzet rəhbərlərinə deyə bilməz ki, az yeyin, müxbirlərinizi də yedizdirin. Amma deyə bilmirik. Çünki cavab verəcəklər: mətbuat azaddırsa niyə təşkilatınızı qeydiyyata almırlar. Adamı məcburən susmağa vadar etməzlər. Adam özü susar, yaxud özü danışar.
- Elə bu məqamda daha bir sual yerinə düşərdi. Nəyə görə hakimiyyəti səmimi müdafiə edənlərə deyil, fəaliyyəti bir o qədər də uğurlu olmayan təşkilatlara “yaşıl işıq” yandırılır?
- Azərbaycan cəmiyyəti yaşının elə dövründədir ki, inkişafa doğru getməsi təbiidi. 20 yaşlı yeniyetmə hələ ən azı 40 yaşına qədər gələcəyini təmin etmək uğrunda çarpışmalıdı. Azərbaycan cəmiyyəti 20 yaşlı yeniyetmədi.Təəssüf xəbər bolluğunun yeniyetmənin həyatında önəmini bilmirlər. Gərək çox xəbər olsun ki, 20 yaşlı Azərbaycan cəmiyyəti onlar arasında seçim edə bilsin. Deməli, informasiya bolluğu yaratmaq lazımdır ki, boğulmayaq. Və daha doğrusunu seçib fələcəyə gedən yolda azmayaq. Avropada QHT-lərin ortaya atdıqları ideyalar original və həyata keçirilmə mexanizmi şəffafdı. Bizdə isə əksi baş verir. Nə qədr primitiv mövzular işləmək olar, nə qədər ayrılan pulları gizlin-gizlin xərcləmək olar?.. Qızların erkən ərə verilməsi, intiharlar, mətbuatın durumu ilə bağlı minlərlə layihələr gerçəkləşir. Bəs niyə, srağagün 13 yaşlı qızı valideynləri ərə verdi və toy günü 33 yaşlı bəyi həbs elədilər ki, qanunu pozmusan, bu yaşda qızla evlənməzlər? Niyə o cahil bəy bu layihələrdən yararlana bilməyib? Əlbəttə cavab verə bilərlər ki, biz neyləyək ki, o qanmazdı. Xeyr, bu, cavab deyil. Elə layihələr qanmazları qandırmaq üçündür də… Eşitmir, qulağına de. Anlamır başına yerləşdir… Axı pul almısan. Uzun müddət apardığım müşahidələrdən anladım ki, bizim cəmiyyətə yeriyən yox, oturan adamlar lazımdır. Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Bu meydan, bu şeytan” müsabiqəsində qalib gələn film o qədər səviyyəsiz olub ki, onu yandırılmış film hesab edərək üzə çıxarmayıblar. 30 min manat isə havaya uçub. Həmin filmə baxanda sözün əsl mənasında xəcalət çəkdim. Başdan-ayağa qüsurlarla doludu. Sinif otağında Leninin, Qorbaçovun portretləri asılıb, məktəbli boynuna pioner qalstuku taxıb, amma qaçqınlıq həyatından bəhs edilir. Bu nə rəzalətdir?… Axı qaçqınlıq həyatı 1992-ci ildən başlayıb. 1988-ci ildə köçkünlük həyatı olub ki, onda bir güllə belə atılmayıb. Filimdə isə müharibə gedir, meydlər yollarda qalıb… Nazirliyin rəsmisinə bu filmlə bağlı sual ünvanlayanda bildirdi ki, ciddi qüsurlara görə, filmin nümayişinə icazə verilməyib. Dedim, bəs 30 min manat necə olsun? Gülüb getdi. İndiki layihələr boş-boşuna yazılır. Əksər QHT-lərin layihələri qəbiristanlıq layihələridir, vərəqlərə yox, başdaşılarına yazılır. Nə qədər ki, ciddi layihələr olmayacaq, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əməli addımlar atılmayacaq, heç zaman cəmiyyətimiz inkişaf etməyəcək.
Azər Niftiyev, QayNar
Комментариев нет:
Отправить комментарий