24.05.2011

Paşa Qelbinur: “Bərəkət haqqı mən özümü tapşırtdırmamışam…”


Milli Kitab Mükafatının qalibinin elan olunmasına sayılı günlər qalıb.
Kulis.az əsəri onluğa düşmüş müəlliflərdən müsahibələr alır.
Növbəti müəllif Paşa Qəlbinurdur…
- Sizə qarşı irəli sürülən iddialarla tanışsınızmı? 
- Mirmehdinin Kulis.az-a verdiyi müsahibəsini oxudum. Əvvəlcə onu deyim ki, 9 nəfərin içərisində tanımadığım təkcə odur. Mükafata təqdim olunan əsərini oxumuşam, amma bundan əvvəl onun heç bir əsərini oxumamışdım. Onun müsahibəsində məni heyrətə gətirən budur ki, əsərlərimi oxumadığını söyləsə də, yer tutacağım təqdirdə müsabiqənin ədalətsiz keçirildiyinə inanacağını deyib. Burda mənim yadıma Pasternakın Nobel mükafatı alması düşür. O, Nobel alandan sonra partiya tapşırığı ilə bütün SSRİ-də müzakirəyə qoyuldu. Həmin stenoqramlar indi də durur, ara-sıra çap olunur. Bu yaxınlarda “Litqazeta” da çap olunmuşdu. Məsələn, Qazaxıstandan bir traktorçu deyir ki, mən onun əsərini oxumamışam, ancaq o çox pis və ziyanlıdır. Krasnodardan isə bir sağıcı deyir ki, mən onun əsərini oxumamışam, ancaq onun əsəri elədir-belədir, yəni mənfi sözlər söyləyir. O vaxt 37-nin xofu vardı, kommunizm və imperiya vardı – bir sağıcı, yaxud da traktorçu bunu deyə bilərdi. Çünki tapşırıblar ki, desin, o da qorxusundan deyib. Amma müasir bir adam, yazıçı necə deyə bilər ki, oxumamışam, ancaq onun əsəri pisdir?
- Amma Mirmehdi sizin əsəri yox, sizə qarşı irəli sürülən “özünü tapşıtdırıb” iddiasını əsas gətirərək bu sözləri söyləyib. Bundan da əlavə, bu fikir təkcə ona yox, müsahibə aldığımız Etimad Başkeçid, Pərviz Cəbrayıl və Nəriman Əbdürrəhmanlıya da aiddir… 
- Mənim əsərim “Azərbaycan” jurnalının 2008-ci ildəki 4-cü nömrəsində çap olunub. Həmin gündən bu günə 3 ilə yaxın müddət keçib. O vaxt tanıdığım şəxsləri görəndə demişəm ki, mənim belə bir romanım çıxıb, imkan tapsan oxu, fikrini mənə de. Müsabiqəyə isə bu əsəri yeni təqdim etmişəm. Münsiflərin əksəriyyətini də yaxından tanıyıram, salam-kalamım və başqa əlaqələrim olub. Heç vaxt özümə rəva bilib kiməsə demərəm ki, mənə yüksək bal ver. Biz bu gün varıq, sabah yoxuq, amma əsər qalır. Mən əsərin yanında əbədi gəzəcək deyiləm ki! Ötən il “Gənc Sənətçilər Qurumu” bu əsərə ilin romanı adını vermişdi.
- Həmin mükafat alan romanı bu il MKM-ə təqdim etmişsiniz? 
- Bəli, rus variantı ötən il mükafat almışdı, bu il Azərbaycan variantını MKM-ə təqdim etmişəm.
- Nigar Köçərli deyib ki, bir yazıçı özünüzü tapşırtdırır. Bu adamın siz olduğunuzu düşünürlər. 
- Hər şeydən əvvəl biz müsəlmanıq, bu, Qurandan irəlidir (əlini qəndqabıdakı konfetə uzadır), bu bərəkət haqqı mən heç kimə tapşırtdırmamışam. Mənim buna ehtiyacım da yoxdur. Bu sözü kim deyibsə, ən yaxşı halda böyük qəbahət edib. Əgər bunu həqiqətən də iddia edən varsa, məsələn, Nigar xanım, onda gərək açıqlasın ki, mən kimə özümü tapşırtdırmışam. Yatıb yuxuda görüb, sonra bunu iddia etməyə heç kimin ixtiyarı yoxdur. Qoy illərlə tanığım Niyazi Mehdi, Afaq Məsud və başqaları desinlər ki, Paşa Qəlbinur belə bir iş tutub, çörəyin bərəkəti haqqı deyə bilməzlər, çünki belə bir şey olmayıb. Əslində, mən səhvimi bilirəm, gərək bu iddialar ortaya çıxan kimi telefonu götürüb Nigar xanıma sərt şəkildə deyəydim ki, bunu sizə kim deyib?! Qoy ad açıqlasınlar, “deyirlər, tapşırıblar” olmur! Bu, etikadan kənar bir şeydir. O əsəri oxuyun, ondan sonra aydın olacaq ki, onu yazan adam belə bir hərəkət edə bilməz.
- Onluqda olan əsərlərin neçəsini oxumuşsunuz? 
- Onluqda olan əsərlərin hamısını oxumuşam.
- Birinci yerə hansı əsəri layiq bilirsiniz? 
- Belə deyim ki, bəyəndiklərim və bəyənmədiklərim, təbii ki, var. Onların içərisində bir hissəsi yaxşı, bir hissəsi pis olan da var, çox hissəsi yaxşı, az hissəsi pis olan və ya tərsinə olanları da var, mütləq bəyənmədiklərim də var…
- Konkret ad deyə bilərsinizmi? 
- Ad desəm, etik olmaz. İndiki mərhələdə hansısa əsərə “pis”, yaxud da “bir az pis” deməyi özümə rəva bilmirəm, bu mənə yaraşmaz. Mən onluqdakıların hamısına uğurlar arzulayıram. Amma o adam ki var, mənim qəlbimə dəyib, – özü də deyəsən seyiddir (Mirmehdi Ağaoğlunu nəzərdə tutur – V.Q.), – onun yanaşması diletantdır. Axı oxumadığın, görmədiyin, tanımadığın adam haqqında təəssürat bölüşmək düz deyil. Əgər ortada sübut olunmuş fakt yoxdursa, “deyirlər”ə əsaslanıb danışmaq doğru deyil. Deyirlər ki, Pasternakın əsəri pisdir. Deməli, sağıcının, traktorçunun səviyyəsinə enir o (xahiş edirəm bunu olduğu kimi yazın)! Tanımasam da, onun özünə də uğurlar arzulayıram. Bəlkə də bu onun üçün bir dərs olar, bundan sonra oxumadığı əsər, tanımadığı adam haqqında fikir deməz.
Uzun müddətdir şeir yazıram, mənim poeziyam haqqında bu günə kimi bir adam bir kəlmə mənfi rəy söyləməyib…
- Şeirdən söz düşmüşkən, niyə poeziyadan nəsrə üz tutdunuz? 
- Natiq Rəsulzadə müsahibələrinin birində deyib: elə adam var ki, ömrü boyu şeir yazıb, ilk nəsr əsərini də MKM-ə verib. Bu, mənim sayca beşinci romanımdır, dördünü çap etməmişəm. 7 şeir kitabım çapdan çıxıb, amma həcminə görə 15 kitablıq şeir yazmışam, lakin çap etməmişəm. Əsəri yazıram, onu dəmə qoyuram, bir ay o əsərə uzaqdan-yaxından baxıram və daha sonra çap edib-etməmək barədə qərar verirəm. Natiq Rəsulzadənin yanaşmasına gəlincə, onda gərək Ömər Xəyyamı ataq bir kənara ki, cəmi bir kitabı var, o da dəftər qalınlığında. Yaxud da Servantes də təkcə “Don Kixot”u yazıb. Bu, məntiqsiz bir fikirdir ki, bu adamın cəmi bir nəsr əsəri var.
- Sizcə, rus dilində yazılan əsər MKM-ə təqdim oluna bilərmi? 
- Bu suala cavab vermək istəmirəm. Bu 9 nəfər barədə mənfi heç nə demək istəmirəm. Yalnız Mirmehdi Ağaoğluna onu deyirəm ki, oxumadığı əsər haqda fikir bildirməsin…
- Mirmehdi Ağaoğlu əsər haqda heç nə deməyib axı? 
- Olsun tanımadığı adam haqda! Özü görübsə, desin. Xahiş edirəm yazın ki, bunu kim deyibsə, çox səhv edib, mən heç bir münsifə belə bir xahiş etməmişəm.
- Bayaq dediniz, dəqiqləşdirək, bu kitab hansısa mükafat alıb? 
- Xeyr almayıb, amma fikrim var ki, gələcəkdə daha mötəbər müsabiqələrə təqdim edim. Bu əsər haqda bütün tənqidçilərin yüksək fikirləri var. Məsələn, Ağamusa Axundov yazıb ki, nəsrimizdə hadisədir və yüz ildə bir olan bir şeydir və s. Heç yazmasalar da, mən bilirəm ki, nə yazmışam.
- Münsiflərin içərisində təsadüfi saydığınız adam varmı? 
- Hamısı normal, tanınan adamlardır. Təşkilatçıların seçimidir. Məncə, problem yoxdur.
- Qalibin adının açıqlanmasına az vaxt qalır, nə gözləyirsiniz? 
- Öz payıma deyirəm, heç nə gözləmirəm, heç nə də fikirləşmirəm. Bir şeyi bilirəm ki, bu, Azərbaycanın ilk miniatür romanı, yəni virtual sərhədləri çox böyük olan əsəri sıxıb-sıxıb qısaltmışam. Amma oxuyanda bilinir ki, bunun həcmi sıxılıb. Kitabda çoxlu sayda sirr var, böyüklük çıxsa da, deyim ki, Cakondanın da sirri var və hələ də açıla bilmir. Bax, elə bir əsərdir, çoxlu sayda sirləri olan. O sirlər fəlsəfənin, təbabətin, poeziyanın, ədəbiyyatın hamısının kəsişdiyi nöqtələrdir. 20 il ürəyimdə gəzdirib, 3 ilə yazdığım halal bir əsərdir. Üç ildir ki, yazılıb və müzakirədədir, mənfi söz deyən olmayıb. Bilirəm ki, yüz il sonra da deyən olmayacaq. Bu hansısa bir filmin süjet xətti kimi çıxmayacaq. Bu, tam yeni, orijinal, içində raket gücü olan və tükənməyən bir yazıdır – bilirəm ki, həmişə də belə qalacaq. Bunu dəqiq bilirəm. Amma yer tutub-tutmayacağını bilmirəm.
elvinhuseynzade.wordpress.com                          

Комментариев нет:

Отправить комментарий