23.05.2011

Brejnev Xəzərdə çimə-çimə Axundova tövsiyələr verdi

Dövlət Təhlükəsizlik Komitəsinin «unudulmuş» sədri...
Yayın ortasında elə bil göy üzü qatı tüstü ilə örtülmüşdü. Birinci katibin otağı Axundova dar gəldi, qaranlıq göründü. Tez aşağı düşdü, maşına oturub, heç nə düşünmədən sürücüyə “dənizə sür”,- dedi. Yolda beynindən həyəcanlı bir fikir keçdi: bəs KQB-nin sədri Əliyev harada itib-batıb, aeroporta niyə gəlməmişdi? Suriyanın prezidentini qarşılayırdılar,  axı protokola görə “KQB-nin sədri aeroportda olmalıydı”...
                           9-cu yazı
Axundov onunla tez-tez üzə dayanan fəlakətin mənbəyini görmürdü. Bilmirdi ki, üç ildən artıqdır ki, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Heydər Əliyev onun və büro üzvləri haqqında “dosyelər” yığır, bu qovluqlarda məxfi agentlərin məlumatları, könüllü xəbərçilərin donosları, telefon danışıqlarının maqnitofonda yazılmış surətləri, onlar haqqında şikayətlər toplanıb. Bütün bunlar sistemləşdirilib və səbrlə öz saatını gözləyir. Əliyev bu məlumatları bağ evində Şişkinin divardan asılmış “Şam meşəsində səhər”... adlı rəsm əsərinin arxasında yerləşən seyfdə gizlətmişdi... Axundov Əlixanovu, Isgəndərovu, Kərimovu rəqib kimi görürdü. Amma Əliyev heç yadına belə düşmürdü... Onun “KQB” sədri təyin olunması üçün az əziyyət çəkməmişdi. Məhz Axundovun dövründə ilk dəfə KQB-yə azərbaycanlı sədr təyin olunmuşdu...
Özbəkistan pambığı və Azərbaycanın planı
Axundov gündəlik məlumatı kənara qoydu. Nəticədən razı deyildi: aramsız yağışlar pambığın toplanmasına imkan verməmişdi. 300 min ton əvəzinə 148 min ton pambıq toplanmışdı. “Özbəkistan prezidenti Rəşidov sözündən qaçmasa, hələ hər şeyi yoluna qoymağa imkan var”,- düşündü. 100 ton Özbəkistan pambığına 45 milyon manat ödənilir, Azərbaycana gətirilir və anbarlara yığılır. Bundan sonra Moskvaya pambıq planının ödənilməsi barədə raport vermək olardı. Bir az çatışmaz, onu da silərlər, birinci dəfə deyildi ki, plan belə ödənilirdi.
Malların keyfiyyəti və çəkisi ilə bağlı alınan iddialarda problem yaranmışdı. SSRI-nin hər yerindən çıxdaş edilmiş dəzgahlar geri qaytarılmışdı, soyuducu, neft avadanlıqları ilə bağlı problemlər də az deyildi. Axundov bu məlumatlar yığılmış qovluğa nifrətlə baxıb kənara atdı. Şikayətlər o qədər də çox deyildi, amma son illər birinci katibin gözü yaxşı görmürdü, məlumatlar böyük şriftlə yığılırdı və qovluq şişirdi.
“Baybakovla əlaqə saxlamaq lazımdır, qoy bir tədbir görsün”,- Axundov düşündü.
Baybakovu birləşdirin!
Daxili telefonla zəng etdi. Köməkçi sakitcə içəri girdi. Qapı ağzında dondu:
- Eşidirəm, Vəli Yusifoviç!
Axundov cavab vermədi. Diqqəti DIN-dən alınmış məlumatlara yönəlmişdi: Bir gecədə 18 nəfər öldürülüb, 76 oğurluq baş verib, 84 nəfər bıçaq yarası alıb. Çox ağır cümədir. Dərindən nəfəs aldı. “Əlizadə vecsizin biridir. Onu nazir qoymaq lazım deyildi. DIN - ticarət, alver yeri deyil, orda  düşünmək, işləmək lazımdır”. Sonra köməkçiyə tapşırıq verdi.  Saat 12-də Baybakovla birləşdirməyi tapşırdı.
Xruşşovun qızı üçün gündəlik gül dəstələri
Axundovun özünə yazığı gəldi. Dünən həkimi Qusman da xəbərdarlıq etmişdi, az işləmək lazımdır, şəkər kəskinləşib, sinəsində ağrılar var. Gözünün altı torbalanmışdı, yoxsa bu fəndgir yəhudi düz deyir, - fikirləşdi.
Bu katiblik axırıma çıxır, ondan qurtarmaq lazımdı! Bu sözdən bir qədər yüngülləşdi. Əvvəllər bu fikirlər ağlına belə gəlmirdi. Əvvəlki birinci katib Imam Mustafayevi xatırladı. Sağlamlığına çox ziyan vurmuşdu. Onu çıxardılar. “Izvestiya” qəzetinin redaktoru Ajubey Axundova birinci katib olmağa kömək göstərdi. Axundov uzun illər hər gün Radu Nikitiçnayaya (Xruşşovun qızına) qızılgül və apelsin göndərirdi. Qızılgül qonşu Irandan alınırdı, apelsin isə  Mərakeşdən gətirilirdi. Həmişə də səbətə belə bir qeyd qoyulurdı: Çox hörmətli Radu Nikitiçnaya günəşli Azərbaycan məhsullarından! Məktuba imza qoyulmazdı. Amma Xruşşovlar ailəsinə hər şey məlum idi.
“Həkim nə bilir siyasət nədir?”, yaxud Vəli Axundovun karyerası
Imam Mustafayev Axundova istehza ilə “həkim” deyə müraciət edərdi. Bununla Axundovun səriştəsizliyini diqqətdə saxlayardı: “Həkim nə bilir ”siyasət" nədir? Həkim?..
Beriyanın himayə etdiyi birinci katib Bağırov həbs ediləndə Axundov Azərbaycan DIN tibbi sanitar idarəsinin həbsxanalarda öldürülmüş on minlərlə məhkumun sənədlərini ələ keçirib Xruşşova göndərmişdi. Bu surqucla möhürlənmiş  qovluqlarda insanların ölümünün əsl səbəbləri göstərilmişdi. Üstünə isə “xüsusi ilə məxfi” möhürü vurulmuşdu. 1980-ci ilə qədər açılması qadağandır yazılmışdı. Bu sənədlərdən Bağırovun məhkəməsində istifadə edildi və rayon səhiyyə şöbəsinin müdiri Axundov nazir təyin olundu.
Respublika Nazirlər Sovetinin sədri Rəhimovun adı mənzil  alverində hallananda, onu dəyişmək haqqında qərar çıxarıldı. “Pravda” qəzeti alverçi sədri biabır etmişdi. Mustafayevin verdiyi namizədlər bir-birinin ardınca çıxdaş edildi. Heç biri Moskvanın xoşuna gəlmədi. Xruşşov özü qərar verməli oldu: əyalətdən olan həkim Nazirlər Sovetinin sədri təyin olundu.
Az keçməmiş Moskvaya məktublar axışdı. 1959-cu ilin ortalarında Mustafayevin yerinə Axundov gətirildi. On il hakimiyyətdə oldu.
Hər şey qəfildən dəyişdi. Xruşşovu istefaya göndərdilər.  Ermənistan KP MK-nın birinci katibi vəzifədən çıxarılanda Axundov dözmədi. Brejnevə səhhəti ilə bağlı işdən çıxarılması haqqında ərizə ilə müraciət etdi.
“Qədirbilməz mühəndisciklər”...
Tezliklə ölkəni birinci katibin istefası ilə bağlı şayiələr bürüdü. “Qarğalar leşi həmişə hiss edir”,- Axundov öz müavinləri haqqında düşündü. Isgəndərov tez-tez Moskvaya uçurdu, yerini isti tutmaq üçün adam axtarırdı. Əlixanov az qala özünü birinci katib kimi aparırdı, MK-da şöbələri gəzir, katibləri Nazirlər Sovetinin kollegiyasına dəvət edirdi.
“Qədirbilməzlər, küçədən gətirib adam içinə çıxartdım, mühəndisciklər, kötüyə də nəfis salanlar”... Axundov yumruqlarını düyünlədi.
Brejnevin Bakıya ilk səfəri və Axundova verdiyi öyüdlər
Elçilərin çoxluğundan, yoxsa nədən deyə bilmərəm,- Zemtsov yazır,- Moskvada Axundovsuz keçinməyin mümkünsüzlüyü qərarına gəldilər. Moskvaya çağırıb, təltif etdilər. Bu, Axundovun birinci Lenin ordeni idi. “Əlbəttə, Brejnev  Xruşşov deyildi, tamam başqa adamdı. Işləmək olar. Sukanov da sağ olsun, Oreanddan qayıdan Brejnevi Bakıya gəlməyə razı saldı. 1965-ci ilin yayında Brejnev Bakıya gəldi, Nabranda, Göy-Göldə oldu. Brejnev Axundovla dağlara qalxdı, dənizdə çimdi. Brejnev Axundovla söhbətində səmimi və ürəkdən danışdı: ”Xruşşovun faciəsi ifratçılığında idi, o, imkanın son həddini götürdü və ölkədə qəza vəziyyəti yaratdı. Bizim yanaşmamız başqadır. Yüz ölçüb bir biçəcəyik, inandığımız işdən yapışacağıq. Xəyali layihələr bizdən uzaqdır, ən azı, on ildən sonra tələsmədən irəliləyə bilərik. Sürətli qaçışa, kiməsə çatmağa, ötüb keçməyə ehtiyacımız yoxdur. Respublikaların əl-qolunu açırıq. Istədiyiniz kimi çalışın, yerində hər şey sizə daha aydın görünür. Sakit, Vəli Yusifoviç, yəni yaxşı. Öz problemlərinizi Moskvanın üstünə atmayın".
Axundov yaxşı başa düşürdü ki, Brejnev Xruşşov deyil, o, daha çox iki məsələdə ifratçılığı ilə fərqlənir. Sərtdir və qışqırsa da cəsarətsizdir.
Brejnev: “İsgəndərov və Əlixanovla sakit işləyin!”
Çox içəndən sonra depressiyaya meyllənir. Brejnev yola düşəndə Axundova dedi: Həmkarların Isgəndərov və Əlixanovla sakit işləyin.
Zemstov yazır: “sakit” işləmək mümkün olmadı. Axundov anlamışdı, kimlərsə içəridən onun ayağının altını qazır. Sukanov bir neçə dəfə Isgəndərov və Əlixanovun Brejnevə yazdığı məktubları ona göndərmişdi. Əslində, bu hesabatlarda quru rəqəmlərdi, havalar quraqlıq, yaxud yağmur keçib, mal-qaranın sayı azalıb, plan yerinə yetirilməyə bilər. Çox ehtiyatla, lakin hər cümlədə Axundovun çevik olmaması, ləng hərəkətləri və vaxtında qərar çıxarmamasına işarələr vardı. Amma birinci katibin adı çəkilmirdi, Azərbaycan KP MK yazılırdı. Hamı yaxşı bilirdi, MK Axundov deməkdir.
Axundov da Isgəndərov və Əlixanov haqqında danışmaq istəyirdi
Isgəndərov tez-tez Podqornının bağında olurdu, Əlixanov Kosıginin evinə gedirdi. Bunlar salam vermək üçün səfərlər deyildi, neçəyə başa gəldiyi də məlum idi.
Axundov hərdən Isgəndərovun “iyrənc” xəstəliklərindən Brejnevə danışmaq istəyirdi. Ali Sovetin sədri kimi peşəkar məhbusları necə əfv etdiyini deyərdi, birini xəstəliyə, birini ahıllığa görə azadlığa buraxardı, hər birindən də 100 min rubl alardı. Əlixanov satılmış vəzifəni ikinci dəfə satmışdı. Axundov onların alçaq və cılız hərəkətlərindən bezmişdi, hərdən utanırdı onların yerinə. Isgəndərov respublikada gənc oğlanları işə götürməklə məşğuldu, haqqında yüz cür şayiələr yayılmışdı. Əlixanov isə fahişə əsiridir. Kimsə bundan qaçmır... Ancaq o, sökülüb-tökülən qocaları seçir. Azərbaycan KP MK-nın ikinci qonaq evi belələrilə dolu olur. Onlar Tallindən, Moskvadan, Leninqraddan, daha çox Odessadan gətizdirilir...
ardı var
azadliqqazeti.com              Surxay Hüseynli

Комментариев нет:

Отправить комментарий