23.05.2011

Qaz borcları silindimi?

Zaur Bayramlı                       “Millətim” qəzeti

    Ölkə başçısının sərəncamını kimlər “qulaqardına” vurur???

Qaz idarələri maşallah,  gəlhagəldədi. Sözün əsl mənasında qaz vurub, qazan doldururlar.  İstədiklərinin qazını kəsirlər. İstədiklərinə kefləri istəyən qədər borc yazırlar. Bir soruşan yoxdu, a bala, bu kimsəsiz camaatın günahı nə idi axı? Elə insanlar ya qorxudan ya da taqətsizlikdən səsini çıxarmayanda “çiyinlərinə minməzlər” ki.
Prezident abonentlərin qaz, su borclarını bağışladığı vaxt hər kəs çox sevinmişdi.  Amma nərədən bilərdilər ki , əsas bəla hələ irəlidəyimiş. Nə qaz idarəsi, nə də su idarəsi vətəndaşların borclarını silməyib. Sadəcə yavaş - yavaş ödəmələri üçün kiçik hissələrə bölüb və vaxt aşırı olaraq qalıq borc şəklində sıravi abonentlərin qarşısına çıxaracaq. Yerində ödəməyənlərin qaz təchizatını anında dayandıracaqlar. Qəribə işə düşmüşük. Bu ölkədə ya bəzi məmurlar  prezidenti dinləmirlər, ya da hər kəs özünü oturduğu kreslonun sahibi hiss edir ki, bunun fəsadları da ölkənin sıravi vətandaşlarının başın da çatlayır. Soruşuram,  biz Allahın fəqir bəndələri neyləyək? Üzümüzü kimə tutaq, dərdimizi kimə deyək?
Qəlbimdə məhkəməni qazanacağıma zərrə qədər də olsun ümid  olsa,  bir an belə düşünmədən məhkəməyə müraciət edərdim. Amma təəssüf ki,  bu ölkədə qərib-qürəbaların hər hansı dövlət idarəsini, hətta orta səviyyəli kresloda oturan dövlət məmurunu belə udma şansı yoxdur.
İndi qayıdaq məsələnin əsas məğzinə . Hələ bir neçə il bundan öncədən başlayaraq, “Azəri Qaz”ın yüksək çinli məmurları  kütləvi informasiya vasitələri  ilə çıxış edərək, abonentləri istifadə  etdikləri  mavi yanacağın pulunu  qaz  nəzarətçilərinə deyil, azərpoç şöbələrinə və digər müvafiq ödəmə məntəqələrinə ödmələrini xahiş etmişlərdi. Binəva abonentlər də bundan sonra Əlixan Məlikovun dediyi kimi etməyə başladılar.  Amma onlar hardan bilərdilər ki, bunun da  bəzi acgöz və oyanıq məmurların oyunlarından qurtarmaq   üçün köməyi olmayacaqdır. Prezident borcları bağışladı. Amma inanın ki,  bunun əhalinin imkansız təbəqəsi üçün demək olar ki, faydası olmadı,  çünki necə olsa borclar  dolayı yollardan  olsa da, başqa bir bir şəkildə  yenə onların cibindən çıxmaqda davam edir. 
Burda sizə rəhmətlik Gilə xalanın yeri düşdükcə  danışmaqdan  xoşlandığı bir lətifəni  danışacağam . Deyir, bir gün zəvvarlar  Məşhədə  ziyrətə getmişlərmiş. Bir yeməkxananın önündən keçdikləri vaxt aşpazın bağıraraq,  müştəri çağırdığını görürlər: Təzə düyüdən yaxşı plov pişirmişəm, gəlin isti-isti yeyin, bu gün gəlməsəniz sabah supa, birigün küftəyə qatacağam. Əvvəl - axır bu düyünü sizə yedirdəcəyəm.  Ağlınız olsun gəlin.  Təzə-təzə yeyin.  İndi Məşhəddəki  aşpazın məsələsi olmasın.  Bu qaz idarəsi borcların adlarını dəyişərək , “qalıq” borc nə bilim nə borc adları ilə vətəndaşlardan almağın çox ustaca yolarını bilir.  Məsələn  indi sizə şahidi olduğum bir şeyi danışacağam.
 Qonşuluğumuzda çox intizamlı və məsuliyyətli bir abonent yaşayır. Qaz, su və elektrik sayğaclarının üzərindəki  bütün göstəriciləri hər ayın son günü “Azərpoçt”un şöbələrindən birində ödəyir. Bu vətəndaş on beşinci dərəcəli müəllim olmaqla bərabər, iyirmi yeddi illik stajla pensiyaya çıxıb və hazırda sadəcə yüz səkkiz manat pensiya alır.  Ürək xəstəliyindən əziyyət çəkməsinə  və  sadəcə  aylıq dərmanlar üçün tələb olunan pulun yüz on manat olmasına baxmayaraq,  enerji və  suyun pulunu bircə gün də olsa gecikdirmədən ödəyir. Amma nə fayda ki,  hər ay icad olunan qalıq borcların əlindən artıq təngə gəlib və nə edəcəyini bilmir. Bu misalları istədiyiniz qədər artırmaq olar.  Bir də nə hikmətdirsə  bu borclar məmurların yerdəyişməsindən sonra daha da sıxlaşır.
Təəssüf ki, bu problem  sadəcə enerji və suyla bağlı deyil. Cənab prezidentin   bir neçə aydır davam edən,  anti korrupsiya tədbirləri və bu barədə görüləcək işlər barədə verilən vədlər.  Etiraf etməliyəm ki,  bu vədlər biz sadə vətəndaşları olduqca ümidləndirmişdi,  ancaq əfsuslar olsun ki, bütün ümidlərimiz hələ də boşa çıxmaqda davam edir. Dolanışıq səviyyəsi aşağı olan, sadəcə pensiya və yaxud quru maaşla ailəsini keçindirmək,  məcburiyyətində qalan insanların birdə  “od” bahasına olan kommunal xərcləri ödəməsi sözün əsl mənasında möcüzədir. Doğurdan da biz çox dözümlü xalqıq,  yoxsa bunca zülmə, yalan-dolana, ən kiçik məmurun belə özünü padşah kimi aparmasına necə dözərdik? Biz sıravi vətəndaşlarıq və kiçik məmurların etdiklərini görürük. Yuxarılarda nələr olur,  onu bir Allah bilir. Dənizində dibi adətən sakit, üstü dalğalı olar. Cəmiyyət də elə dəniz kimidir.  Alt təbəqənin insanları olaraq,  həyat dənizinin dibin də  yaşayırıq.  Yuxarılardakıların öz qanunları , öz qaydaları var. Həyat həm də yüksəlmək uğrunda mübarizədir və bizim bəlamız ordadır ki,  bunu qanunauyğun şəkildə deyil, daha çox qeyri-leqal  formada etməyə çalışırıq. Bundandır ki,  bəzi məmurlar  vəzifəyə xalqa xidmət etmək üçün bayraq yarışı kimi deyil, qısa yoldan zəngin olma vasitəsi  kimi baxırlar .
Biz sadə vətəndaşlar isə hələ də dözməkdə davam edirik. Amma bu dözümün nə zamana qədər sürəcəyinə heç kim zəmanət verə bilməz. Artıq xalq ölkə prezidentinin sərəncamlarını belə heçə sayaraq, özünü padşah hesab edən məmrların varlığına, sözün əsl mənasında dözə bilmir. Allah dövlətimizi bu məmurların törədəcəyi bəlalardan qorusun, deyərək hələ də gözləyirik. Amma nə zamana qədər...? 

Комментариев нет:

Отправить комментарий