09.05.2011

Elnur ASTANBƏYLİ, Şeirlər

elnur    qoşma-1
  
   ötər qərib-qərib üçtelli durnam
   car olar gözümün selləri boy-boy
   şiddəti bağrımın başında oynar
   əsdikcə qürbətin yelləri boy-boy
  
   o qədər ağladım peymanam doldu
   saraldı gül gibi irəngim soldu
   tərifli gözəllər gəlhagəl oldu
   bəy tək bəzədilər yolları boy-boy   
   yoxsulun ağzını vara çəkdilər
   ha yazdım ağ üstən qara çəkdilər
   beçərə aşiqi dara çəkdilər
   kəsildi dost deyən dilləri boy-boy
  
    qoşma – 2  
   məğribdən məşriqə karvanım işlər
   heydən düşən canım yol deyü ağlar
   gəl gör də qəfəsdən baxan aslanı
   sağ deyü inillər sol deyü ağlar
   
   bir sonam perikmiş gölə də gəlməz
   dolanar zalım baxt belə də gəlməz
   gedər ərdəmliyim ələ də gəlməz
   miskin aşiqi gör dil deyü ağlar
  
   dərdi bizə məhkum dərman onundu
   əkən o biçən o xırman onundu
   şahlar şahı odu fərman onundu
   ağam bəndəsini qul deyü ağlar
  
   İş elanları
  
    – 1 -
  
   iş axtarıram
   hər cür oğraşlıq gəlir əlimdən
   sabunlu-sabunsuz girməyi bacarıram
   işverənliyimə söz ola bilməz
   əvvəllər suvaqçı olduğumdandır ki
   indi daha yaxşı malalayıram
   həqiqətləri
  
   nə olsun qabaqlar bənna olmuşam
   ev tikmişəm yəni
   ehtiyacın üzü qara olsun
   indi ev yıxmağa
   məcbur və hazıram
   cibə nəşə atmaqda
   tayım-bərabərim yoxdur
   yəni nə tayım var nə bərabərim
  
   yalan demək əlimdə
   su içimi kimi bir şey
   üzə də dura bilərəm
   …iş axtarıram
  
    – 2 -
  
   seçki komissiyasında iş axtarıram
   saxtakarlığın min yolunu bilirəm
   insanların səsini
   oğurlamaq xoşuma gəlir
   yəni xoşuma gəlir
   insanların səsini oğurlamaq
  
   mənim üçün
   qutuya saxta bülleten atmaq
   o qədər asan ki
   sanki
   küçəyə siqaret atırammış kimi
   ya da siqareti küçəyə atırammış kimi
  
   saxta protokollara qol çəkmək?
   no problem
   zatən həyatımda hər şey saxtadır:
   doğum tariximdən diplomumacan
   hətta axtarsanız
   nikah kağızım belə saxta
  
   …iş axtarıram

    Sorokin və…
  
   …həyat haqqında düşünərkən
   ağlıma gələn ilk sual bu:
   “nədən
   təsadüfi yığdığımız nömrələr
   heç vaxt məşğul göstərmir?”
 
   Gecə ekspresi
   
    mobil telefonu söndürmək
    sonra televiziyonu söndürmək
    sonra işığı
    sonra ehtirasını
    sonra bir siqara yandırmaq
    sonra işığı yandırmaq
    sonra televiziyonu
    sonra mobil telefonu
    və
    çaynikin altını yandırmaq sonda da..
 

   Savaşa parodiya
  
   unutmamalı:
   ürək -
   sinəmizin altına
   basdırılmış mina misalı
   gec-tez partlayacaq
  
   və anlamalı:
   ürək -
   bütün partlayışlara parodiyadır
  
   necə ki
   bu şeir
   bütün savaşlara parodiya…

   Natiqi əsəbləşdirmək
  
   dost, mən hey içmişəm
   içirəm, içəcəyəm də!
   … yaxşı, yaxşı,
   özünə əl qatma,
   söhbət karvaloldan gedir…

   İrtica söhbəti  
   iran irticasının Güney türklərini
   döyüb söyüb asıb-kəsməsinə boş ver də
   məni bu iranlılara əsəbləşdirən
   bilirsənmi nədir, dostum,
   belə gözəl duzlu xiyar bağlayasan
   arağı da qadağan eləyəsən?!

   OL!
  
   söyləməyə
   dilim yox,
   həqiqətlər
   çox acı.
   nə qardaş var,
   nə bacı,
   qar, mənim
   qardaşım ol
   
   ağca daş,
   qaraca daş.
   yekə daş,
   balaca daş.
   həm cavan,
   həm qoca daş,
   daş, mənim
   başdaşım ol
  
   tanrının
   yeri uca,
   əl uzatmaqla
   yetməz.
   kimsə
   mənimlə getməz,
   yol, mənim
   yoldaşım ol…

Комментариев нет:

Отправить комментарий