09.05.2011

İnternet həyatımızın vacib atributu kimi

Alı İsgəndərli                     Professional Oxucu Liqası

 Elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi bir dönəmdə, ölkəmizdə vizual və virtual informasiya vasitələrinin sayının artması təbiidir. Əslində bunu təqdirəlayiq hal kimi qiymətləndirmək də olar. Çünki, vizual və virtual informasiya vasitələri mobil əlaqələrin də inkişafına sürətli təkan verir. Amma maraqlıdır, vizual informasiya vasitələrinin sayının belə sürətlə artması bizə, yəni gənclərə nə verir? Görəsən mənəvi dəyərlərin deqrodasiyasının sürətlənməsində vizual və virtual informasiya vasitələrinin rolu varmı? Kitaba olan marağın azalmasında necə? Düzdür, Azərbaycanda internet saytlarının yaranması təxminən 1995-ci ilə təsadüf edir, amma ölkəmizdə kitaba olan marağın azalması 1980-cı illərdən özünü göstərib. Belə olan halda, kitaba olan marağın azalmasının səbəblərini birmənalı olaraq vizual və virtual informasiya vasitələrində axtarmaq da düz olmazdı. Lakin bədii ədəbiyyata marağın azalmasında bu vasitələrin rolu az deyil. Danılmaz bir faktdır ki, bu gün kitab oxuyanların sayı əvvəlki dövrlərlə müqayisdə kəskin azalıb. Savadın, intellektual səviyyənin artmasında böyük rolu olan kitab bu gün, xüsusilə gənclər üçün maraqsızdır. Maariflənməyin yolunu isə daha müasir qaydada, internet səhifələrini vərəqləməkdə tapıblar. Bu gün internet səhifələri kitabı əvəz edə bilirmi?
 Bir çox mütəxəssislərin fikrincə vizual və virtual informasiya vasitələrinin sayının artması mənəvi dəyərlərin deqrodasiyasını sürətləndirmir. Əksinə elektron tipli qəzetlərin sayının artması zamanın tələbidir. Azərbaycan da ondan kənarda qalmamalıdır. Kitaba olan marağın azalması məsələsi nəinki Azərbaycanda, hətta dünyada aktual bir mövzuya çevrilib. Artıq inkişaf etmiş ölkələrdə qəzetləri elektron versiyalarla əvəz etmək istəyirlər. Vizual və virtual informasiya vasitələrinin sayının artması inkişafdan, səviyyədən xəbər verir.
 Əslində informasiya vasitələri ümumi olaraq mənəvi dəyərlərə mənfi təsir göstərmir. Bu, şəxsi, indivudal məsələdir. Əgər kimsə qeyri-etik şeylərlə maranqlanırsa, o ona onsuz da baxacaq. Burda tapmasa da, başqa bir yerdə axtarıb tapacaq. Yəni bu, insanların fərdi düşüncələridir. Kitab məsələsinə gəlincə isə, internet kitaba olan marağı heç də azaldır. Çünki, mən özüm kitabı əlimə alıb hiss etməsəm, oxuya bilmirəm. Əvvəllər foto çıxanda rəsm əsərləri məhv olacaq, kino yarananda isə teatr məhv olacaq dedilər. Amma bu belə olmadı, teatr da, rəsm əsərləri də yaşayır. Eləcə də internetin yaranması kitabı sıxışdırıb aradan aparmayacaq. Kitabın öz oxucusu həmişə olub, indi də var.
 Bir çoxlarının fikrincə isə, vizual və virtual informasiya vasitələri mənəvi dəyərlərə çox mənfi təsir göstərir. Gənclərin tərbiyəsinə sözügedən informasiya vasitələri demək olar ki, həlledici təsir göstərmək imkanındadır. Amma bu, heç də ona əsas vermir ki, biz bu vasitələrdən istifadə etməyək. Problemin kökü həm də ondadır ki, dünyada gedən qloballaşma prosesindən kənarda qalmalı deyilik.
  Vizual və virtual informasiya vasitələri bir çox ziyalılarımızın işinə kömək edir. İnternet kitab oxumağa heç bir maneçilik yaratmır. İntenetdən istifadənin müsbət tərəfləri olsa da, mənfi tərəflərinin olmasını da istisna etmirəm. Çünki, internetdə əyləncə xarakterli səhifələr çoxdur. Gənclərin çoxu da bu gün intellektual səviyyədən çox əyləncə arxasınca qaçırlar. İnternet səhifələrində etik qaydalara uyğun olmayan hallara rast gəlinir. Belə anormal halları yığışdırmaq, zənnimcə mümkün deyil. Kitab oxumaq istəyən mənim kimi kitab alıb oxuyur, amma oxucuların sayının azalmasında vizual və virtual informasiya vasitələrinin rolu böyükdür.

Комментариев нет:

Отправить комментарий