17.05.2011

Faciələrimizin başlanğıcı

1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus vertolyotun qəzaya uğraması nəticəsində Azərbaycanın dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, dövlət müşaviri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, Dağlıq Qarabağ Muxtar Vilayətinin bir sıra rəhbər işçiləri, Rusiya və Qazaxıstandan olan hərbi müşahidəçilər olmaqla ümumilikdə 22 nəfər həlak olub.
Nümayəndə heyətinin uçuşunun məqsədi Təhlükəsizlik Şurasının növbəti iclasını Dağlıq Qarabağda keçirmək olub. Bu məqsədlə SSRİ prezidenti Mixail Qorbaçovun şəxsi köməkçisi 1991-ci il noyabrın 18-də Kremldən Bakıya zəng edir. Bu telefon zəngindən sonra Bakıda siyahı tərtib olunur. Torpaq iddiasında olan erməni liderlərinin və Moskva nümayəndələrinin də bu iclasda iştirakı nəzərdə tutulurdu.
1991-ci il noyabrın 19-u saat 19:05-də siyahı tərtib olunur. İlkin siyahı Tofiq İsmayılovun rəhbərliyi ilə müzakirə edilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədovun adları siyahıdan çıxarılır. Siyahıya Viktor Polyoniçkonun başçılıq etməsi qüvvədə qalır.
Noyabrın 19-da gecədən xeyli keçmiş siyahı yenidən  təzələnir. V.Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri V.Cəfərov və V.Məmmədov siyahıya daxil edilir. Tofiq İsmayılov tərtib olunmuş siyahıya başçılıq etməli, Dağlıq Qarabağda Təhlükəsizlik Şurasının səyyar iclasını keçirməli idi. Bakıdan yola düşən vertolyot Ağdamda dayanır və qısa müddətdən sonra yenidən havaya qalxır. Amma vertolyot mənzilbaşına çatmır. Ermənilər tərəfindən Xocəvənd rayonunun Qarakənd səması yaxınlığında vurulur və vertolyotda olan 22 nəfərin hamısının öldüyü elan edilir.
Amma bu faciədən sonra müxtəlif söz-söhbətlər yayılmağa başlayır. Həmin məlumatlar arasında vertolyotda olan Azərbaycanın yüksək vəzifəli məşhur şəxslərinin ermənilər tərəfindən oğurlandığı barədə məqamlar da var. Bu məlumatlar indinin özündə də zaman-zaman gündəmə gəlir. İstənilən halda fakt odur ki, 1991-ci ilin 20 noyabrı Azərbaycan tarixinə faciə kimi yazılıb və Azərbaycanın yüksək vəzifəli, dəyərli şəxsiyyətləri həyatlarını itirdilər. Məhz bu qanlı olayın nəticəsində Azərbaycan milli idarəçi qüvvələrini itirdi və sonda məmləkət kürd işğalına məruz qaldı.
1991-ci il noyabrın 20-də “Mi-8” hərbi vertolyotunda həlak olanları bir daha xatırladırıq:


- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi

- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror

- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri

- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini

- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili

- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili

- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri

- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini

- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru

- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi

- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi

- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı

- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini

- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru

- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant

- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi

- Alı Mustafa oğlu Mustafayev - telejurnalist

- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı

- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator

- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri

- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü

- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü

Комментариев нет:

Отправить комментарий