08.05.2011

Famil Cəfərli: Jurnalistlər ən çox hansı səhvləri buraxır?


Açıq Cəmiyyən İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə keçirilən "Yazmağı öyrənirik" lahiyəsində "Yeni Müsavat" qəzetinin redaktoru Famil Cəfərlinin mühazirəsi:


JURNALİSTLƏR ƏN ÇOX HANSI SƏHVLƏRİ BURAXIR?

* Sözlər orfoqrafik cəhətdən düz yazılmır

* Cümlə üzvləri düz sıralanmır
* Sözlər yerində yazılmır
* Fellər düz hallandırılmır
* Abreviaturalar düzgün açılmır. Məsələn, ÜDM açılanda bütün sözlər böyük hərflə başlayır. Məsələn, belə: Ümumi Daxili Məhsul. Halbuki bunların xüsusiləşdirilməsi yanlışlıqdır, o sözlərin hamısı kiçik hərflərlə yazılmalıdır.
* Sözlərə şəkilçi əlavə edərkən dil qaydaları unudulur, söz və ifadələr deformasiyaya uğrayır. Nəticədə suyuyla (suyu ilə), yoluyla, torpağıyla, havasıyla, inanclarıyla kimi əzik sözlər əmələ gəlir.
* Beynəlxalq təşkilatların adı düzgün yazılmır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının adı bu formalarda yazılır: Dünya Səhiyyə Qurumu, Dünya Səhiyyə Təşkilatı, Dünya Sağlıq Təşkilatı və s. YUNESKO da UNESCO yazılır. Halbuki bunlar adı dilimizə çoxdan girən və onilliklərdir tanınan təşkilatlardır.
* Bəzi xüsusi isimlər, illah da ölkə, şəhər və insan adları ingilis (və ya fransız, alman, ispan və s.) dilindən necə götürülübsə elə, yəni orijinalda olduğu kimi yazılır. Nəticədə Con, Nyu-York, Ayova, Havay kimi sözlər daha çox təhrifə məruz qalır. Onlar yazıldığı kimi də tələffüz olunanda isə anlaşılmazlıq yaranır. Buna görə də Almaniyanın Aaxen şəhərinin adı dilimizə Aiçen kimi, Köln şəhərinin adı Koloqne kimi, Fransanın Bordo şəhərinin adı Bordeuxs kimi girir və bəzən elə də tələffüz olunur.
* Alınma söz və terminlər mənasına uyğun gələn yerlərdə yazılmır (prioritet, praqmatik, skeptik, paradiqma, rasional, irrasional və s.)
* Reportyorlar hər hansı məlumatı yazarkən xəbərin başlanmasında yanlışlığa yol verirlər. Bəzən ikinci-üçüncü dərəcəli məlumat öndə verilir, ən son, təzə xəbər isə arxa plana keçirilir. Halbuki xəbər ən öndə gəlməli, sonra isə xatırlatma, əlavə və şərhlər verilməlidir. Bir çox hallarda hadisələrin əlaqələndirilməsi zəif olur. Başlıqla mətn bir-birini tamamlamır. Sərlövhəyə çıxarılan xəbərə mətndə rast gəlmək mümkün olmur. Məsələn, “Bu həftə üçüncü adam da filan şeydən öldü”, yaxud “Azərbaycan daha 230 milyon dollar kredit aldı” yazılır, amma mətndə yalnız sonuncu fakt verilir, yazının sonunda əvvəlki faktlar barədə bilgi vermək isə unudulur. Bilinmir ki, “filan şeydən ölən” əvvəlki iki adam məsələsi nədir. Yaxud Azərbaycan bu 230 milyon dollardan əvvəlki krediti haçan alıb, ümumiyyətlə, alıbmı.
* Xəbərlə işləyən jurnalistin ilkin işlərindən biri də aldığı (eşitdiyi) xəbərin mənbəyinə çıxıb onu dəqiqləşdirmək olmalıdır. Bu da alınmayanda heç olmasa mənbəyə yaxın digər qaynaqlar tapılmalı, bu sahəyə aid bilgisi çox olan ekspertlərlə dəqiqləşdirmə aparılmalıdır.
* Durğu işarələrinin yerində qoyulmaması halları cümlənin mənasını tamam dəyişir. Bəzən içində “niyə, nə üçün, necə, kimin” sözlər olan xəbər cümlələrinin sonunda sual işarəsi qoyulur. Bir çoxlarına elə gəlir ki, bu, mütləq belə olmalıdır. Məsələn, belə: “Fikirləşdim ki, bu bəladan qurtulmaq üçün nə edim?” Halbuki adam bu cümlədə nə fikirləşməsi haqda xəbər verib, sual verməyib. Buna görə də orada sual işarəsi yox, nöqtə qoyulmalıdır.
* Dövlət idarələrinin adının yanlış yazılması hallarına daha çox rast gəlinir. Məsələn, Əmlak Məsələləri Dövlət Komitəsinin, Diasporla İş üzrə Dövlət Komitəsinin adı bütün müxtəlif formalarda yazılmaqda davam edir - Diaspora Komitəsi, Əmlak Komitəsi, Əmlak Məsələsi Komitəsi kimi.
* Cümlələrdə axıcılıq olmalıdır, felin təsriflənməyən forması qanunu, sadalama intonasiyası unudulur. Feli sifətlər bir-birinin dalına düzülür. Halbuki onların hamısı eyni zaman formasında ola bilməz. Bu isə oxu zamanı yoruculuq yaradır, ahəngi pozur. Məsələn: “Naxçıvanda yerləşƏN hərbi hissədə xidmət edƏN zabit orada baş verƏN hadisədƏN danışmaqdAN imtina etdi”.

DÜZGÜN YAZILMAYAN SÖZ, İFADƏ VƏ CÜMLƏLƏR


“Turan” klubu mütləq Tovuzda qələbə qazanmalıdır” cümləsində “mütləq” sözü “Tovuzda” sözündən sonra yazılmalıdır.

“Vəzifəsini böyük ölçüdə həll edib” (əslində “icra edib”, “yerinə yetirib” olmalıdır)
“Olduğu təqdirdə” ifadəsi yanlışdır. Yalnız gələcək zamanda - “olacağı təqdirdə” yazılmalıdır.
“Mühüm əhəmiyyət” ifadəsi yanlışdır. “Mühüm” elə “əhəmiyyətli” deməkdir.
“Bir neçə adam getdilər” cümləsində fel də tək halda olmalıdır. “Getdi” şəklində.
“İstisnasız olaraq” əvəzinə çox vaxt “istisna olaraq” və ya əksinə, yazılır. Bunlar fərqli mənalara gələn ifadələrdir.
“Prezidentin fərmanı ilə bu il fevralın 11-də öldürülmüş generalın qətli üzrə cinayət işinin istintaqının aparılması...” kimi başlayan cümlədə daha kobud səhv buraxılır.
“Dəfələrlə ağsaqqallar Suraxanı RİH-ə müraciət edib” cümləsində “dəfələrlə” sözü “müraciət edib” ifadəsindən əvvəl yazılmalıdır.
“70 yaşlı futbol kralı adlandırılan Pele oyuna baxmağa gəlmişdi” cümləsi də səhvdir. “70 yaşlı” təyini Pelenin özünə aid olduğu üçün bu sözdən öncə gəlməlidir.
“Küləkli hava yağışla müşahidə olunacaq” cümləsi səhvdir. “Müşayiət olunacaq” yazılmalıdır.
“Halbuki”, “sanki”, “amma”, “ancaq”, “lakin”, “isə”, “ilə”, “və”, “da”, “də” kimi ədat və bağlayıcılardan sonra əksər hallarda səhvən vergül qoyulur. Ya da eyni anlamı verən, eyni rolu oynayan ədat və bağlayıcılar səhvən ardıcıl, təkrar-təkrar yazılır. Məsələn, “amma bununla belə”, “lakin buna baxmayaraq” kimi.
“Hündürmərtəbəli bina” anlayışı yoxdur. Var çoxmərtəbəli bina, ya da hündür bina.
“Kompüter” sözü “kompyuter” kimi, “fitva” səhvən “fətva” kimi yazılır.
“Kompaniya” (şirkət) və “kampaniya” (hərəkat, proses, tədbir) sözləri də qarışdırılır. Halbuki onlar ayrı-ayrı mənalara malikdir. Yanlış yazanda “seçki kompaniyası” “seçki şirkəti” anlamına gəlir.
“Filan idarənin əməkdaşları Dövlət Bayrağı Meydanındakı bayraq qülləsini bir daha tərpədəcəkləri barədə ətrafda yaşayan sakinləri hədələyiblər” cümləsində cümlə üzvləri o qədər səliqəsiz düzülüb ki, heç nə anlaşılmır.

Комментариев нет:

Отправить комментарий