15.05.2011

İlham Əliyevin “yol xəritəsi”

Dövlət başçısının keçəcəyi məhəllələrdən «icazəsiz» eyvanlar sökülür
8-ci mikrorayonda “Bolluq” bazarının yaxınlığında yaşayan sakinlər ötən gün yenə ayağa qalxdı. Səbəb eyvanların sökülməsinə etiraz idi. Etirazçılar yenə də polis zorakılığı ilə üzləşdi. Illər öncə xeyli xərc çəkərək eyvan artırıblar, ancaq indi hər yerdən nümayəndə gələrək eyvanların qanunsuz olduğunu bildirir və sökməyi planlaşdırırlar.
100-ə yaxın mənzil sahibinin qatıldığı aksiyanı dağıtmaq üçün Binəqədi rayon Polis Idarəsinin rəisi də “meydan”a təşrif buyurmuşdu.
Eyvanların sökülməsi planının “yuxarı”lardan verildiyini söyləyən vətəndaşlar deyirlər ki, heç bir idarədən onlara bildiriş gəlməyib: “Nə Binəqədi Rayon Icra Hakimiyyətindən, nə də başqa bir idarədən onlara hanısasa formada xəbərdarlıq edilib. Bir neçə il öncə eyvanları tikmişik. Hər kəs bu eyvanı tikmək üçün aidiyyəti qurumlara pul verib. Indi isə gəlib deyirlər ki, bu balkonlar binanın görünüşünü korlayır, ona görə də sökülməlidir. Səbəbini soruşuruq, bildirirlər ki, ölkə başçısı bir neçə gündən sonra buradan keçəcək. Ona görə hər şey gözəl görsənməlidir. Ilham Əliyev bir dəfə buralara gələcəksə, biz eyvanımızdan olmalıyıq”.
Sakinlər eyvanların sökülməsini özbaşınalıq kimi qiymətləndirirlər: “Icra hakimiyyətindən gəlib pul alırlar və deyirlər ki, eyvan tikməyə icazə veririk. Sonra da başımıza belə oyun gətirirlər. Bəs, bizim pullarımızı kim verəcək? Eyvanları tikmək üçün çəkdiyimiz xərclər hara getdi? Burada elə ailə var ki, bir otaqlı evdə yaşayır. Eyvanı da salıblar ki, əşyalarını oraya yığsın. Sökəndən sonra onlar əşyalarını hara yığacaq? Belə çıxır ki, çölə atmalıdırlar. Məgər neçə illərdi bu eyvanları görmürdülər? Indi Ilham Əliyev gəlir deyibən yadlarına düşdü ki, bu tikililər qanunsuzdur”.
Sakinlər eyvanlarının sökülməsinə mane olacaqlarını deyirlər. Polislər sakinləri ərazidən uzaqlaşdırmaq istəyəndə qarşıdurma yarandı. Ortalıqda isə fəhlələrlə jurnalistlər qaldı. Fəhlələrin qarşısını sakinlər, jurnalistlərin önünü isə polislər alırdı. Az sonra Binəqədi Rayon Polis Idarəsinin rəisi əməkdaşlarına “camaatı dağıdın!” əmrini verdi. Bu hadisəni lentə alan jurnalistləri isə ərazidən uzaqlaşdırmağa başladılar. Polislərin müvafiq əmrlərinə tabe olmayan jurnalistləri bölməyə aparmaqla qorxutmağa başladılar. “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlov çəkiliş aparan zaman polislər onu tutub maşına basmaq istəyəndə sakinlər bunun qarşısını aldı. Qarşıdurma yarandı, yolda maşınların hərəkəti dayandı. Ancaq buna baxmayaraq polis “işinin” öhdəsindən layiqincə gələ bildi. Etirazlar bir saata yaxın davam etsə də, sonda asayiş keşikçiləri güclü çıxdı.
Sakinlərdən bir neçəsi problemlə bağlı məhkəməyə müraciət etdiklərini, sona qədər mübarizə aparacaqlarını deyirlər.
"Azadlıq" qəzeti        Ramin DEKO

Комментариев нет:

Отправить комментарий