09.05.2011

"İSRAİL MƏNİ İSTƏMİR, MƏN DƏ İSRAİLİ"

İsrailin nüvə sirlərini ortaya çıxardığı üçün "nüvə casusu" elan edilən Mordehay Vanunu, İsrail vətəndaşlığından çıxmaq üçün yenidən tələb irəli sürüb



İsrailin daxili işlər naziri Eliyahu Yişaiyə göndərdiyi məktubda Vanunu, "İsrail vətəndaşlığından heç bir xeyirim yoxdur. Burada yaşamaq istəmirəm", - deyə bildirib və vətəndaşlıqdan çıxmaq istədiyini söyləyib.
FaktXeber.com-un verdiyi məlumata görə, Vanunu, məktubunun bir nüsxəsini İsrail prezidenti Şimon Peresə, baş nazir Binyamin Netanyahuya, xarici işlər naziri Aviqdor Liebermana, müdafiə naziri Ehud Baraka və ədliyyə naziri Yaakov Neemana da çatdırıb.
Vanunu, İngiltərənin "London Times" qəzetində, İsraildəki nüvə silahı istehsalı ilə əlaqədar verdiyi açıqlamadan sonra İsrail təhlükəsizlik xidmətləri tərəfindən 30 sentyabr 1986-cı ildə Romadaykən qaçırıldığını söyləyərək başladığı ərizəsində, Qüds Bölgə Məhkəməsində mühakimə olunub casusluq, vətənə xəyanət və düşmənə yardımla ittiham edildiyini və 18 il həbslə cəzalandırıldığını bildirir.
25 İLDİR MÜBARİZƏ APARIR. Aşkelon həbsxanada, tamamilə təcrid olunmuş halda 18 il yatdığını və ciddi məhdudlaşdırmalarla birlikdə 21 aprel 2004-ci ildə sərbəst buraxıldığını xatırladan Vanunu, sərbəst buraxılmasından 7 il keçməsinə baxmayaraq, bu məhdudlaşdırmaların hər il təkrar- təkrar irəli sürüldüyünü və indi də bir başqa il üçün eyni məhdudlaşdırmalara məruz qalacağını bildirir. "Sərbəst buraxılmamla birlikdə 6 il Şərqi Qüdsdə, 2010-cu ilin sentyabrından isə Təl-Əvivdə yaşadım. 1986-cı ildə Anqlikan məzhəbini qəbul etdim", - deyən Vanunu, ötən həftələrdə İsrail parlamentinin (Knesset) qəbul etdiyi "casusluq və vətənə xəyanətlə günahlandırılanların vətəndaşlığının ləğv edilməsinə dair qanun"a istinadən, 25 ildir məhdudlaşdırılmış azadlığının tam mənasıyla geri verilməsini tələb edərək, bunu gözlədiyini vurğulayıb. Mordehay Vanunu ərizəsində belə deyir:
"İsrail dövlətindən vətəndaşlığımı ləğv etməsini istəyirəm. Vətəndaşlığın ləğvi istəyi eşidilməmiş bir şey də deyil, bir neçə günlük tələb də deyil. Yeni olansa, bu tələbin artıq 28 mart 2011-ci ildə qəbul edilən "Vətəndaşlığın Ləğvi Qanunu" tərəfindən dəstəklənilməsidir. İndi istədiyim, bu qanunun tətbiq olunması və vətəndaşlığımın, qanunun tələbinə uyğun olaraq dərhal ləğv edilməsidir.
İsrail mediası və bu ölkənin küçələrində mənə yönələn sifətlər "atom casusu", "xain" və sair deyə söyləyir... 25 ildir "dövlət düşməni" olaraq təzyiq görmüş biriyəm. Özümü hələ də məhbus, dövlət və hökumət tərəfindən azadlığından məhrum edilmiş biri kimi görürəm. 25 ildir dövlətdən hər cür təzyiqə məruz qalmış biri kimi, bundan belə bu əziyyətə son verilməsini və təməl insan haqqım olan azadlığımın tanınmasını istəyirəm. İsrail vətəndaşı olmamağı seçərək, vicdan azadlığı və azad seçki haqqımı istifadə etmək istəyirəm."
Vanunu ərizəsində, İsrailin də onu vətəndaş kimi istəməməsi ilə birlikdə, özünün də İsrail vətəndaşlığını istəmədiyini; 1986-cı ildə bütün bildiklərini İngiltərə qəzetinə söylədiyini, gizli hər hansı bir başqa məlumata da sahib olmadığını vurğulayır.

Комментариев нет:

Отправить комментарий