09.05.2011

SSRİ-ni dağıdan serial

Mirmehdi Ağaoğlu     Azad Yazarlar Ocağı

Düz 20 il əvvəl 16 oktyabr tarixində SSRİ-nin mərkəzi televiziyası ilə ilk teleserial yayımlanmağa başladı – “Kəniz İzaura”.  Serialın verilməsinin SSRİ – nin dağıdılması ərəfəsinə taraz gəlməsi təsadüfi deyildi. Məqsəd xalqın diqqətini bir nöqtəyə - İzauranın taleyinə yönəltmək idi. SSRİ – nin  taleyinə qarşı isə laqeydlik lazım idi. Bu zaman SSRİ –  ni daha tez, əlavə əngəlsiz dağıtmaq olardı. Xalqı siyasi proseslərdən uzaq tutmaq üçün onların başını serial, idman, şou proqramlar, yarışlar və s. bu kimi vasitələrlə qatmaq siyasi idarəetmə üsullarındandır.
Braziliya yazıçısı Bernard Qimarainşanın eyni adlı romanının motivləri əsasında çəkilmiş Braziliya istehsalı bu telenovella Sovetlərdə yayımlanan ilk serial idi. İnsan dörd yaşından nə xatırlaya bilərsə mənim də yaddaşımda bu cür xatırlamalar qalıb o filmdən.  Mən daha çox “Mariana”nı, “Sadəcə Mariya”nı, “Santa – Barbara”nı (həddindən artıq urbanistik olduğu üçün bizim evdə dünyanın bu ən uzun serialını bəyənmirdilər), “Tropikankanın sirri” və digər Latın-Amerikan seriallarını xatırlayıram.
Şəhərə təzə köçən vaxtları qohumlarımızın hər gün müəyyən saatda tv qarşısına keçib “Marianna”ya baxdıqları bu günki kimi yadımdadır.
“Kar”ın qəhramanı KA müəyyən edir ki, intihar etmiş türbanlı qızlardan biri bu cəhdindən öncə səssizcə “Marianna” serialını izləyibmiş.
“Marianna”nın   baş qəhrəmanının xarici görkəmi  yaxşı yadımdadır. O vaxtlar Mariannanın təsviri olan təqvimlər bütün evlərdə var idi.
Buruq saçlı bu qız varlı bir ailənin evində qulluqçu işləyir, sonra özünün iradəsi, dönməzliyi, mətinliyi ilə sosial iyerarxiyada öz yerini tutur, kübar cəmiyyətə qoşulur, hamının hörmətini qazanır və s. Qısacası konyunkturanı öz iradəsinə tabe elətdirir.
“Kar”dakı intihar etmiş qizlar isə tipik şərq qadınlarıdırlar. Türban bağladıqları üçün universitetə buraxılmır, ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilirlər. Çıxış yolunu intiharda görürlər, islamda intihar böyük günah sayıldığı halda.
Pamuk Qarsın intihar etmiş qızları ilə Mariannanı müqayisə edərkən Şərqlə Qərbi, şərq qadını ilə qərb qadınını müqayisə etmək, birinin iradəsizliyini, dözümsüzlüyünü, digərinin iradəsini, dəyanətini göz önünə qoymaq istəyir. İntihar etmiş qızın adı bilirsizmi nə idi?! TƏSLİMƏ. Sözsüz diqqətli oxucu Pamukun bu adı təsadüfən seçmədiyini anlayır.
SSRİ-də isə intihar edən olmadı. Məncə “Kəniz İzaura” KQB məmurları tərəfindən incədən-incədən izlənilmiş, Sovet tamaşaçısına kapitalizmi, qərb həyatını maksimum həddə ifşa edəcək bir film təqdim edilmişdi. İkinci bir tərəfdən serialdakı hadisələrin bizim dövrümüzdə deyil 19-cu əsrin 2-ci yarısında cərəyan eləməsi tamaşaçıda qərb həyatına qarşı heç bir maraq oyatmır.
Ümumiyyətlə bütün Latın – Amerikan  serialları İzauradan doğulublar. Bütün qəhrəmanlar ya kölə, ya da qulluqçu olur. Sahibinin ərköyün oğluyla eşqbazlıq edir və sonra ya özləri, ya da ondan doğulmuş bic övladları varlanır, kübar cəmiyyətə daxil olurlar. Latın – Amerikan seriallarının ana xəttini bu mövzu təşkil edir.
Daha Latın – Amerikan serialları qabaqkı kimi xod getmir. İndi xalqımız türk seriallarına baxırlar. Sentimental türk seriallarına. Latın – Amerikan seriallarına ancaq qadınlar baxardılar, kişilərin serialdan xoşları gəlməzdi. Türk seriallarına isə məmə  deyəndən pəpə deyənə kimi hamı baxır. Hər gün eyni saatlarda xalqımız tv-lərinin qarşısına keçib elliklə seriala baxıb qəmlənirlər.

Комментариев нет:

Отправить комментарий