08.05.2011

«Jurnalistika – faktların dilini bilməkdir»



Açıq Cəmiyyən İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə keçirilən “Yazmağı öyrənirik” lahiyəsində yazar Elnur Astanbəylinin müsahibəsi:

«Jurnalistika – faktların dilini bilməkdir»
«Jurnalistika – faktların dilini bilməkdir» deyirlər. Amma bu o demək deyil ki, yazdığın və danışdığın dili yaxşı bilməsən də olar.
Əlbəttə, bu gün qəzetçilikdə dil qüsurları həlledici mövqedə dayanmır, əgər həqiqəti yazmaq imkanları məhduddursa, əgər doğruları yazmaq həbs, döyülmə, hətta qətl xofu yaradırsa, yaxşı və pis cümlə qurmaq heç bir əhəmiyyət danışmır.
Bununla belə, təbii ki, Azərbaycan jurnalistikasında yazı mədəniyyəti ilə bağlı problemləri görməzdən gəlmək olmaz. O hətta indiki reallıqda üçüncü, dördüncü dərəcəli problem olsa da…

***
Bəli, indi bizdə necə yazmaqdan çox, nə yazmaq önəmlidir. Dil baxımından, yazı texnikasına ustalıq baxımından qüsursuz məqalə və ya xəbər hazırlamaq mümkündür.
Amma o gerçəkliyi ifadə etmirsə, yalan üzərində qurulubsa, nəyə lazımdır o nöqtəsi, vergülü yerində, mübtədası, xəbəri yerində, dil baxımından qüsursuz məqalə, xəbər, reportaj?!

*** 
Ancaq təbii ki, indi məndən istənilən bu barədə mülahizələr söyləmək deyil. Mən xüsusilə jurnalistikaya yeni qədəm qoyanların yazı dilindəki nöqsanlarından danışmalıyam və bundan sonra elə bu haqda da danışacam.
Mənim Azərbaycanın xüsusilə gənc jurnalistlərində ilk müşahidə etdiyim orfoqrafiya və orfoepiya cəhətdən məlumatsızlığın bolluğudur.
İllərdir Azərbaycanda «məşhur» sözünün doğru yazılması problemi var və redaktoru olduğum qəzetlərdə çox nadir hallarda bu sözün «məhşur» kimi yazılmamasına şahid olmuşam.
Ya da «məhrum» sözü… Əksər hallarda onu «mərhum» kimi yazırlar. Və təkcə deyilişcə yox, həm də yazılışca çox bənzər olması onları hətta redaktor gözündən belə yayındıra bilir.
Gənc jurnalistlərə tövsiyəm: yazılış formasından şübhəli olduğunuz sözləri lüğət vasitəsi ilə dəqiqləşdirməkdən utanmayın. Bu həmin sözlərin səhv yazılmasından daha pis deyil.

***
Gənc jurnalistlərimizin daha bir əziyyət çəkdiyi ilk baxışda xırda görünən, amma redaktorların əlavə vaxtını alan daha bir ənənəvi yanlışlıq: ««Da» nə zaman bitişik, nə zaman ayrı yazılır?»
Bundan başqa, Azərbaycanda gənc jurnalistlər əvvəlinə şəkilçi qoşulan sözlərin yazılış formasından əziyyət çəkirlər.
Məsələn, «anti»… Antikorrupsiya, antixalq. Bunu defislə yazmaq onların sevimli vərdişi halına gəlib. Mən uzun illər bunu çalışdığım qəzetlərdə heç bir həmkarım üçün aydınlaşdıra bilmədim.
Hətta ən bəsit yolunu təklif etdim: madam tutaq ki, «antimilli» sözünü defislə yazırsan onda namərd sözünü də o cür yaz: yəni na-mərd!

***
Daha bir problematik məsələ «ki» bağlayıcısı ilə əlaqədardır. Bir çox hallarda bir cümlədə ən azı iki dəfə həmin bağlayıcıdan istifadə edilir, beləliklə, cümlənin intonasiya və informasiya  yükü azalır.
«Ki»dən bolluca istifadə məncə, daha çox söz ehtiyatının azlığı ilə bağlıdır. Məhdud söz ehtiyatı jurnalistə yazı zamanı manevr etmək imkanı vermir.
Ümumiyyətlə, geniş söz «baqaj»ına malik olmaq jurnalistin əsas üstünlüklərindən biridir, bunun üçün mütaliə çox vacibdir.
Söz ehtiyatı az olanların əlinə nəyi keçdi oxuması vacibdir. Belədə o özü də xəbəri olmadan leksikonunu zənginləşdirir.
***
Qəzetlərin yazı dili ilə bağlı daha bir problem heç bir məna ifadə etməyən «söz artıqları»na aludəçilikdir. Məsələn, «hal-hazırda» nə deməkdir?
Elə «hazırda» yazmaqla kifayətlənmək olmazmı? Ya da «ilk öncə»… Mən hətta bir dəfə hansısa qəzetin idman səhifəsində «ilk birinci yeri tutan» ifadəsinə rastlamışdım.
«Belə olan halda», «belə olacağı təqdirdə» kimi ifadələrlə uzunçuluq eləməyin mənası da yoxdur. «Bu halda», «belədə» yazıb da həm mətnin dilini yüngülləşdirmək, həm də onun tempini öldürməmək olar.
***
Daha bir problematik məsələ: tutaq ki, bir nəfərdən açıqlama alınır. Açıqlamanın həcmi cəmi üç min işarədir. Həmin üç min işarədə açıqlama alınan şəxsin adı az qala otuz dəfə təkrarlanır.
Halbuki başqa üsullardan istifadə etmək mümkündür. Nümunə kimi birini deyim. Deyək ki, Müsavat başqanı İsa Qəmbərdən açıqlama alınıb.
Axı dönə-dönə «İsa Qəmbər bildirib ki…», «İsa Qəmbər deyib ki…», «İsa Qəmbərin sözlərinə görə…», «İsa Qəmbərin fikrincə…» yazıb oxucunun qulağını yağır etməyin nə mənası var?
Olmazmı hər dəfə alternativ təqdimatlardan istifadə olunsun – «Müsavat başqanı», «partiya lideri», «həmsöhbətimiz» və s.
***
Bunlar ilk baxışda çox gərəksiz, kiçik, ötəri qüsurlar sayıla bilər. Amma unutmayaq ki, nöqsanlar da məsum canavar balası kimidir və bir gün böyüyüb ac qurda çevrilmək ehtimalı qaçılmazdır.

Комментариев нет:

Отправить комментарий