08.05.2011

Ətrafı da özü kimi Milli olan Məclis


Ramin Deko                    ramin.deko@gmail.com
AzTV-nin solunda, Fəxri Xiyabanın sağında, ANS-dən aşağıda, Şəhidlər Xiyabanından yuxarıda bir Milli Məclis yerləşir. Deyilənə görə, 125 deputat orada XALQı təmsil edir. 125 deputatın kürsüdə oturmağına şəkk-şübhə etmirəm, amma onların adicə bir fərdi belə təmsil etməsinə inanmağım gəlmir. Hətta deyilsə ki, o 125-indən biri öz ailəsinin orada nümayəndəsidir, yenə inanmaram. Ora seçilmiş 125-in hər biri yalnız özünü, daha doğrusu, gələcək karyerasını qurmaq və qorumaq üçün kreslolara yayxınıb. Olsun… Kimə nə dəxli var ki…
Guya 125 olsa nə olacaq, olmasa nə? Lap 125-in yerinə 521 olsun, yenə eyni şeydir. Çünki…
Çünki sitayiş edib tapındıqları ƏZƏMƏTLİ bina AzTV-nin solunda yerləşir. O AzTV ki insanların əlinin içə qədər bildikləri həqiqətlərin yalan olduğunu deyir. O AzTV ki mavi ekranına baxmadan, səsini eşitmədən belə gün ərzində tamaşaçı orada nə verilişlərin getdiyini bilir. O AzTV ki düzün əyri, əyrinin düz, qatığın qara olduğunu hamıya göstərir…
Adları millət vəkilləri olan kəslərin oturduğu bina Fəxri Xiyabanın sağında yerləşir. O Fəxri Xiyaban ki neçə-neçə insanların uyumaq istədiyi, layiq olduğu, amma Ona verilmədiyi ünvan…
Deputatların pənah apardığı əsrarəngiz bina ANS-dən aşağıda yerləşir. O ANS ki meydanlara çıxan insanlara “quduz” deyə müraciət edir. O ANS ki dəqiqliyi, vicdanlılığı, qərəzsizliyi ilə aləmə car çəkir, amma döyüş ALNINIZA yazılıb deyir, döyüş ALNIMIZA yazılıb deməyib məsuliyyətdən yan keçir.
125-in qürur mənbəyi olan bina Şəhidlər Xiyabanından yuxarıda yerləşir. O Şəhidlər Xiyabanı ki milli mücadiləmizin ilk simvolları orada uyuyur. O Şəhidlər Xiyabanı ki orada uyuyanlar, qanını və canını əsirgəməyənlər məbəd daşına çevrilib, amma Mİlli Məclisin 125-nin qəbul etdikləri qanun DAŞA belə təsir etmir.
Hə, bir də onu da qeyd edim ki, Milli Məclisin solunda MTN də yerləşir. Elə MTN-in də solunda Milli Məclisdir. Sanki bir-biriləri ilə harmoniya təşkil edirlər. Çox maraqlıdır deyilmi? Açması Milli Təhlükəsizlik Nazirliyi olan bu qurum DÖVLƏTin əsas atributu olan İNSANların təhlükəsizliyini yox, bir qrupun təhlükəsizliyini qoruyur. O MTN ki zirzəmilərində indi də, hələ bundan sonra neçə yüz illər sonra da İNSAN bağırıtsı kəsilməyəcək. O MTN ki orada qanunun şah deyil, şahın qanun olduğunu apaçıq hiss edirsən. O MTN ki hər bir şərlənmənin bariz nümunəsi ilə tanış olursan…
Milli Məclisin adından tutmuş yan yörəsində olan hər şeyin adında MİLLİlik var. AzTV – ilk milli televiziya. Fəxri Xiyaban – milli kimliyin ünvanı (kimliyindən asılı olmayaraq bütün şəxslər). ANS – ilk milli müstəqil media. Şəhidlər Xiyabanı – milli mücadiləmizin simvolu. MTN – Milli Təhükəsizlik Nazirliyi…
Əslində, Milli Məclisin belə olmasında günahı ətrafında axtarıram. Necə ki son illərin ən dəbdəbəli sözüdür – “Özü yaxşıdır, amma ətrafı pis”. Eləcə də Milli Məclisin…
Solunda AzTV, sağında MTN, yuxarısında ANS olan Milli Məclisin aşağısında Şəhidlər Xiyabanı olmalıdır. AzTV-si, MTN-i, ANS-i imkan verməz ki, Şəhidlər Xiyabanı YÜKSƏKDƏ dursun. Durmadığı üçün Milli Məclis də bu kökdədir…
Milli Məclis nə vaxta qədər YUXARIDA dursa, o vaxta qədər də millət AŞAĞIDA olacaq. Aşağının yuxarıya qalxması üçün ilk növbədə yuxarı aşağı enməlidir…
Milli Məclis həm də bir OCAQ başıdır, Millətin OCAQ başı. Amma ocağın odunu söndürmək, külünü üfürmək olmaz. Amma bizdə öncə OCAQ söndürülür, arxasınca külü üfürülür. Çünki hərənin mandatından əlavə bir gəlir yeri də var…
“Xural” qəzeti

Комментариев нет:

Отправить комментарий