10.05.2011

Kimi hansı siyahıya salmaq...


RÖVŞƏN HACIBƏYLİ


“Biz indiyə qədər görməmişik ki, ”Freedom House" təşkilatının bir nümayəndəsi hesabat yaymazdan əvvəl Mətbuat Şurasına gəlib öz iradlarını desin, MŞ üzvlərinin mövqeyini dinləsin və mətbuatın vəziyyəti ilə konkret faktlar əsasında tanış olsun. Əgər söhbət obyektivlikdən gedirsə, o zaman tənqid olunan və müstəqil tərəflərin də mövqeləri öyrənilməlidir". Bu sözləri qəzetlərdən birinə Bəxtiyar Sadıqov deyib.
Parlamentin son iclasında Zahid Oruc adlı deputat da buna bənzər söz deyib. O, ABŞ-a Bin Ladenə qarşı göstərdiyi qətiyyəti ermənilərə qarşı da sərgiləməyi tövsiyə edib. Azərbaycan torpaqlarını işğal edən, günahsız insanların qanını tökən terrorçuları öz siyahılarına salmalarını istəyib. Elə də pis mövqe deyil. Hətta vətənpərvər bir çıxış da saymaq olar bunu. Maraqlı olan bu adamların baş-ayaq danışmalarıdır. Onlar gah Qərbə nifrət edir, gah da Qərbdən kömək diləyirlər. Bu iki sitatda xeyli oxşar cəhətləri gördünüz.
Bəxtiyar Sadıqovun da təmsil olunduğu YAP hakimiyyətinin sözə, söz azadlığına münasibəti hər kəsə bəllidir. Bu hakimiyyətin lap başında dayananı beynəlxalq təşkilat “mətbuat yırtıcısı” adlandırıb. Sözə, söz azadlığına Mətbuat Şurasının münasibəti hakimiyyətin münasibətindən zərrə qədər fərqlənmir. Şuranın tərkibinə diqqət yetirmək yetərlidir. Hələ kimsə indiyə qədər bu şuradan fərqli münasibətin şahidi olmayıb. Məsələn, son aksiyada - aprelin 17-də Mətbuat Şurası açıqlama yaydı ki, mitinq zamanı jurnalistlərə qarşı heç bir zorakılıq olmayıb. Halbuki elə həmin gün Şahvələd Çobanoğlunu və məni bir şərəfsiz polis (da, bə) təpikləmişdi. Jurnalistlərin gözü qarşısında. Bu barədə xəbər də yayılmışdı. Amma bütün bunlar Mətbuat Şurasının diqqətindən yayınmışdı. Beynəlxalq təşkilatlar baxır axı. Sizlərdən fərqli olaraq xəbəri bir mənbədən almır...
Maraq üçünsə Zahid Orucun diqqətinə çatdırmaq istəyirəm ki, Ilham Əliyev Ağcabədidən o yana gedə bilmir. Zaman da göstərir ki, heç buna xüsusi marağı da yoxdur. Düzdür, işlərin çoxluğu da diqqətdən yayınmamalıdır. Son səfərində 68 km-lik yolun 15 km-nin açılışını edib. Yol tam hazır olana qədər təkcə bu bölgəyə bir neçə dəfə səfər etmək gərəkdir. Qarabağa çatanadək o qədər bərbad, təmirini, çəkilişini gözləyən yollar var ki...
Serj Sərkisyan isə Şuşanın işğalının 18-ci ildönümündə iştirak etmək üçün Xankəndindədir. O, Azərbaycan torpağına qələbəni bayram etmək üçün gəlib. Sərbəst şəkildə. “Analoqu olmayan” inkişaf edən, “regionun lider dövləti” olan Azərbaycana. Ilham Əliyevi Mərkəzi Aran bölgəsinə və Ağcabədiyə səfərində müşayiət edən mühafizənin heç ondan biri yox idi onun ətrafında. Hanı sizin qüdrətiniz. Hanı Ermənistanın dövlət büdcəsindən də artıq orduya ayrılan pullar? Sərkisyandan fərqli olaraq Ilham Əliyev “zəhmətkeşlərlə” yalançı görüş keçirib tez-tələsik Bakıya qayıdacaq. Sərkisyan Şuşanın alınmasını bayram elədiyi çağlarda Ilham Əliyev də atasının ad gününü bayram edəcək. Şuşanın, Laçının işğalı günlərində təmtəraqlı, atəşfəşanlı qondarma Gül bayramı şənliyi keçirəcək. Sizdən fərqli olaraq dünya belə şeylərə qiymət verməyi bacarır...
Kimi hansı siyahıya salmaq üçün Qərb məsləhətə hələ ehtiyac duymur. Azərbaycanın adı bütün siyahılarda birincilər sırasındadır, daha nə istəyirsiniz?!
"Azadlıq" qəzeti

Комментариев нет:

Отправить комментарий