08.05.2011

MÜXALİFƏTSİZ MİTİNQLƏR

Elşad PAŞASOY



Hakimiyyət elə bilir ki, mitinqlərin qarşısını almaqla ölkədəki etiraz ocaqlarını söndürə biləcək. Son günlər qəzetlərdə Bakı meriyasının qarşısında keçirilən aksiyalarla bağlı yazıları oxudunuzmu? Bakı meriyasının qarşısı və aksiya şüarlarına diqqət etdinizmi? Bilməyənlərin nəzərinə çatdıraq ki, aksiyaçılar “GEN” MMC-nin aldatdığı, ev-eşiksiz qoyduğu vətəndaşlar olub. Bu insanlar illərdir ki, idarələrin qapısını döyür, ancaq xeyri yoxdur. Artıq bıçaq sümüyə dirənib deyirlər. İqtidardakılar da məsələnin fərqində olduqları üçün başına oyunlar açılan vətəndaşlarla ehtiyatlı davranır. Necə ki, Bakı meri Hacıbala Abutalıbov onları qəbul etməyə vadar olub. Nəinki qəbul edib, hətta vəd də verib ki, onlara Yasamalda yeni ev tikiləcək.
Qəzetdə maraqlı bir məqam var. Polis 10 nəfərin merin qəbuluna gəlməsini təklif etsə də, aksiya iştirakçıları razılaşmayıb və İstiqlaliyyət küçəsini bağlayıblar. Belə olduqda mer bütün aksiyaçılarla görüşə vadar olub. Necədir? Merin tapşırığından sonra Nəsimi rayonunun icra başçısı da şikayətçiləri qəbul edib və vəd verib. Şikayətçilər şərti şumda kəsiblər ki, vədlər reallaşmasa, aksiyalar davamlı olacaq.
Bu, bir göstəricidir. Vətəndaşların israrı öz işini görüb. Bundan bir gün əvvəl isə “MUR-AY” şirkətinin aldatdığı insanlar Prezident Administrasiyasının qarşısında aksiya keçirmişdilər. Ondan qabaq Qış Bulvarından köçürülənlər yığışıb Bakı meriyasının qarşısına getmişdilər. Bütün bunlar hakimiyyətə ciddi xəbərdarlıqdır. Elə ötən həftə amerikalı politoloq Brenda Şaffer əbəs yerə “Mən kütlədən ehtiyat edirəm” deməmişdi ki.
Əslində iqtidar da bunu bilir. İndi bir anlığa təsəvvür edin ki, İctimai Palata PA-nın, yaxud Bakı meriyasının qarşısına aksiya təyin edəydi. Yəqin ki, indi bir çoxları dövlət çevrilişinə cəhddə ittiham olunurdu. Heç Az.TV də “GEN” MMC və “MUR-AY”ın aldatdığı sakinlərin aksiyasına qarşı “zəhmətkeş” toplantılarını efirə vermir. Heç kimsə aldadılmışları xarici qüvvələrlə bağlamağa da çalışmır.
Bu mənada bəlkə də İctimai Palatada mitinq müzakirələrini dayandırmaq, mətbuata çıxan söz atışmalarını saxlamaq daha yaxşı olardı. İqtidar demirmi ki, xalq mitinq istəmir? Demirmi ki, vətəndaşlar müxalifətin ardınca getmir, onları dəstəkləmir? Qoy olsun. Əlahəzrət fakt ortadadır. Təkcə iki gün ərzində PA və Bakı meriyasının qarşısındakı aksiyalar xalqın hakimiyyətdən nə qədər “razı” olduğunu ortaya qoydu.
Özü də müxalifət aksiyalara başlayandan bəri bölgələrdəki xalq etirazları da səngimişdi. Mitinq qərarı verilməyən həftələrdə Salyan, Sabirabad, Saatlı, Astara rayonlarında bir neçə aksiyalar oldu, yollar kəsildi, icra başçıları camaatın görüşünə gəldi, vədlər verildi. Bundan əvvəl elə Bakıda az qala hər gün məmur özbaşınalığı, su, qaz, yol problemi ilə bağlı aksiyalar keçirilir, evləri dağıdılan sakinlər yol bağlayırdılar.
Ancaq İctimai Palatanın mitinq təyin etdiyi həftələrində lokal aksiyalar səngiyib. Sanki müxalifətin mitinqləri xalqda bir arxayınçılıq yaradır. Son aylarda su borclarının ləğvi, rayonlara prezident səviyyəsində səfərlər, maaş və pensiyaların artırılacağı ilə bağlı vədlər də elə müxalifətin ayaqda olmasının nəticəsidir. Ancaq imkan vermək lazımdır ki, xalq da öz sözünü desin. Necə ki, deyir.
Əslində İctimai Palata təkcə müxalifətə lazım deyil. Hakimiyyət İctimai Palatanın timsalında müxalifətin yetkin bir qurumunun mövcudluğunda özü maraqlı olmalıdır. Bu qurum ən azı xalq etirazlarını koordinasiyalı şəkildə təşkil edir, meydan üçün müraciətlər edir, hətta hakimiyyətlə danışıqlar aparmaq üçün məktublar göndərir. Amma qəfildən ölkədə elə proseslər baş verə, elə qüvvələr ortaya çıxa bilər ki, hakimiyyət müxalifətdən dəstək istəyə bilər.
Müsavat başqanı İsa Qəmbər Hacıbala Abutalıbova məktub yazdı ki, mitinqlərə məqbul yer ayrılması məsələsində razılığa gəlinməsi üçün İctimai Palatanın Koordinasiya Şurasının nümayəndələri ilə danışıqlar aparılsın. Merdən səs çıxmadı. YAP rəhbərliyi dedi danışığa ehtiyac yoxdur.
Proseslər isə onu göstərir ki, ehtiyac var! Narazıların lokal aksiyaları da bunu diktə edir. Müxalifətin taym-aut götürdüyü bu günlərdə görünən budur ki, xalqla hakimiyyət üz-üzədir. Hələ ki, Bakı meriyası səviyyəsində. Dəstək beləmi olur?

Комментариев нет:

Отправить комментарий