08.05.2011

SƏBƏBSİZ BAYRAM

Murad KOHNƏQALA



Metronun “Nərimanov” stansiyası tərəfdə olan parkda olmuş olarsınız. Parkın ortasında yekə bir hovuz var. Hovuzun içi əyri-üyrü kabel, dəmir-dümürlə doludu. Hovuz o qədər yersiz nəhəngdi ki, parkın ortasını tam zəbt eləyib. Əslində bu heç hovuza da oxşamır, çünki dünənə qədər onun içində su görməmişdim. Bu, parkın ortasına səvərmiş bir quyuya oxşayır.
Srağagün metrodan çıxıb bir az parkda oturmaq istəyirdim. Çıxan kimi gördüm burda bir vur-hay var gəl görəsən. Hər yan əlvan şarlar və bayraqlarla bəzədilib. Ortada bir dənə səhnə quraşdırıblar, camaat yığışıb səhnəyə tərəf boylanır. Ağız deyəni qulaq eşitmir. Hər yanda polis qaynaşır. Mən də yaxına gəldim. Nə görsəm yaxşıdı? Hovuzu ortasına qədər su ilə doldurublar. Fikirləşdim, görəsən bu gün ayın neçəsidi. Mayın 5-di. Görəsən bu nə bayramıdı belə? Adətən bizdə müxtəlif qurtuluşlar üzrə bayramlar olur, bu hansıdı görəsən?!
Yaxınlaşıb bir ağsaqqaldan soruşdum, nə bayramıdı belə. Ağsaqqal əvvəlcə kepkasını çıxarıb başını qaşıdı, sonra əlini cibinə salıb qasığını qaşıdı, gözlərini yumuşdurub qaşlarını bir neçə dəfə atıb-tutdu və çiynini çəkdi. O, cavab verənə qədər mənimki mənə dəydi. Öz adət ayinlərini yerinə yetirəndən sonra dedi, yəqin faşistləri qırdığımız gündü. Baxdım ki, bu kişinin dünyadan xəbəri yoxdu. Bir polisə yaxınlaşdım. Ağzımı açıb soruşmaq istəyirdim ki, bu nə bayramdı, polis mənə tərs-tərs baxıb “aralaş ə, burdan” dedi. Polisin zəhmi basdığından tez yanından aralaşdım.
Gördüm, bir qadın uşağın əlindən tutub səhnə tərəfə baxır. Səhnədə bir oğlan, bir qız aparıcı rolunu oynayırlar. Oğlan başladı ki, bu gözəl bayram günündə, bu gözəl işıqlı yurdumuzda sizin kimi gözəl insanlarla gözəl bir bayram keçirəcəyik. Bu gözəl bayram günündə, bu gözəl şarların yanında, bu gözəl hovuzun kənarında sizlərlə möhtəşəm bir bayram keçirməyə gəlmişik. Sonra xanım aparıcı başladı ki, bu gözəl bayram gününü bizə bəxş edən gözəl Nərimanov rayon icra başçısıdır. Biz bu gün bu gözəl bayram gününə Nərimanov rayon icra başçısının gözəl tövsiyəsi ilə yığışmışıq. İndi gözəl sizlərin alqış sədaları altında bu gözəl səhnədən bir gözəl müğənnimiz bir gözəl musiqi səsləndirəcək. Gözəl bir alqış gəlsin!
Ətrafda bir-iki ağlıkəsməz uşaq sevinib əl çaldı. Səhnəyə bir oğlan çıxdı. Çıxan kimi vətənpərvərlik mövzusunda bir mahnı ətrafa yayıldı. Mahnının sözləri təxminən belə idi: Azərbaycan, mənim ana yurdum! Sən məni öz qoynunda bəsləmisən. Çörəyindən yeyib suyundan içmişik. Mən sənin uğrunda ölmək istəyirəm. Hər yan yaşıllıqdır. Kəpənəklər qonar güllərə. Ana vətən, boy atıram qoynunda. Ey cənnət yurdum, ey ana vətən, getdikcə çiçəklən...
Gənc anadan soruşdum, xanım, bağışlayın, bu nə bayramdı. Qadın çönüb mənə baxdı və başladı, nə başladı! Utanmırsan, görmürsən uşaqnanam? Uşaqnanamsa, deməli ərim var! Əri olan qadına nə sataşırsan? Ayıb deyil? Canına azzzar bayramıdı! Mənim bayramlıq halım var? İşsiz adamam, hələ evdə sənin kimi bir alkaş da saxlayıram. Uşağa uşaqpulu vermirlər. Nə bilim nə bayramıdı? Gördüm çalırlar, mən də gəldim. Bayram! Yox bir, ayran! Kopayoğlu, sən öl, səni bu polisin birinə tutduraram, gedərsən çala-çala! Bunun mənə girişməyinə bax, “xanım, bağışlayın”. Bu dəqiqə mənə 5 manat verməsən, polisə deyəcəm mənə sataşırdı. Uşaq səhərdən acdı, gedib bir dönər alım.
Cibimdə bir on manatlıq vardı, çıxarıb dedim, xırdam yoxdu. Dedi, sən burda uşağın yanında dur, mən indi xırdaladıb gətirərəm. Bir azdan əlində iki dənə beşlik gəldi. Beşliyin birini özümə qaytardı. Sonra da üzümə baxıb “get, bir də belə qələtlər eləmə” dedi. Mən sevinmiş oradan aralandım. Hansısa qadın müğənnisinin musiqi sədaları altında yolu keçib çayxanaya döndərdikləri sovet dövrünün kinoteatrına gəldim. Müğənninin səsi aləmi götürmüşdü. Sevgidən oxuyurdu. Sözləri təxminən beləydi ki, sən niyə gəlmədin, mən gecələr səni gözləyirəm. Qəlbim səninlə döyünür. Vüsal dəminə çata bilmirəm. Gözlərimdə sənin əksin qalıb. Sənsizləmişəm, harda qalmısan!
Çayçı çayı qarşıma qoyanda soruşdum, əmoğlu, bəlkə sən biləsən, bu nə bayramdı. Dedi mən də bilmirəm, amma bir variantım var: ola bilsin, İngiltərə şahzadəsinin bal ayına başlamasına görə şadlıq edirik...

Комментариев нет:

Отправить комментарий