10.05.2011

Oliqarxlar Mehdiyevə qarşı İlham Əliyevlə ittifaq bağladılar

  «Korrupsiyaya qarşı mübarizə» bitdi
            Ən yuxarı səviyyədə «Bu kampaniyanı durdurun!» göstərişi gəldi
Azərbaycanda sosial-siyasi etirazların ilk dalğasından ehtiyatlanan və ərəb inqilablarının nəticəsindən qorxan Azərbaycan hökuməti “islahatlara başladıq” şəklində istəyinin olduğunu göstərməyə cəhd etmişdi. Oxucularımız Novruz öncəsi yumurtanın qiymətinin aşağı salınması üçün şəxsən prezidentin göstəriş verdiyini yaxşı xatırlayırlar. Xalq arasında bu islahata “yumurta islahatı” adı verilmişdi. Müxalifət siyasi təzyiqləri artırdıqca hökumət də özünün “islahat” addımlarının genişləndiyi barədə təbliğat kampaniyasını genişləndirməkdə idi. Xırda rüşvət və xidmət sahələrində daha çox “çaypulu” olaraq adlanan görsənişləri “korrupsiya” kimi təqdim edən hökumət, hətta bir neçə əhəmiyyətsiz vəzifə daşıyan adamlara qarşı cinayət işləri də qaldırmağa başlamışdı. Amma son günlər aşkar şəkildə hiss olunur ki, hətta bu yalançı təbliğat da məhdudlaşdırılır. Tamamilə mümkündür ki, bu yaxınlarda ən iri kürsülərdən, ola bilsin, hətta prezident səviyyəsində bəyanat səsləndirilsin ki, “Azərbaycanda daha korrupsiya yoxdur”.
Əhaliyə “korrupsiyaya qarşı mübarizə” kimi təqdim edilən bu saxta kampaniyanın detalları haqqında ilginc məlumatlar daxil olub. Hakimiyyət daxilindəki mənbə əməkdaşımızla söhbətində etiraf edib ki, ərəb inqilabları dalğası və Azərbaycanda müxalifətin siyasi islahatlar tələbilə fəal hərəkata başlaması hakimiyyət daxilində həm ciddi narahatlıq yaradıb, həm də ciddi çatların olduğunu ortaya çıxarıb: “Korrupsiyaya qarşı mübarizə elə bir şüar idi ki, adamlara ”yumurta islahatı"ndan fərqli və daha aydın hiss olunan islahatlar təqdim etmək lazım gəlirdi. Artıq hökumətin korrupsiyaya qarşı mübarizə təbliğatı ictimai rəydə ironiya və nifrətlə qarşılanır və hakimiyyət daxilində də hər kəs bunu bilir. Hamı onu da bilir ki, adamlar korrupsiyanın harada olduğunu saxta təbliğatçılardan daha yaxşı bilir. Amma korrupsiya ilə həqiqi mübarizə aparılsaydı, hakimiyyətin əsas dayaqları olan oliqarxların mənafeləri toqquşardı. Hətta hakim ailənin özünün qüdrəti də birbaşa korrupsiyaya bağlıdır. Buna görə də, korrupsiya ilə həqiqi mübarizə planı, əslində, əvvəldən olmayıb. Ikincisi, belə bir mübarizə planının mövcudluğu barədə, hətta yalançı təbliğat kampaniyasının aparılması da çox böyük ictimai narazılıq mənbələri yaradır. Məhz bu səbəbdən, bu təbliğat kampaniyasını sürətlə sona çatdırmaq, onu məsələn, müharibə və sair vətənpərvərlik mövzuları ilə əvəz etmək tapşırılıb".
Bu, korrupsiya şousunun bir məqamıdır. Bu şou ilə bağlı başqa təfərrüatlar da var. Belə ki, hakimiyyət daxilindəki qruplaşmalar “korrupsiya ilə mübarizə” kampaniyasından bir-birini bitirmək üçün istifadə etməyə cəhd göstəriblər. “Azadlıq”a daxil olan başqa bir məlumatda bildirilir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bu kampaniyanın gedişində adı korrupsiyada daha çox hallanan rəqiblərini zəiflətmək və onları özündən asılı vəziyyətə salmaq üçün antikorrupsiya təbliğatının hələ uzun müddət aparılmasında maraqlı olub. Amma oliqarxlar Ilham Əliyevi inandıra biliblər ki, bu kampaniyanın genişləndirilməsi və uzun müddət davam etməsi son nəticədə hakimiyyətə qarşı kütləvi çıxışları intensivləşdirə və hakimiyyətin əsaslarını sarsıda bilər.
Beləliklə, “yumurta islahatı” ilə başlanan saxta antikorrupsiya tədbirlərinə rəsmən son qoyuldu. Bu kampaniya yalnız ən aşağı məmur korpusunun və xidmət personalının büdcəsinə ziyan vurdu. Məsələn, tibb bacılarının. Orta və iri korrupsiya əməliyyatları isə bu kampaniyanın heç, hədəfinə də yaxın gəlmədi.
"Azadlıq" qəzeti

Комментариев нет:

Отправить комментарий