16.05.2011

POLİSDƏ İŞGƏNCƏ EDİLƏN VƏTƏNDAŞIN AYAĞINI DA QIRIBLAR

"Zabitin mənimlə işi olmasa da, digər iki sıravi polis məni vəhşicəsinə döydülər"



Mayın 13-də  Naxçıvan Şəhər 1 Saylı Polis Bölməsinin 3 nəfər əməkdaşı Naxçıvan şəhər sakini Əsədov Vilayət Musa oğlunu bölməyə gətiriblər.  Polislər onun qolunu qandallayaraq özündən gedənə qədər döyüblər. Nəticədə vətəndaş ciddi bədən  xəsarətləri alıb və sol ayağı qırılıb, ayaqlarının damarları partlayıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu haqda məlumtı RATİ-nin Naxçıvandakı müxbirlərinə polislər tərəfindən döyülən vətəndaşın qardaşı Əsədov Ədalət Musa oğlu bildirib.
RATİ-nin Naxçıvandakı müxbirləri zərərçəkmişin evində olaraq hadisə ilə ətraflı maraqlanıblar.
“Axşam saatlarında taksinin arxasına 5 yeşik araq qoymuşdum. Biri zabit olmaqla 3 polis nəfəri mənə yaxınlaşdı. Onlar maşında nə olduğunu soruşdular. Mən onlara bildirdim ki, araqdır Şərura qardaşıma göndərəcəyəm. Qanunsuz olduğunu bildirib sənəd istədilər. Sonra pul söhbəti oldu. Qolumu buraraq arxada qandalladılar və 1 saylı bölməyə gətirdilər. Zabitin mənimlə işi olmasa da digər iki sıravi polis məni vəhşicəsinə döydülər”, - deyə  V.Əsədov müxbirlərə danışıb.
Zərərçəkmiş deyib ki, zərbələrdən huşunu itirib. Vəziyyətinin ağırlığını görən polislər onu xəstəxanaya aparıblar. Xəstəxanada o müayinədən keçirilib. Sol ayağı qırıldığı üçün gipsə salınıb. Həkimin təqdim etdiyi sənədləri də   polislər götürüb. Sonra onu evlərinə gətiriblər.
Qeyd edək ki, hadisə baş verən 1 saylı Naxçıvan Şəhər Bölməsinin  rəisi Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı V. Səfərovun qardaşı Vüsal Səfərovdur. Bu səbəbdən adı çəkilən bölmədə bu cür hadisələrin baş verməsi haqda xəbərlər tez-tez eşidilir.
Məsələyə münasibət öyrənmək üçün müxbirlərimiz polis bölməsində olublar. Bölmənin rəisi  V. Səfərovla görüşmək istədiklərini bildiriblər. Özünü rəisin  müavini  kimi təqdim edən polis mayoru rəisin yerində olmadığını, amma  suallarının cavablandırılacağını bildirib. Təxminən 1 saat ərzində Polis Bölməsində gözləyən jurnalistlərin suallarını isə cavablandıran olmayıb.






Комментариев нет:

Отправить комментарий