26.05.2011

Sabir Rüstəmxanlı: “AD GÜNÜM” – Şeirlər

Xalq Şairi Sabir Rüstəmxanlının son illərdə qələmə aldığı şeirlər

Bəlkə min il yaşlı, on min il yaşlı
Sirli bir mahnının ardınca bu gün.
Dağlara gəlmişəm yalqız, kimsəsiz
Öz doğum günümü qutlamaq üçün!

Ürək oxuyanın işləri müşkül,
Gözlərdə göz alan dərinlik qalmır.
Onsuz da seyrəlir dost məclisləri,
Sözlərdə əvvəlki şirinlik qalmır.

Tənha zirvələrlə verim baş-başa,
Məni onlar atdı burdan həyata.
Görüm ucaların halı necədi,
Dözə bilirlərmi bu gedişata!..

Adımı köksünə həkk eləmişdim,
Bilmirəm ağrısı dərindədirmi?
Salam çinar qardaş, nəğməm darıxır,
Sənin mahnıların yerindədirmi?

Əgər yerindəsə bir ağız oxu
Ya da sağlıq söylə köklər eşqinə,
Sən də badəyə dön, ay əlçim bulud
Qaldırım başıma göylər eşqinə!

O göl qədəhini qaldır, qoca dağ,
Nuş elə, lap nəfəs kəsəsi olsun.
Mən ömrüm uzunu səni öymüşəm,
Sən də bir ağız de, əvəzi olsun!

Bu meşə, bu çəmən, bu bulaq, bu yol,
Köhnə dostlərımdı məclisimdə cəm.
Şəhərin səhəri ayıltdı məni
Şəkər bulaqlardan keflənəcəyəm!

Elə sehir var ki, bu ucalıqda
Ürəyi dəyişir, vaxtı çaşdırır.
Dağlar ad günümə hədiyyə kimi
Ruhumu yenidən cavanlaşdırır.

SON SALAMIM

Bircə sənəti var – insan alveri
Əritdi ömrümü zaman mum kimi.
Dağlar üyüdüldü bu dəyirmanda –
Dəni una döndü, daşı qum kimi.

Bilmirəm doğmadı, bilmirəm yaddı,
Ömrümü sınaqdan sınağa atdı,
Ən uzun yolları beş-altı addım,
Ən uzun sevgisi – bir udum kimi.

Nə ev istəyirəm, nə də ki hörgü,
Onsuz da bitəcək bu qısa sürgün
Ölüm xəbərimi eşitsən bir gün
Onu qəbul elə salamım kimi!

SƏN DƏ SÖNDÜR İŞIĞI

Ayrılarkən yurdumdan
Seyrək ulduzlar kimi
Sayrışırdı fikrimdə
Beş-on insanın adı.

Beş-on dostumun üzü –
Zülməti yaran işıq,
Ömür boyu onlardan
Güc alıb yaşamışıq.

Bir də ki xatirələr...
Nə solan, nə qocalan.
Ruhsuzlar dünyasında
Ruhum kimi ucalan!

Yurduma çöküb zülmət,
Yalan, riya, nadanlıq
«Bəlkə geri dönməyim!» -
Düşünürəm bir anlıq.

Yoruldum bu savaşdan,
Daha çağlamır qanım
Sən də söndür işığı
Qalmasın çağıranım!..

DOĞRU

Gün günə, ay aya calanıb gedir
Fəsillər dırmaşır ilimə doğru
Zirvəni bir gündə fəth eləyir qış
Sonra hücum çəkir telimə doğru.

Necə çiçəkləyək üstümüz qardı
Necə qanad çalaq bu qəfəs dardı.
Bütün xoşbəxtliklər yaşananlardı
Qalanlar hamısı zülümə doğru.

Əl açıb yalvaraq ötən çağlara
Gücümüz çatmaz ayrılıqlara
Payız sarılığı çəkmiş bağlara
Xəzan sürünür gülümə doğru.

Soyuq yuvasında üşüyən sərçəm
……. Sevgilim, ocağım, bircəm
Yenə də uzandı bu sənsiz gecəm
Yenə də bir addım ölümə doğru.

* * *
Məsum təbəssümlə yanaşdın mənə.
Rəsmi salamlaşma.. adi iş idi.
Mən də qonaqlardan biriydim sanki,
Nəzakət xətrinə bir görüş idi.

Nəyi gizlədəcək ancaq pərdələr
Sinəni gizlicə dağıdır ürək.
Mənə sarılmaqdan qorxaraq sanki
Ərinin qolundan tutmuşdun bərk-bərk.

Bəlkə yanılıram soyuyub hər şey
Yanında dayanan sənə əzizdi.
Onsuz da xatirə sahil qumudu
Yuyulur, insanlar hafisəsizdi.

Görünür belədir Allahın hökmü
Ayrılıq dönməsin əbədi yasa.
Necə yaşayardı insan dünyada
Vurulan yaralar tez sağalmasa.

«Sənsiz yaşamaram!» deyərdin mənə,
Dodağın qopmurdu dodaqlarımdan.
O şirin sözlərin quş olub uçmuş
O eşq vulkanını soyutmuş zaman.

Bəlkə doğrudan da heç yaşamırsan
Alışmaz bu ocaq min yol üfləsən
Bəlkə minillərin ardından gələn
Gözəl mumiyasan ortada gəzən.

BİTSİN

Yandır, şəhid qanı, bu daşı yandır!
Bu daşa çevrilən qardaşı yandır!
Ya tamam yox elə, ya da oyandır,
Bu uzun cəhalət uyğusu bitsin,
Bitsin, bu millətin qorxusu bitsin!

Ümmandan nə qaldı sahilə? Heç nə!
Biz elə əriyən, biz elə heç nə,
Heç nə dəyişməyib min ilə, heç nə.
Harayım, üsyanım, tufanım bitsin,
Bitsin, bu riyakar zamanım, bitsin!

Ölülər düzəni dirilər əymiş,
Mini canlıdırsa minbiri keymiş,
Köləlik sərkərdə mundiri keymiş,
Bu cahil, bu satqın, bu quldur bitsin.
Bundansa yox olmaq qəbuldur, bitsin!

Bu millət dilini biləni sevmir
Dərdini çəkəni, böləni sevmir!
Yolunda baş qoyub öləni sevmir.
Bu bilim, bu tarix, bu yazı bitsin.
Yurdu sevənlərin cəzası bitsin!

Комментариев нет:

Отправить комментарий