BU SU KEÇƏN YOLDA QALXAN NƏ TOZDU
Həsrətin qarışmış iki rəngiyik,
gəl sənnən ayrılaq, uzaqlaşaq, heyy?
Mən gedim dolanım Qara torpağı,
Sən dola boynuna kəfəni Ağ, heyy?
Bu su keçən yoldan qalxan nə tozdu–
uçan yağışların səfini pozdu?!
Olanım sən idin, səni uduzdum,
bəs nədən oynayaq sənnən, uşaq heyy?
Qalx ağ bayraq kimi, qalx uca sancıl...
başımız üstəki balınca sancıl...
Dur gəl köksümdəki qılınca sancıl
ki, sənnən son dəfə qucaqlaşaq heyy...
HƏLƏ BAŞINDAN TÜK ÇIXIR
Boyun çıxacaq, ay uşaq
uzanıb baxdığın yerə...
Hələ başından tük çıxır
boyunun çıxdığı yerə.
Tanrı bizləri şəkk salmır,
istəyirik düşək, salmır...
Dünya yorğan–döşək salmır
adamı yıxdığı yerə
Qəbrimi gen qazdırarsan,
məni orda azdırarsan.
Ana, məni basdırarsan
boyumu soxduğun yerə.
ARDIM O ÜZDƏDİ, BALA
Məndə ondan özgəsi yox,
o tək özgə də yox mənə.
Yatan mən yuxu görürəm
neçə ildi oyaq mənə...
Oxudun qurtardın məni,
nə çaşmısan, nədi, bala?!..
çevir torpağı o üzə,
ardım o üzdədi, bala.
Dünya mənim tək fikirli,
Sənin tək məzədi, uşaq,
Gəl, mənim yaramnan oyna,
bu yara təzədi uşaq.
Комментариев нет:
Отправить комментарий