08.05.2011

TƏRTƏR POLİSİNİN İKİ ƏMƏKDAŞI QƏTLDƏ SUÇLANIR

Şahlar Abdullayev: “Nizami Əliyevlə Telman Camalov qardaşımı öldürüblər”



Tərtər rayon sakini Şahlar Abdullayev şikayət məktubu ilə redaksiyamıza müraciət edib. Ş.Abdullayev iddia edib ki, qardaşı Ülfət Abdullayev ötən il iyulun 25-də Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları olan Nizami Əliyev və Telman Camalov tərəfindən öldürülüb.
Şikayətçi baş vermiş hadisəni belə nəql etdi: “Qardaşım Ülfət Abdullayevin həyat yoldaşı ilə polis əməkdaşı Nizami Əliyev arasında münasibət olub. Ülfət bundan xəbər tutandan sonra mübahisələr yaranıb, dava-dalaş düşüb. Yoldaşının polislərlə əlaqəsindən sonra yenə dava, mübahisələr bir müddət davam edib. Sonra bu məsələnin bitməsi üçün ailəsini götürüb Bakıda yaşamağa gəldi. Nizami Əliyev və Telman Camalov adlı polislər günün birində qardaşımı axtarışda olan cinayətkar kimi Bakıdan Tərtərə aparırlar. Halbuki onun üçün nə bildiriş, nə çağırış vərəqi gəlib. Polis əməkdaşları qardaşımı maşınla Tərtərə aparanda sükanı Nizami Əliyev idarə edib. Əvvəlcə Ülfətin əllərini qandallayıb, döyüblər. Sonra görüblər ki, artıq can verir. Bu zaman Hacıqabul rayonu, Muğanlı yolunda maşını qəsdən irəlidən gələn ”QAZ-24" markalı maşına vurublar. Necə olur ki, sükan arxasında olan Nizami Əliyev və qabaqda oturan Telman Camalov cüzi xəsarət alır, amma arxada olan qardaşım ölür?! İddia edirik ki, Nizami Əliyev məhz o qadına görə qardaşımı öldürüb".
Ş.Abdullayev dedi ki, hadisənin şahidi olmuş Hacıqabul sakinləri həmin polislərin mülki geyimdə olduqlarını görüblər: “Nizami və Telman bizə zəng edib dedilər ki, yol qəzasına düşmüşük, qardaşın ölüb. Hadisə baş verən əraziyə gəldik, xəstəxanada Nizami məni görcək dedi ki, Allah məni qorudu. Sakinlərdən öyrəndik ki, polislər mülki geyimdə olublar. Meyiti videolentə almışıq, baxan deyir Ülfəti döyüblər. Meyitdəki yaralar, göyərtilər də bunu deməyə əsas verir. Ancaq bizə nə ölüm şəhadətnaməsi, nə də tibbi ekspertiza rəy verib. İşə baxan Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin istintaq-təhqiqat müstəntiqi Mahmud Maqsudova onun paltarını təqdim etdim. Amma ekspertizaya verilmədi. Sonra iş Hacıqabul rayon prokurorluğuna göndərildi. Ancaq prokurorluqda istintaqa heç nə əlavə olunmadı və iş Hacıqabul məhkəməsinə verildi”.
Şikayətçinin sözlərinə görə, hadisədən sonra Tərtər rayon polisi və rayon prokurorluğu Ülfət Abdullayev barədə heç bir cinayət-axtarış tədbiri olmadığı açıqlayıb: “Rayona qayıtdıq, mərhumu dəfn etdik. Bizə hər iki orqandan bildirildi ki, qardaşımla bağlı heç bir sanksiya olmayıb. Sadəcə ondan şirinlik almağa çağırıblar. Amma bu nə şirinlikdir, məlum deyil. Bizə heç bir kağız, sənəd göstərilmədi. Nizami Əliyev mənə yüksək məbləğdə pul təklif etdi, mərhumun qəbrinin götürülməsi işini üzərinə götürəcəyini söylədi. Təbii ki, qəbul etmədim. Qardaşımın qanı ilə alver etmirəm”.
Ş.Abdullayev bu işin aidiyyəti orqanlar tərəfindən obyektiv araşdırılmamasından narazılıq etdi: “Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinə, Baş Prokurorluğa müraciət etmişik. Bütün orqanlardan eyni cavab verilib ki, hadisə ilə bağlı 263.2 maddəsi ilə cinayət işi başlanıb. Hazırda işə Hacıqabul Rayon Məhkəməsində hakim Malik Qarayev baxır. Vəsatət qaldırmışıq ki, iş başqa rayon məhkəməsinə göndərilsin. Ancaq vəsatətimiz təmin olunmayıb. Qəzetiniz vasitəsi ilə prezident İlham Əliyevdən və daxili işlər naziri Ramil Usubovdan kömək istəyirəm”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxladıq. E.Zahidov bildirdi ki, vətəndaş istintaqdan narazıdırsa Baş Prokurorluğa və məhkəməyə müraciət edə bilər.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov qeyd etdi ki, vətəndaşın şikayəti ilə tanış olub: “Vətəndaş özü də şikayətində qeyd edir ki, Baş Prokurorluğa dəfələrlə müraciət edib. Onun müraciətlərinə müvafiq cavab verilib. Əgər müraciətlərə baxılmasaydı onda vətəndaş haqlı ola bilərdi. Hazırda iş məhkəmədədir. Onların hüququ var ki, məhkəmənin qərarından şikayət etsin və yaxud işə başqa məhkəmədə baxılması üçün vəsatət versin”.
Yazıda adları çəkilən bütün tərəfləri dinləməyə və mövqeyini çap etməyə hazırıq.

E.SALAMOĞLU            musavat.com

Комментариев нет:

Отправить комментарий