12.06.2011

“Molla Nəsrəddin“ə toxunmayın!!!


Zemfira Ələsgərova
Sanki artıq Azərbaycanda nə danışılacaq bir mövzu qalmış, nə də tənqid ediləcək bir çatışmazlıq. Guya, hər tərəf güllük-gülüstanlıq, dərd yox, sər yox... Sözümü son günlər “Molla Nəsrəddin” jurnalı ətrafında açılan müzakirəyə gətirmək istəyirəm...
Mən Almaniyada yaşayıram, amma hər gün milli mətbuatımızı əlbəttə ki, izləyirəm. Və bir keçmiş jurnalist olaraq ölkəmdə “Molla Nəsrəddin“ jurnalının, onun yaradıcısı olan millət fədaisi Cəlil Məmmədquluzadənin tənqid edildiyini oxuduğumda qolum- qanadım qırıldı, bir xalq olaraq özümüzə yazığım gəldi. „Heç olmasa „Molla Nəsrəddin“ə toxunmayın“  deyə, bağırmaq istədim.
Əlbəttə ki, hər kəsi və hər şeyi tənqid etmək olar. Məncə buna hər şeydən çox bizim ehtiyacımız var. Amma mümkünsə, ölülərdən çox, diriləri tənqid edək. Diriləri tənqid edək ki, bəlkə  ölkəmizdə bir şeylər dəyişsin, bəlkə bir- iki addım irəliyə gedə bilək.
Neçə illər öncə dövlət kitabxanasında „Molla Nəsrəddin“ jurnalının orijinal nüsxələrini oxumaq şansım olmuşdu. Köhnə ərəb əlifbasını bilməm bu işdə mənə çox kömək etmişdi. O zamanlar jurnalı oxuduğumda yüz il əvvəl yazılanların bu günümüzdə belə aktual olmasına heyrət etmişdim. İndi 2011-ci ildə yaşayırıq, texnoloji tərəqqinin zirvəsindəyik, amma inanin ki, „Molla Nəsrəddin“in yazdıqlarının böyük əksəriyyəti hələ də aktualdır. Avtomobil də minirik, „Eurovizion“da mahnı da söyləyirik və hətta qalib də oluruq, amma içimizdəki cahillikdən yaxamızı qurtara bilmirik.
Hörmetli Rəbiyyət Aslanova savadlı bir filosofdur, amma „Molla Nəsrəddin“ haqqında tənqidi fikirlər dilə gətirməsi heç yerinə düşmədi… Milli Məclisin İnsan hüquqları komissiyasının sədri olaraq onun danışmaga o qədər mövzusu var ki... Bunları bir tərəfə buraxıb „Molla Nəsrəddin“i mövzu etməsi qəribədir.
Mən demokratiyanın məbədində - Avropada yaşayıram. Demokratik dövlətçiliyin başqa bir modeli düşünülə bilməz. Burası demokratiyanın məbədidir. Amma inanın ki, sabah birisi qalxıb Almaniyada yüz illər öncə yaşayıb - yaratmış, çalışmış, alman xalqına xidmət etmiş ziyalını ittiham etməyə, tənqidə cəsarət etsə, xalq düşməni elan edilər. Demokratiya hər istədiyini danişmaq demək deyil.
„Molla Nəsrəddin“ bizim milli sərvətimizdir. Dövlətimiz, bayrağımız qədər müqəddəsdir. Onu necə səhv etməkdə, „XX əsrin əvvəllərində Azərbaycan üçün çox böyük işlər görmüş ziyalılardan niyə bir cümlə də yazmayıb“ deyə birtərəflilikdə  günahlandırasınız...
Hər halda „Molla Nəsrəddin“in bir satira jurnali olduğu unudulur. „Molla Nəsrəddin“ xalqı qəflət yuxusundan oyandırmaq, maarifləndirmək, adam etmək istəyirdi. Azərbaycan üçün böyük işlər görən insanlar zatən bunu təriflənmək, önlərində baş əyilməsi üçün eləmirdilər - ən azından o dövrdə beləydi. Bu günün „xalqsevərləri“ bir fağıra beş kilo düyü, üç kilo un  götürdüyündə əvvəlcədən bütün media organlarına xəbər verir. O dövrlərin ziyalılarının buna ehtiyacı yox idi. Onların hədəfi gerçəkdən xalqın istiqlaliyyəti idi...
Mənə ağır gələn budurki, əcnəbilər baskəsənlərini, quldurlarını xalq qəhrəmanı elan edir (məsələn ermənilərin Andranik kimi), bizsə milli dəyərlərimizə dırnaqarası yanaşırıq.
Məncə Rəbiyyət Aslanova qaşınmayan yerdən qan çıxarıb. Çox qaba misal olsa da, məncə bu yerdə „Molla Nəsrəddin“ keçi can hayında, qəssab piy axtarır dəyərdi...
P.S. Kamil Həmzəoğluna da salamlarımı göndərirəm. Heç dəyişməmiş.

Комментариев нет:

Отправить комментарий