25.06.2011

Dilqəm Əhməd, yeni şeirlər

Bacarmadım…

 

İsa olmağı bacarmadım
Əzablardan çarmıx düzəldib
Saçlarını mismar edib
Gücsüz bədənimi asmağa…
Göz yaşlarını qanıma hopdurub
Son kərə çörəyə batırıb…
Elə çarmıx süfrəsində
Hayqıraraq qorxmadığımı
Allahların göndərdiyi qarğaların
Gözlərimi çıxartmasını
Sülək köpəklərin çarmıxdan sonra
Bədənimə daraşacağını
Gözə alammadım…
Bacarmadım İsa olmağı
Bir üzümə sillə dəydiyində
Səbr edib, sabaha ümidlə baxmağı
Bir gün oxşadığım saçlarının
İuda kimi xəyanət edəcəyini
Başqasının çıynində dalğalanacağını
Bildiyim halda…bacarmadım…
Çarmıx süfrəsində bir sənin saçların
Bir də mənim qanım olmalıydı…
Bacarmadın İsa olmağı…

Ölüm gəlir

Yumulur qoca rahibin gözləri
Bir ömür ibadət etdiyi yerdə, indi can verir.
Qarşısında illərdir diziüstə durduğu heykəl
Hare-hare deyə səsləndiyi heykəl
İndi uzadacaqmı ona əl…Bir anlıq dikəlir rahib
Yalvarırcasına baxır heykələ
Bilirdi ki, bir gün ölüm gələcək
Amma o an gəlməyənə qədər
Necə asan olur, dünyanın faniliyindən
Həyatın ötəriliyindən danışmaq.
İndi gerçəklə qarşı-qarşıyadır
Dayanıb ölüm şah damarından da yaxın..
Rahibin gözlərində yaşlar axın-axın..
İllərdir sevgiylə baxdığı heykələ
Indi nifrətlə baxır…
Xilas etmir onu heykəl…
Son nəfəsini toplayır rahib
Sürünərək yüyürür heykələ doğru:
-Allahmısan, yoxsa ömrümü çalan oğru?
Fəda etdim hər günümü sənə
İndi ölümə doğru yüyürərkən
Soyuq məzarda çürüyərkən
Sən yenə öz daşlığında, məğrurluğunda
qalacaqmısan?
Yox!!! Qoca daş, artıq anladım…
Bir ömür həyatımı itirdiyimi
Yalanlarla həyatımı bitirdiyimi.
Daha kimsəni aldada bilməyəcəksən”
Son gücünü toplayır rahib…
Heykəl lərzəylə yerə sürüklənir
Rahibin gözlərindən yaşlar ələnir…
Ölüm gəlir…

Комментариев нет:

Отправить комментарий