25.04.2012

Koroğlu utanırdı...

Arzu Abdulla

Bizi öz keçmişimizdən uzaqlaşdırırlar. Gələcəyin qapısında bizi kimlərin qarşılayacağı və nələrin gözlədiyi bəllidir. Çünki keçmişmizi topa tutduq. Gələcək bizə yaxşı nə vəd edə bilər ki? Bir qrup üzdəniraq bizi inandırmağa çalışır ki, BİZ heç kimik. BİZ heç nə bacarmarıq.
Müəllifini dəqiq xatırlamadığım aforizmdə isə tam başqa hikmət var: “O xalqların gələcəyi yoxdur ki, onların keçmişdə güclü tarixi olub və bu gün ancaq keçmişi qurdalamaqla məşğul olduqlarından gələcək haqqında düşünmürlər”. Bizim tariximiz olub. Amma olub-qalan tarixmiz zaman adlı arabanın təkərlərinə ilişib yol boyu düyün düşmüş və qarışmış kələfə bənzəyir. Gəlin, kələfin ucunu tapaq!
Koroğlunun heykəlini görmüsüz də. Bizə çox yaxındır. Hərdən bu heykəlin ətrafında fırlanıb babamla söhbət edirəm. Ona vətəndaş cəmiyyətindəki problemlərdən şikayətlənirəm. O, yazıq da qılıncını yuxarı qaldırıb, baxışlarını aşağı dikib susur. Çox fikirlidi babam.
Hələ də özünə bağışlaya bilmir Keçəl Həmzəyə aldanmağını.
O gün Günellə Koroğlunun heykəlinin yanından keçəndə mənə dedi gəl, Koroğlunun şəklini çəkək. Heykələ yaxınlaşanda gördük ki, bir dəstə gənc bir az kənarda dayanıb heykələ baxıb gülməkdən qırılırlar. Bu gənclərin hamısı qırmızı ayaqqabı, mavi şalvar, geyinib, qırmızı kəmər taxmışdı. Boyunlarında da sep vardı. Koroğlu babamız utandığından baxışlarını yerə dikmişdi. Qırmızı ayaqqabılı, mavi şalvarlı oğlanlar isə Qıratın Koroğludan balaca olmasına gülürdülər. Deyirəm, belələrini mindirəsən atın belinə, ata da bir qamçı vurasan. Bilirsiz də bu qırmızıkəmərlilərin priçoskası nə hala düşər.
Hərdən Koroğlu babama deyirəm ki, ay baba, sən nə yaxşı bu dövürdə yaşamamısan. Bir kisə düyünü, bir öküzü bir naharına aşırırdın. Səhərə qonşuluqdakı marketə nisyə ərzağa gedərdin. Ayın axırında borcların haqqında məlumat verən satıcı sənə elə bir məbləğ deyərdi ki, Çənlibelə qədər qaçardın. İndi neylərdin. Bir aya kasıblayardın. Sonra da acından ölərdin. Elə bilirsən sənə kimsə çörək verəcəkdi? Qətiyyən. O boyda Zeynalabdin Tağıyevin qızını bu millət acından öldürmədi? Səni də acından öldürərdilər. Sənin Qıratına qırmızı kəmərli, saçı ukladkalı oğlanlar, şortikli, silikonlu qızlar o qədər gülərdilər ki. Sən heç bu şəhərin tıxaclarına iki gün tab gətirə bilməzdin. Səni anlamazdılar əziz babam. Sazını sinənə basıb nəsə demək istəyəndə isə üstünə çımxırıb “Telli Borçalı səndən yaxşı oxuyur” deyərdilər. Gör nə günə qalardın. Yerigəlmişkən,  səni ancaq yaşlı nəsil tanıyardı. Çünki azyaşlılar səni tanımırlar. Hər dəfə heykəli görən uşaqlar “mama, bu Şrekdir” deyə analarından soruşurlar. Baba, sən Şirekə bənzədildiyinə dözə bilməzdin. Bu cəmiyyət çox dəyişib. Ötən gün qapımızda, elə qonşuların gözünün önündə qonşu qızını sevglisi iki yumruğa “nokauta” saldı. Heç kəs də cınqırını çıxarmadı ki öz işləridir, qoca Osandığ qarı isə “bu könül işidi, heç kim qarışmasın” dedi. Başqa vaxtı Osandıq qarının üstünə çımxıranlar bu dəfə ağbirçəyə “qulaq asdılar”.
İndi təsəvvür edirəm, baba, sən burda olsaydın bir dəli nərə çəkərdin ki, yer-göy lərzəyə gələrdi. Baba, sənin nəvələrin çox cılızlaşdı, çox. Özlərini Rihannaya, Elton Cona oxşadırlar.  
İndi priçoskasını kremləyən gədələr, gecəyarı sənin zəhləni töküb avtoşluq edirlər. Guya ki, bərkgedəndilər. Gecəyarı Bakının küçələrini “Ələsgəəər” çığırtısı başına götürür. Söhbət saz çalıb, söz qoşan Aşıq Ələsgərdən getmir. Birdən bu “Ələsgəər” aşiqlərindən birinin qarşısını kəsib “Niyə məhz “Ələsgəər”?” sualını versəniz özləri də çaş-baş qalacaqlar. Bu gədələrin başları hələ “niyə?” sualına cavab verəsi səviyyədə inkişaf etməyib. Yazıqlar manqurtdurlar, manqurt. Onları manqurt eləyənlərə lənət!

“Gündəlik Teleqraf” qəzeti                    arzuabdulla@inbox.ru       

2 комментария:

  1. Tahir Məmmədov26.04.2012, 08:28

    Arzu xanım, xalqımızı qova qova namərd edən bu iqtidar, qəhrəman keçmişimizə də, sataşıb qulp qoşaraq cılızlaşdırmaqla, yeni nəslin mənəviyyatını pozurlar. O heykəli ilk dəfə görəndə mən şoka düşdüm. Tüfəngin ortaya çıxmağı ilə,namərdlər dövrünün gəldiyini deyən Koroğlu, bu gün onun cizgi filmi personajına bənzəyən heykəlini ucaltdığına görə,iqtidarda oturan neçə paşanın başını üzərdi!!! Hələ mən Qıratı demirəm, Koroğluya döyüşlərdə dəstək verən iri gövdəli at,nə görkəmdədir? Misri qılınc da az qala bizim polisin müxalifətin mitinqini dağıdan polislərin dəyənəyinə oxşayır.Çox heyf...Allah bizləri bu sınaqlardan şərəflə çıxarsın...

    ОтветитьУдалить