16.04.2012

QOLTUQ


Zaur Qəriboğlu

Yaxşı yadımdadı, o vaxt Parisin mər­kə­zin­də­ki mağazaların birindəydim. Nə üstü­mə otu­ranım, nə də dərd-sərim vardı.
Xoş­­bəxt günlərimi yaşayırdım. Arada eşi­dir­­dim ki, qiymətim çox baha olduğundan ya­xın duranım yoxdu.
Bir də xəbər tutdum ki, təyyarənin ba­qa­jın­dayam. Hansısa ölkənin məmur­larından biri mə­ni alıb.
İlk dəfə azca da olsa, sevindim ki, nəhayət, məni də alan oldu.

Amma sonra sahibimin nə qədər qayğıma qalıb-qalmayacağını düşünüb, kədərləndim.  Mə­ni  gətirib, təmtəraqlı bir otağa saldılar.
Otaqda, masanın arxasında yaşlı, ayaqları qırıq-qırıq olan qardaşımı görəndə, özümün qo­calığımı təsəvvür edib, bir az kövrəldim.
Qar­daşımı kimsə, əlindən tutub, dəhlizə  vızıl­datdı. Məni isə səliqəylə sürüyüb, onun yerinə qoydular.
Elə həmin an anladım ki, deyəsən, sahibim çox böyük adamdı. Elə bu yerdə dərd məni al­dı ki, hər üstümdə oturanda qabırğalarımı xırt-xəşil edəcək.
Az sonra üzərimdə sakit, arıq, dalının sü­mük­ləri hiss edilən bir adamın oturduğunu hiss edib, sakitləşdim.
Sonradan eşitdim ki, ayaqları qırılmış qar­daşımın sahibi keçmiş məmur imiş. Mənim sa­hi­bim isə bu vəzifəyə yeni təyin olunub.
İllər ötdükcə, bu mədəni insan getdikcə ko­budlaşır, kobudlaşamaqla yanaşı həm də ətlə­şir­di.
Hər dəfə əsəbləşib, yumruğuyla əlimə vu­rub, yerimdən o yan-bu yana sürüt­ləməsiylə, bədənimi cırıldadır, düşüncələrimdə yanıl­dı­ğı­mı anladırdı mənə. Sən demə, bunların hamısı belə olurmuş.
Yeni vəzifəyə təyin olunduqda çox sakit, mülayim və arıq. O, ki, gəldi vəzifəyə, aman Allah, üzünü mürdəşir görsün!..
Mənim sahibim də belə olmuşdu. Hər dəfə gəlib, bu neçə ildə ətdəşən, yekələn dalını üs­tü­mə qoyduqca, qabırğalarım qıjıldayır: – Səni burda oturdanın atabaatasına lənət olsun, – deyib, qarğıyırdım bu hazır yeyib, dalını yekəl­dən sahibimi.
Təbii ki, o, adam dilindən başqa bir dil bil­mədiyi üçün dediklərimi anlamırdı. Anla­saydı, əminəm ki, başımı əkərdi.
Çünki, bir neçə dəfə söhbətlərindən kim­lə­rin­­sə onlara əks olduğu üçün cibinə nəsə at­dı­rıb, içəri saldırdığının şahidi olmuşdum.
Həm də bildiyim qədəriylə, bu adama və bunun kimi illərdir öz millətinin sərvətini talayan məmurlara batan yoxdu.
Nə istəyirlər, onu da edirlər. Dediklərinə görə, bunlar mafiyadır. Düzü, bu “mafiya” sö­zü­­nün nə olduğunu anlamıram.
Yə­qin, nədirsə, yaxşı bir şey deyil. Çünki, arada həmin bu “mafiya”nın elə bu otaqda ic­lasları keçirilir. Sahibim kimi yekə dallar otaq­da məndən başqa neçə zavallı bacı-qar­daşı­mın da canını acıdırlar.
Bunu onların əzabla inildəyən səslərindən duyuram.
Həmin bu “mafiya” üzvlərinin də bir sözü var ki, hər zaman ayrı-ayrı səslərdən eşidi­rəm:
– “Biz kəsdiyimiz başa sorğu-sual yox­du.” Və ya hansısa əlaltılarını otağa çağırıb, “Get, onu aradan götür, basdırıb, üstündən də və­zəri ək! ” – deyirlər.
İndi deyəcəksiniz ki, gör, necə nankordur ki, öz sahibinin gizlisini aşkar edir. Gərək, bir yaxşısını da deyim.
Deməli, bu adamı ancaq bir dəfə mülayim gö­­rürəm. Telefon zəng çalır, dərhal da yekə da­lını üstümdən qaldırıb, ayaq üstə durur: – Ol­­du, baş üstə, problem deyil, oldu, – deyərək, de­­­yəsən, özündən vəzifədə böyük olan kim­in­lə­sə danışır və bir neçə dəqiqə ayaq üstə durur.
Amma telefonu qoyandan sonra dalını üstümə elə qoyur ki, az qala xürt-xəşil olum.
Hələ danışıb qurtarandan sonra bu ba­ğır­sağı qurumuşun dalının havasını demi­rəm. Səsi qulağımı batırır, zəhrimara qalmış iyi də ki, nəfəsimi...
Başa düşə bilmirəm. Bu adam, bu boyda vəzifəni illərlə iki əlli yapışıb, qoruyub, saxlaya bilir, amma bir dalına qahmar çıxa bilmir. Bü­tün günü... Nə isə...
Neçə ildir, susuram, daha bəsdi. Görürəm, bu dalı yekəni üstümdən qaldıran olmayacaq. On­suz da qocalmışam.
Ayaqlarım tir-tir əsir. Bu dəfə demişəm, üs­tümə oturan kimi özümü boşaldıb, ayaq­la­rı­mı qırıb, bunun dalını özüm yerə vuraca­ğam.
Bəlkə, onda mən də, bunun ağalıq elədiyi millət də bu zalımdan qurtuldu.

Комментариев нет:

Отправить комментарий