20.04.2012

QIFILBƏND, QƏZƏL, BİR DƏ SEVGİ ŞEİRİ

Bəxtiyar Hidayət

Bir hikmət görmüşəm, yıxdığı dinməz
Özü yıxdığının dinər yerinə
Üç ayağı üstə bir atı vardır
Ömründə minmədi yəhər yerinə

Şair deyil, sətir-sətir yolu var
Ayağının altda düşən dili var
Üzükdən keçəsi incə beli var
Di gəl xamud taxar kəmər yerinə

Bir zərbəyə neçə baş-bədən üzür
Səhrada dalğalar düzəldib üzür
Mələkdi, gəzəndə çiyində gəzir
Hayıfdı, düşməsin şəhər yerinə

Dilinə döyməsən döyməz döşünə
Dilinnən asılar qalsa boşuna
Zəhminnən bənzəyir gözəl qaşına
Di gəl iştah verər kədər yerinə

Yoxdu Bəxtiyarın fəsadı, fəndi
Rastına çıxsa da təsadüfəndi
Hər kim aça bilsə bu qıfılbəndi
Ona söz verərəm nəmər yerinə

HECALI QƏZƏL

Sən gülüm gözəllərdən gözəlliyinlə uzaqlaş
Sənə çatmasa əlim, ayağımdan asıla daş

Atsam ömrün daşını, baş daşı əvəz verilər
Atsam eşqin daşını, düşər mənim başıma daş

Gözüyün yaşı mənim gözümün yaşıdı bəlkə
Axı bulaq küsəndə dəyişir yerini bir baş

Ağacı məftil kəsən kimi keçib dərd içimə
Indi o mənnən azad olammır çatdadsa da baş

Qarşı naqillər üstə qonmuş göyərçinlərik biz
Öpüşsək kül olarıq, qoyarıq çox gözləri yaş

Qaşların hər birisi bir qara ilandı ki var
Baxsam birdən öldürür baxmayanda yavaş-yavaş

Eşqdə Bəxtiyaram öz yolum öz hünərim var
Dəyişərdim adımı, olsaydım Məcnunla adaş

TƏZƏDƏN QAYITMA O MƏHƏBBƏTƏ

Daha yoxuşların belini qırmaz
Şil kimi bir şeydi o məhəbbət ki
əmanət qoyulub qiyməti ölən
Pul kimi bir şeydi o məhəbbət ki
Təzədən qatıtma o məhəbbətə

Zirvədən aşağı düşən bir daşın
Səsi qayıtsa da özü qayıtmaz
Gözümdən düşmüsən göz yaşı kimi
Göz yaşı təzədən gözə qayıtmaz
Təzədən qayıtma o məhəbbətə

Qayıtma, qayıtma, qayıt bu yoldan
Hansı hiss çıxarıb səni bu yola
Şeir yazmırsan ki zəif çıxanda
Təzədən üstünə qayıtmaq ola
Təzədən qayıtma o məhəbbətə

Комментариев нет:

Отправить комментарий